Modern.az

Azərbaycan dili fərdlər arasında birlik yaradır – I YAZI

Azərbaycan dili fərdlər arasında birlik yaradır – I YAZI

18 May 2018, 10:34

Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor


Dilin ən böyük möcüzələrindən biri onun millətin hər bir fərdi arasında birlik yaratması, fərdləri bir-birinə bağlamasıdır. Dünyada elə bir güc yoxdur ki, o, dil qədər insanları bir-birinə bağlasın. Məhz dil vasitəsilə insanlar bir-birini anlayır, sevir, bir-birinə bağlanır və bir-birinə yardımçı olur. Ən böyük orduları da ordu şəklinə gətirən vasitələrdən biri dildir. Ən böyük zəfərləri də zəfər halına salan vasitələrdən biri dildir. Ona görə də ordunun güclü olması, zəfərlərin sayının çox olması üçün dilin imkanlarından düzgün istifadə etməklə yanaşı, onun imkanlarının genişlənməsinə də bir borc kimi yanaşmaq lazımdır. Dilin imkanlarından düzgün istifadə kütləni inandırmaq, uğurun və zəfərin təməlini qoymaq deməkdir. Odur ki, Oğuz xanın “Bu dənizlər, bu irmaqlar bizə yetməz! Daha dəniz, daha irmaq istəyirik! Yurdumuzu elə böyüdəyin ki, göy qübbəsi ona çadır, günəş də bayraq olsun!” fikrini dilə də şamil etmək olar. Belə ki, dilin mövcud imkanlarına qane olmadan onun yeni-yeni imkanlarını yaratmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün ilk növbədə sözlərə, kəlmələrə can verməyi bacarmalıyıq. Adi daşa usta, mərmərə heykəltəraş can verdiyi kimi, sözlərə və kəlmələrə də ondan istifadə edən hər bir kəs, o cümlədən şairlər, yazıçılar, söz adamları həyat verməyi bacarmalıdırlar. Hər bir kəs sözləri və kəlmələri hamının zövqünü oxşayacaq şəkildə işlətməyi özlərinə müqəddəs bir borc hesab etməlidir.

Sözlər və kəlmələr birdən-birə bu məzmunda, bu formada, bu mənada yaranmamışdır. Onlara uzun zaman ərzində insanlar ruh, can vermişlər. Buna sözləri, kəlmələri işlətməklə nail olmuşlar. Sözlər, kəlmələr işlənə-işlənə cilalanmış, hamarlanmış və bir sənət abidəsinə çevrilərək dövrümüzə gəlib çıxmışdır. Təbii ki, sözlərin, kəlmələrin abidələşməsində ən böyük memar şairlər, yazıçılar olmuşdur. Onlar sözlərin, kəlmələrin heykəlini yaratmışlar desək, yanılmarıq. Həm də onlar sözlərə, kəlmələrə elə düzgün, yerində və məqamında nəfəs, ruh, can vermişlər ki, bununla dilin özünü heç bir şeylə müqayisəyə gəlməyən sənətə çevirmişlər. Bu mənada dil bir möcüzə olmaqla sənətdir, daha doğrusu, sənət əsəridir. Ancaq dilin müqayisəyə gəlməyən və müqayisə olunmayan sənət əsəri olduğunu dildən istifadə edənlərin – yazanların, danışanların hamısı başa düşürmü? Hər bir kəs öz istək və arzusunu dilin imkanları əsasında reallaşdıra bilsə də, dilin imkanlarına söykənmədən nə etmək olar? sualı barədə çox az-az hallarda düşünür.

Ancaq şairlər və yazıçılar sözə ruh, can, qan verməyə daha çox müvəffəq olurlar. Onlar adi bir sözü, kəlməni, ifadəni elə hərəkətə gətirir, yerində və məqamında işlədirlər ki, nəinki həmin sözün, həm də onun ətrafında fikrin, ideyanın birləşməsinə nail olurlar. Nəticədə fikir, ideya, sözlər, ifadələr və kəlmələr əsasında daha tez qarşı tərəfə, oxucuya, dinləyiciyə çatdırılır. Məsələn, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə fars mənşəli nərdivan sözünü hər bir azərbaycanlı oxucuya elə doğmalaşdırıbdır ki, onun “Nərdivan” şeirini oxuyanda nərdivan sözünün də bu sözün ətrafında şairin hissinin, duyğusunun, ürək çırpıntılarının da vurğunu olursan. Hiss edirsən ki, Xalq şairi Nəriman Həsənzadə nərdivan sözünü öz fikrini, hissini, duyğusunu oxucuya çatdırmaq məqsədilə çox dürüst, düzgün, gözəl seçmiş və işlətmişdir. Sözə ruh, dirilik, can və qan vermək budur. Şeirə diqqət yetirək:

Bu dünya nərdivandı,

Qalxanda mehribandı,

Enəndə nə yamandı...

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

O qalxırdı bu dəmdə,

Mən enirdim xəbərsiz.

Onu arzularına

Qaldırırdı nərdivan,

Məni xatirələrə

Endirirdi

Bu zaman.

Birimiz günçıxana,

Birimiz günbatana...

Qalxa bilməzdim daha,

Nə o güc, nə o taqət.

O da enə bilməzdi,

Haqlı, haqsız vermişdi,

Öz hökmünü təbiət,

Gərək ya düşməyəydi

Bu görüş heç araya.

Ya o əvvəl gələydi,

Ya mən sonra dünyaya...

Sözlər nərdivan pilləkənləri kimidir. Nərdivan pilləkənlərinin sayı nə qədər çox olarsa, bir o qədər yuxarıya, ucalara qalxmaq olar. Bu mənada dildə sözlər nə qədər çox olarsa, bir o qədər fikri hərtərəfli ifadə etmək, qarşı tərəfə çatdırmaq və dilin zənginliyini üzə çıxarmaq olar. Odur ki, söz adlı nərdivanın hər bir pilləkənindən yerində, məqamında istifadə etmək lazımdır. Azərbaycan dilində söz adlı nərdivanın pilləkənləri, yəni sözləri azərbaycanlılaşmışdır. Ərəb, fars, monqol və s. dillərdən keçmiş sözlər söz adlı nərdivanda, onun pilləkənlərində hər birimizin başa düşdüyümüz Azərbaycan sözlərinə çevrilmişdir. O kəslərin nitqi hamının xoşuna gəlir ki, onlar söz adlı nərdivandan, onun pilləkənlərindən düzgün istifadə edirlər. Nərdivan ucalmağa, yüksəlməyə xidmət etdiyi kimi, söz adlı nərdivan da ondan düzgün istifadə edənlərin ucalmasına, yüksəlməsinə xidmət edir. Fars dilindən alınmış nərdivan sözünün ərəb dilində adı “mirac”dır. Nihad Sami Banarlı yazır: “... bu kəlmə məsəlmançılıqdan sonra daha çox “Həzrəti Məhəmmədin Tanrıya yüksəlişi” mənasında işlənilmiş, bu mənada müqəddəsləşmiş, belə məşhur olmuşdur. Mirac və nərdivan yaxınlığının çox gözəl bir nöqtəsi isə (xatirimdə qaldığına görə) Keçecizade Fuad Paşaya istiqamətlənən bir sözdür: Hərçənd bir diplomatlar məclisində qatı bir xristian diplomatı Paşadan sormuş:

–       Sizin peyğəmbərinizin Allaha yüksəldiyi doğrudurmu?

–       Bəli, yüksəldiyi yerdir.

–       Bəs hansı nərdivanla?

–     Çox sadə yüksəlmişdir, sizin peyğəmbəriniz Həzrəti İsanın göyə çıxarkən istifadə etdiyi nərdivanla”. Bu mənada söz adlı nərdivanla daha müqəddəs mərtəbələrə ucalmaq, yüksəlmək mümkündür. Bu pilləkəndə hər bir sözün öz işlənmə yeri, ardıcıllığı və sistemi vardır. Ardıcıllığı və sistemi pozmadan bir-birinə bağlanan söz pillələri Azərbaycan dilinin sərvətinə çevrilir. Yenə də bu sərvətin ucalığını və yüksəkliyini anladanlar içərisində şairlər, yazıçılar daha arifdirlər. Ariflər hissləri, duyğuları, fikirləri qəlibləşmiş ifadələrlə, qəlibləşmiş sözlərlə ucalara, yüksəkliklərə qaldırmışlar. Ucalara, yüksəkliklərə qaldırılmış hisslər, duyğular, fikirlər yenə də söz adlı nərdivanın pillələri əsasında başa düşülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin “Minnətdaram mən” şeirində olduğu kimi:

Yenə səsin gəldi, qulaqlarıma,

Həyata, dünyaya minnətdaram mən.

Sən ordan pıçılda eşidim səni,

Özgəsi çağırsa ona karam mən.

 

Sən açdın bir qəlbin məhəbbətini,

Mən duydum bir qəlbin səadətini.

Sənsiz hər sözünü, hər söhbətini,

Sənsiz hər ədanı xatırlaram mən.

 

Bu geniş dünyada öz aləmim var,

Sənlə sevincim var, sənsiz qəmim var.

Dünyada qazancım bir qələmim var,

Sənin xidmətində daim varam mən.

Buna söz adlı nərdivandan, söz adlı nərdivanın pilləkənlərindən abidə, heykəl yaratmaq demək olar. Söz adlı heykəl, abidə bütün komponentlərinə görə Azərbaycan dilinə borcludur. Buna həm də Azərbaycan dilinin sirri, möcüzəsi demək mümkündür. Söz adlı nərdivandan və onun pilləkənlərindən abidə, heykəl yaradanlar az olmamışdır. Onların hər biri bunu Azərbaycan dilinin sirri, möcüzəsi əsasında etməyi bacarmışlar. Bu mənada İzzəddin Həsənoğlunun “Ayırdı könlümü bir xoş qəmər yüz, canfəza dilbər” qəzəli, Yunus İmrənin “İçəri”, “Mənə səni gərək, səni”, “Gəl dosta gedəlim, könül”, “Biz dünyadan gedər olduq” və s. şeirləri, Şah İsmayıl Xətainin “Qızıl gül, bağü bustanım, nə dersən?” qəzəli və digər qəzəlləri, “Bu gün ələ almaz oldum mən sazım” qoşması və digər qoşmaları, o cümlədən gəraylıları, bayatıları, “Dəhnamə”si, Məhəmməd Füzulinin “Məni candan usandırdı, cəfadan yar usanmazmı?”, “Söz” qəzəlləri və digərləri, “Leyli və Məcnun” poeması, Hüseyn Cavidin “Mənim tanrım...”, “Könlüm” şeirləri və digərləri, o cümlədən poemaları, bütün yaradıcılığı, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun, Rəsul Rzanın, Osman Sarıvəllinin, Süleyman Rüstəmin, Almas İldırımın, Əhməd Cavadın, Mikayıl Müşfiqin, bir sözlə, adlarını çəkə bilmədiyimiz digər Azərbaycan şair və yazıçılarının yaradıcılığı sözdən abidə, heykəl qoymaqdır. Onlar bu abidəni, heykəli Azərbaycan dilinin sirri, möcüzəsi əsasında, bu dilin imkanlarından istifadə etməklə qurub yaratmışlar.


Ardı var...

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir