Modern.az

“Qatır Məmməd”in KADRARXASI - “Aktyorlar filmə pulsuz çəkilməsəydi, 300 nəfər işdən qovulacaqdı”

“Qatır Məmməd”in KADRARXASI - “Aktyorlar filmə pulsuz çəkilməsəydi, 300 nəfər işdən qovulacaqdı”

19 May 2018, 09:17

Modern.az Azərbaycan kinematoqrafiyasına möhür vurmuş filmlərin tarixi, aktyor  və çəkiliş heyətinin söhbətləri əsasında ərsəyə gələn “Kadrarxası” layihəsini davam etdirir.

 

“Kadrarxası”nın növbəti qonağı xalq artisti, görkəmli aktyor, "Şöhrət" ordenli prezident təqaüdçüsü Rasim Balayevdir. Sevimli aktyorumuzla birlikdə uzun müddətdir səhhətində yaranan problemlərə görə təxirə saldığımız söhbətdə “Qatır Məmməd” (digər adı “Gəncəbasarlı qisasçı”)filmindən bəhs edirik.

 

Arayış: Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə də epizodik rolları canlandırıb. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb, “Özbəkfilm”də, "Mosfilm"də və başqa studiyalarda filmlərə çəkilib.1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. "Qanlı zəmi” filmində Səlim bəy obrazını canlandırdığı üçün Azərbaycan SSR dövlət mükafatına layiq görülüb. Ailəlidir, 2 övladı var.

 

1974-cü ildə ekranlaşdırılan “Qatır Məmməd” filmində XX əsrin əsrin əvvəllərində Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd Əli oğlu Məmmədov) haqqında söhbət açılır. Şair Zeynal Xəlilin eyniadlı pyesinin motivləri əsasında çəkilən film rejissor Rasim Ocaqovun quruluşçu rejissor kimi böyük kinoda ilk işi idi. Böyük çətinliklə ərsəyə gələn film 1-ci kateqoriyaya layiq görülüb.

Filmin quruluşçu rejissoru Rasim Ocaqov, operatorları Teyyub Axundov və Şərif Şərifov, rəssamları Nadir Zeynalov və Rafiz İsmayılov, bəstəkarı Cahangir Cahangirov, bədii rəhbəri Şamil Mahmudbəyov, direktoru Tələt Rəhmanovdur. 


Rollarda Şahmar Ələkbərov (Qatır Məmməd), Rasim Balayev (Əziz), Həsən Məmmədov (Səməd), Ələddin Abbasov (Göyüş), Yusif Vəliyev (Halvaçı), Səməndər Rzayev( Əhəd), Həsənağa Tutabov (Səlimov), Ənvər Həsənov(hüquqşünas), Səfurə İbrahimova ( Həbibə) və başqaları çəkilib.

 

Sən saydığını say, gör Moskva nə sayır...

 

1969-cu ildə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoport tərəfindən qələmə alınan ssenariyə quruluş vermək öncə Hüseyn Seyidzadəyə həvalə edilir. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridə kəm-kəsir olduğunu deyir və onları düzəltmək üçün hərəkətə keçir. Düz bir il ssenari üzərində işləyir. Film istehsalata buraxılandan sonra isə müəlliflər Hüseyn Seyidzadənin süjeti tamam dəyişdiyini deyirlər. Kinostudiyanın Bədii Şurası onların xahişi ilə ssenarini müzakirə edir. Nəticədə rejissor haqlı çıxır və ssenaridəki çatışmazlıqlar aşkar olunur. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verilir və vaxt müəyyən edilir. Film 450 min rubl məbləğlə 1973-cü il sentyabr ayının 20-dək çəkilib təhvil verilməli idi. Bu, Moskvanın göstərişi idi. Hüseyn Seyidzadə sınaq çəkilişlərini başa vurur, əsas rolların ifaçılarını Bədii Şura təsdiq edir. 1973-cü ilin martında çəkilişlərə başlayan Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə filmi başa çatdırırır…

Ancaq Moskvadakı Mərkəzi Bədii Şura son anda filmin nümayişinə qəti qadağa qoyur və ekran işinin yenidən çəkilməsinə göstəriş verir. Beləliklə, "Qatır Məmməd" Hüseyn Seyidzadədən alınır.
Film bir çox rejissora təqdim olunsa da, heç biri yeni çəkilişi öz üzərinə götürmək istəmir. Kinostudiyanın direktoru filmi bir şərt əsasında Rasim Ocaqova etibar edir. Bu həm də Rasim Ocaqovun fəaliyyətinin dönüş nöqtəsi idi. Şərtə görə, əgər Rasim Ocaqov bu filmi çəkib başa çatdıra bilsəydi, gələcəkdə rejissor kimi film çəkmək imkanı əldə edəcəkdi. Nəhayət ki, bir neçə rejissorun imtina etdiyi "Qatır Məmməd"i o, çox qısa bir müddətə və demək olar ki, yenidən çəkir. Filmin ilk variantında dövlət tərəfindən ayrılan bütün vəsait xərcləndiyi üçün, ikinci variantda yaradıcı heyət qonorarsız çəkilmək əziyyətinə qatlaşmalı olur.


Rasim Ocaqov üçün imtahan anı...


Rasim Balayev də söhbətə filmin acınacaqlı taleyinə aydınlıq gətirməklə başlayır:

“Bu filmi birinci dəfə “Dəli Kür”, “Məşhədi İbad” filmlərini ekranlaşdıran Hüseyn Seyidzadə çəkmişdi. Moskva ssenaristləri - Mixail Maklyarski, Kirill Rapoportun təklif etdiyi ssenarini qəbul etmişdilər. Hüseyn Seyidzadənin çəkdiyi film ərsəyə gələndə məlum oldu ki, rejissor ssenaristlərin təklif etdiyini deyil, özünün yazdığı süjet əsasında çəkiliş aparıb. Və bunu qəbul etməyərək, filmi ləğv etdilər. O vaxt yeganə idarələrdən biri də Kinostudiya idi ki, öz hesabına maliyyələşirdi. Biz filmi çəkib lenti banka verirdik, bank bizə pul köçürürdü.
İlk çəkilişdə filmə ayrılan vəsaitin hamısı sərf olundu və bitdi. Filmi isə qəbul etmədilər. Yeni çəkiliş həyata keçirilməliydi. O vaxt Kinostudiyada direktor rəhmətlik Adil İskəndərov idi. Camaatı yığıb dedi ki, “bu filmi təhvil verməsək, 300-400 nəfərə yaxın əməkdaş Kinostudiyadan ixstisar olunmalıdır. Filmi çəkmək üçün pul qalmayıb. Filmi pulsuz çəkmək lazımdır. Əgər 300-400 nəfərin ixtisara düşməsini istəmrisinizsə, ilin axırınadək filmi təhvil verməliyik. Əks təqdirdə, bu admalar işsiz qalacaq”.

Filmdə mənim canlandırdığım Əziz obrazını bizdən əvvəlki çəkilişdə Eldəniz Zeynalov canlandırıb. Eldəniz Zeynalov atdan yıxılıb, sonra nə illah ediblərsə, deyib “mən daha çəkilmirəm”. Sonra rəhmətlik Fuad Poladovu çəkmişdilər. Fuad Poladov da demək olar ki, çəkilib qurtarmışdı. Elə oldu ki, filmi ləğv edib yenidən çəkilməsi üçün Rasim Ocaqova verdilər. Rasim Ocaqov da uzun müddət idi, operator idi, film çəkmək istəyirdi. Onu çağırıb şərt qoydular ki, ““Qatır Məmməd”i çəkə bilsən, sənə film verəcəyik”.
Bu bir növ Rasim Ocaqov üçün imtahan idi. Filmin əvvəlki variantında Qatır Məmmədi mərhum aktyorumuz Əliabbas Qədirov oynamışdı. Filmin ikinci variantında birinci variantdakı aktyorlar çəkilmədi.
Rasim Ocaqov rolları tamam başqa cür bölüşdürdü. Qatır Məmməd roluna Şahmar Ələkbərovu, Əziz roluna məni çəkdi və beləcə bütün rolları dəyişdi. Başladıq işləməyə. Əvvəlki çəkilişdən yalnız ümumi planda əsgərlərin qaçışı, bayraqları yerə atmaları səhnəsindən istifadə edildi. Başqa heç bir kadr daxil olunmadı.

Bütün bunları çox adam bilmir. Amma mən işin içində olduğum üçün xəbərdaram.

Aktyor seçiminə gəldikdə Rasim Ocaqov filmdə bilavasitə özü istədiyi aktyorları çəkib. Rasim müəllim operator kimi filmlər çəkirdi. Bu filmin rejissorluğu tapşırılanda da özü istədiyi aktyorları çağırdı. Mən bu filmə qədər artıq “Nəsimi”, “Ömrün ilk saatı” filmlərində çəkilmişdim. “Ömrün ilk saatı” filmində Rasim Ocaqovla birlikdə işləmişdim. Görünür aktyorluğum onu qane etmişdi ki, “Qatır Məmməd”ə də çağırdı. 26 yaşım vardı bu filmə çəkiləndə”.

 


“300-400 nəfəri işsizlikdən xilas etdik”


R.Balayev bildirir ki, filmə ayrılan vəsaitilk çəkilişdə tamamilə xərcləndiyindən ikinci dəfə çəkiliş yerləri mümkün qədər yaxın ərazilər seçilirdi:


“Filmin ilk variantında tamam başqa məkanlar çəkilmişdi. Orda iştirak etmədiyimə görə yerləri dəqiqliyilə sadalaya bilməyəcəm. Amma hamının baxdığı film Qobustanda, Bakıətrafı ərazilərdə-Ramanada, Qalada, tarixi uçuq-sökük binaların fonunda  çəkilmişdi.

Vəsait yox idi deyə, mümkün yaxın yerlər seçilmişdi. Yəni hansısa rayona, kəndə getməyə imkan yox idi. Simvolik maaş verilirdi bizə. Mənə bir aylıq 160 manat, Şahmara 300 manat verirdilər. Filmin pulu qurtarmışdı. Bir sözlə, biz bu şəraitdə çəkilməklə 300-400 nəfəri işsizlikdən xilas etdik. Həm də vaxt çox az idi, filmi vaxtında təhvil vermək lazım idi. O vaxt belə idi ki, sifarişləri, vəsaiti Moskva verirdi. Məsələn, sənə 5 film verilib və sən onun birini çəkə bilməyibsənsə, gələn il Moskva 4 film verirdi. Bir sözlə, kim pul verirsə, sifarişi də o verirdi. Pulu ayıran isə Moskva idi.

Büdcəsi olmayan və cəmi 1 aya çəkilən film çox uğurlu alındı. Nə pul qalmışdı, nə də vaxt. Hər şeyi ildırım sürətilə həyata keçirirdik. Biz rolumuzu oynayıb evimizə gedirdik. Rasim Ocaqov həm çəkirdi, həm montaj edirdi. Bütün yük Ocaqovun üzərində idi. Nəhayət filmi təhvil verdik. Film o vaxtlar camaatın böyük rəğbətini qazandı, çox maraqla baxılırdı. Yəni “bu nə filmdir” fikrini deyən olmadı. Amma indi çəkilənlərə baxıb deyirik “bu nədir əəə”. Çünki film deyil indi çəkilənlər.

“Qatır Məmməd” filminin vəsaiti olmasa da, aktyorlar işə ürək qoymuşdular. Şahmar Ələkbərov, Həsən Məmmədov, Səfurə İbrahimova, Həsənağa Turabov, Yusif Vəliyev kimi aktyor ansamblı vardı orda”.

 

“O qədər təbii oynadım ki, qolum yerindən çıxdı”

 

Aktyor çəkiliş vaxtı başına gələn maraqlı anı belə xatırlayır:


“Mən özüm filmlərə baxanda vurulma, güllələnmə səhnələri maraqlı gəlirdi. Bəzi filmlərdə adamı güllələyəndə aktyor yerə yıxılırdı, amma o anı yaşamırdı. Bir toyuğun başını kəsirsən, min hoqqa çıxarır. Bilirsiniz, can şirin şeydir. Özüm bir az araşdırma aparmışdım. Deyirdilər ki, kiçik güllə hansısa canlıya dəyəndə sanki 15-20 kiloqramlıq bir şeylə vurulur. Çalışdım ki, ölüm səhnəsini təbii oynayım. Təbii oynamaq üçün güllə açılandan sonra qıvrılmalı idim. Bunu mən öz-özümə təlqin eləmişdim. Filmdə Əzizə iki güllə vurulur. İlk güllədən sonra qıvrıldım. Onda mənim qolum yerindən çıxdı. Təxminən 1 həftə çətinliyim oldu, pencəyimi özüm geyinə bilmirdim. Sonra həkimə getdim qolumu gipsə qoydular. Həmin səhnə son idi. Yaxşı ki, qolum sonda zədələndi. Çəkiliş bitmişdi, mən artıq onlara lazım deyildim (gülür). Yaxşı ki, bu axırda oldu. Onsuz da filmin tez təhvil verilməsi üçün çalışırdıq, bir də mənə görə gecikmə olsaydı, lap pis olardı.


Xatırlayıram bir epizod da atla bağlı olmuşdu. Kənd atını minməyə nə vardı. Ayağını atanda belində olurdun. Bizə verilənlər isə hamısı hündür qamətli qaçış atları idi. Mən onları minə bilmirdim. Çox çətinliklə də olsa, bir epizodda çəkildim. Hansı ki, Əziz Qatır Məmmədin arvadının qabağına çıxır. Orda qorxa-qorxa atı mindim, bir kadra çəkildim. Sonra məni dublyor əvəz etdi. “Dədə Qorqud” çəkiləndə at minməyi yaxşı öyrəndim. “Babək”də çəkiləndə artıq əməlli-başlı at minirdim, ippodroma gedirdik. Onda əməlli-başlı at sürmək öyrəndim”.

 

“Aktyor üçün rolun mənfisi-müsbəti olmur”

 

R.Balayev filmdən sonra bəzi tamaşaçıların etirazı ilə qarşılaşıb:

“Mənim üçün maraqlı idi. O vaxt çox adam mənim bu filmdə çəkilməyimdən narazı idi. Tamaşaçılar məni “Nəsimi”də görüb bəyənmişdilər. Nəsimi kimi lirika, gözəllik, qamət, şeriyyat, ədəbiyyata bağlı obrazdan sonra, birdən-birə Əzizi kimi mənfi rol oynamağımı qəbul etmirdilər. Amma mən Əzizi də çox sevdim. Düşünürəm ki, aktyor özünü bütün istiqamətlərdə sınamalıdır. Mənim üçün mənfi, müsbət rol yoxdur. Tamaşaçıların çoxu deyirdi “biz sizi Nəsimi kimi sevirik”. Mənsə deyirdim ki, “mən nə Nəsimiyəm, nə Əziz”. Çünki əvvəldən qarşıma məqsəd qoymuşdum ki, bir-birinə oxşamayan rollar oynayım, təkrarlanmayım, eyni cür yadda qalmayım. İstəyirdim ki, müxtəlif xarakterli rollar oynayım. Ona görə də Əziz rolu təklif ediləndə razılıq verdim. Çox həvəslə oynadım bu rolu. Mən aktyor kimi Əzizi mənfi rol adlandırmıram. Mən o dramturqun, yazıçının yazdığı obrazı yaradıram. Mənfi xarakterdir, müsbətdir onu tamaşaçı müəyyənləşdirir.
Əziz restoranda Qatır Məmmədi görsə də onu satmır. Söhbət rəhbərliyə çatanda qarşısına dilemma qoyurlar: ya Qatır Məmmədi öldürəcəksən, ya da özün öləcəksən. Əziz Qatır Məmmədi ələ verib böyük mükfat da ala bilərdi. Amma etmir, çünki qəhrəman adamlara simpatiyası var. “Mən satqın, “şpion” deyiləm” deyir. Bax həmin o səhnə kinostudiyanın pavilyonunda çəkilmişdi”.

 


“Şahmar Ələkbərovla çörək kəsmişdik”

 

Xalq artisti çəkiliş vaxtı aktyorlarla  münasibətlərinin çox gözəl olduğunu vurğulayır:

“Biz Şahmar Ələkbərovla qonşu idik, dost idik, çörək kəsmişdik. Kinostudiyanın yanındakı binada birinci girişdə Şahmar olurdu, ikinci girişdə mən. Ailəvi çox yaxın idik, bir-birimizə gedib-gəlirdik. Sonra daha bir neçə filmdə çəkildik, dublyajlarda olduq. Çox mehriban, yaxşı münasibətlərimiz vardı. Məndən 5-6 yaş böyük idi.

Sizə bir söz deyim: əvvəlcədən fikir vermişəm, nə kinoda, nə teatrda qəbul olunmayan şeylər var. Məsələn, mən görsəm ki, tərəf müqabilim nəyisə düz etmir, ona irad bildirmirdim. Eləcə də o mənə. Əks təqdirdə belə çıxardı ki, mən ona nəsə öyrətməyə çalışıram. Bəzən elə anlar olub ki, bir dostcasına məsləhətləşmişik. Elə adamlar var ki, işinə fikir bildirəndə xoşuna gəlmir. Hətta rejissorun acığına gəlir ki, kimsə onun işinə qarışanda. İrad bildirəndə elə tərzdə demək lazımdı ki, inciliklik olmasın. Eyni zamanda, insan tənqiddən nəticə çıxarmağı bacarmalıdır. “Mən, mən, mən” deyən adamlar həmişə yerində sayırlar. Rasim Ocaqov kinonun fanatı idi. O, Moskvada operatorluğu bitirmişdi. Sonra rejissorluq fikrinə düşəndə çox çalışdı. Adil İsgəndərov ona dedi ki, “sən rejissor ola bilməzsən, diplomun yoxdur”. Rasim Ocaqov da getdi rejissorluq oxudu. “Qatır Məmməd” çəkiləndə ona şans yarandı. Bu film bəyənildi deyə, ona dalbadal çoxlu filmlər verdilər. Və oldu Azərbaycanın ən yaxşı rejissorlarından biri”.


Filmdəki tarixi səhvlər

 

Kinematoqraflar filmdə bəzi tarixi səhvlərin olduğunu qeyd edirlər. Qatır Məmmədlə Bakının hərbi qubernatoru olan general Tomsonun nümayəndəsinin söhbət etdiyi epizodda britaniyalı hərbçi "Əlahəzrət kraliçanın ordusunun Azərbaycandakı komandanı general Tomson məni sizin yanınıza göndərib" sözlərini deyir. Tənqidçilərin fikrincə, əslində, qadın monarxlar barəsində "əlahəzrət" deyil, "ülyahəzrət" xitabı işlənməlidir.

Daha kobud səhv isə 1918-1920-ci illərdə (Qatır Məmməd qiyamının və general Tomsonun Bakı idarəçiliyinin baş verdiyi illər) Böyük Britaniyada hakimiyyətdə V Georginin olması göstərilir. Kraliça Viktoriya 1901-ci ildə vəfat edib və məntiqlə Britaniya qoşunları "Əlahəzrət Kralın ordusu" adlanmalı idi. Ola bilsin ki, bu səhv filmin çəkildiyi 1970-ci illərdə Böyük Britaniya taxtında kraliçanın (II Elizabet) olması ilə əlaqədardır.


"Qatır Məmməd" filminin sonunda eyniadlı personajın öldürülməsi ilə bağlı "14 gündən sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görmədi" sözləri deyilir. Əslində isə Qatır Məmməd 18 sentyabr 1919-cu ildə qətlə yetirilmişdi. Azərbaycanda sovet hakimiyyətinin qurulması isə 1920-ci ilin aprelin 28-nə təsadüf edir.


Filmdəki səhvlərə gəlincə, R.Balayev də bunu istisna etməyib:

“Bilirsiniz, tarixi filmlərin ekranlaşdırılması fərqlidir. Yazı ilə görüntü fərqlidir. Məsələn, deyək ki, yazıçı təbiəti təsvir edir. Əlində qələm, qarşısında kağız və Allah verdiyi istedad. Səhər çağı, günəşin doğuşu, quşların səsi, ecazkar bir mənzərə görürsən. Bu mənzərəni kino dilinə çevirmək özü istedad tələb edir. Ona görə kinonun işi çox çətindir. O yazıdakını kinoya köçürtmək və tamaşaçıya sevdirmək hələm-hələm adama nəsib olmur. Ona görə də kinonun, teatrın, dramaturgiyanın dili başqadır. Hadisələr o qədər real çəkilməlidir ki, tamaşaçı kinoya baxdığını unutmalıdır, aktyor yaratdığı obrazla yaşamalıdır. Mən hesab edirəm ki, bizim ən uğurlu filmlərimizdən biri “Məşhədi İbad”dır. Mən balaca idim, təxminən 8-10 yaşım olardı. Filmə baxanda elə bilirdim ki, bu arktyor deyil, real adamdır. Yəni o qədər səmimi, real təsir bağışlamışdı. Aktyorun uğuru budur, baxırsan, rol olduğunu, kino olduğunu unudursan. Bu baxımdan tarixdə bir cür idi. relada bir cür, bu, ola bilər”.

 

70 yaşı haqlayan Rasim Balayev və Əziz...

 

İndiki filmlərdən, seriallardan, aktyorlardan narazılığını tez-tez dilə gətirən sənətkara “İllər keçməsinə baxmayaraq Rasim Balayev Əziz obrazını izləyərkən, aktyor olaraq özündə hansı nöqsanları görür” sualını ünvanlayırıq:


“Mənim oyun tərzim tamaşaçının öhdəsinə verilənə qədər saatlarla məşq etmişəm. Bəzən bir kadrı 5-6, 8-10 dubla çəkmişik. Sonra rejissor ən yaxşısını seçib, qalanını silib. Yəni bu, birdəfəyə oynanılan oyun, tamaşa deyildi ki, səhv edəsən, eləcə də yayınlana. İllər keçib, mənim yaşım, təcrübəm çoxalıb. Ola bilsin ki, indiki ağlım onda olsaydı, rolumu daha başqa cür oynayardım. Amma o vaxtkı şərait üçün yaxşı demək olar. Mənim rejissorum bu rolu bu cür düşünür və beləcə ekrana köçürürdük” – Rasim Balayevin cavabı belə oldu.

 


“Mənimlə o filmə çəkilənlərin 95 faizi həyatda yoxdur”

 

Xalq artisti keçmiş günləri yada salaraq, nostolji hislər yaşayır:

“Arada film nümyiş olunanda baxıb xatirələrə dalıram. O vaxt mənimlə çəkilənlərin demək olar ki, 95 faizindən çoxu indi yoxdur. Filmin direktorundan tutmuş, operatoruna, rejissoruna, aktyorlarına qədər heç kim qalmayıb. Hərdən çox kövrəlirəm, heyf səndən cavanlıq deyirəm. Həyat belə qurulub da, yaranmışıq, bir gün də gedəcəyik. Nə yaxşı ki, o vaxt nəsə edə bilmişik, belə gözəl filmlər çəkə bilmişik. Hansı ki, indinin özündə də sevilir, maraqla baxılır və ən əsası unudulmur. Camaatın arasında olanda fəhləsindən tutmuş, göyərti satanına kimi deyirlər ki, “niyə indi o vaxtkı kinolar yoxdur?”. Deyirəm ki, o vaxtkı vaxtla indini müqayisə edəndə görürük ki, çox dəyərlər dəyişib. O cümlədən, filmlərdəki səmimiyyət. Bu gün baxırsan seriallar çəkir bizimkilər. Onu çəkənlər də kino nədir bilməyənlər, başa düşməyənlər, qanmayanlardır. Ssenarini yaza bilməyənlər, boş-boş şeylər yazırlar. “Ancor” yağı satandan 2-3 min manat pul alırlar, sonra da “serial”, “kino” çəkirlər. Bunlar kino, hadisə yox eyyy, başlayırlar filmdə yağı tərifləməyə. Hiss olunur axı o dəqiqə ki, pul müqabilində reklama söz verilib.

Toy çəkən adamlar operatorluq edirlər. Ona görə də mən qətiyyən elə filmlərə çəkilmərəm. Bir ara təkliflər gəldi, fikirləşmək istədim bu barədə. Amma özümə rəva bilmədim. Rasim Balayevə o cür filmləri, serialları rəva görmədim. Bu gün yaradıcılıq atmosferini görmürəm. Həm rejissora, həm müəllifə, həm aktyorların bir-birinə münasibətindən görürsən ki, hansısa xamlardır tutub gətirib zorla aktyor etmək istəyirlər. Daha doğrusu etmək istəmirlər eyy, elə aktyor bilirlər onları. Söz demək, sözü əzbərləmək hələ sənət deyil. İncəsənət İnstitutunu, rejissorluq kurslarını niyə yaradıblar? İfadəmə görə üzr istəyirəm, bir-iki sırtıq adam var, ordan-burdan pul tapır, bahalı maşınlarda gəzir. Özünə də deyir “ustad”. 
Təəssüf ki, camaat da onların səviyyəsinə enib.

Biz bu gün intellektli tamaşaçını itirmişik. Səviyyəli tamaşaçılar var təbii ki. Amma əksəriyyət o intellektli tamaşaçının da zövqünü korlayıb. Əksəriyyət “bozbaş pikçersdir”, biyabırçılıqdır. Bütün insanların zövqlərini korlayıblar. İnsanlar düşüncəli verilişlərə baxmırlar, düşük-düşük, hırhahıra, meymunlara baxılar. O biri var haa, çənəsi yox gədə. Çıxır efirə biyabırçılıqdır. Onların hamısı aktyor sənətinə təhqidir. Mən ona görə də Azərbaycan telekanallarına baxmıram. Mən heyvanat aləminə, klassik filmlərə baxıram. Efirdə bir şey olmayanda yazıları qoyub baxıram. Ləzzət alıram, xüsusi zövq alıram peşəkarları izləyəndə. “Meymunlar”a baxıb stress keçirməkdənsə, heyvanlara baxmağı tərcih edirəm. Yalandan deyirlər kino festivalı, forumlarda iştirak etdik” və s. Bu gün Azərbaycan kinosu ölüb, yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır