Modern.az

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərləri Bakıda görüşüb

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərləri Bakıda görüşüb

Aktual

17 May 2018, 19:03

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin görüşü keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, əvvəlcə nümayəndə heyətləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov qonaqlara bu görüşün əhəmiyyətindən danışıb. O, belə görüşlərin hərbi təhsil müəssisələrinin zabit-müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə, eləcə də hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əlaqələrin genişləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.

 

Bu görüşün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi, briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru, polkovnik Zaza Caparidze vurğulayıblar ki, belə tədbirlərin keçirilməsi hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcək.

 

Tərəflər gələcəkdə də bu cür görüşlərin davamlı olmasını, daha geniş formatda keçirilməsini arzulayıb, hər zaman qardaş dövlətlərin müsbət təcrübələrindən öyrənməyə, onlarla birgə işləməyə hazır olduqlarını və bundan böyük qürur hissi keçirdiklərini ifadə ediblər.

 

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin və Gürcüstan Milli Müdafiə Akademiyasının yaranma tarixi, onların keçdikləri inkişaf mərhələləri, təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunub.

 

Qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin trenajor zalında, siniflərdə və zirehli texnika anbarında olub, təhsil ocağındakı tədris prosesi ilə yaxından maraqlanıblar.

 

Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir