Modern.az

Ramil Usubov nöqsanlara dair tapşırıqlar verib

Ramil Usubov nöqsanlara dair tapşırıqlar verib

1 Dekabr 2009, 18:47

Dekabrın 1-də Daxili İşlər Nazirliyində (DİN) "Daxili işlər orqanlarında kargüzarlıq işinin təşkili"nə və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməliyyat işinin, digər xidmət sahələri ilə qarşılıqlı əlaqələrin vəziyyəti"nə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Modern.az DİN-ə istinadən xəbər verir ki, iclasda birinci məsələ barədə nazirlik katibliyinin rəisi, polis general-mayoru Nazim Əliyev məruzə ilə çıxış edib. O, deyib ki, ötən ilin noyabrında “Elektron Sənəd Dövriyyəsi” sisteminin mərhələli tətbiqinə başlanılıb və artıq Nazirliyin Mərkəzi Aparatında, Bakı Şəhər Baş Polis İdarəsində və paytaxtın polis idarələrində  sənədlərin ötürülməsi elektron variantda həyata keçirilir. Eyni zamanda, adları çəkilən strukturların 120 əməkdaşı sistemin iş prinsipləri və işləmə qaydaları ilə tanış edilib, 52 əməkdaş Nazirlikdə keçirilən təkmilləşdirmə kurslarına cəlb olunub. N.Əliyev deyib ki, informasiya kommunikasiya  texnologiyalarının tətbiqi üzrə  həyata keçirilən bu və digər tədbirlər nəticəsində, təkcə cari ilin ötən dövründə Nazirliyə ünvanlanmış 35 mindən artıq sənəd və müraciətin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Nazirlər Kabinetindən daxil olmuş 265 qanun, fərman, sərəncam və qərarın qeydiyyatının aparılması, rəhbərliyə məruzə edilməklə aidiyyəti xidmətlərə göndərilməsi, həmçinin nəzarətə götürülmüş 5202 sənəd və müraciətin vaxtında icrası təmin edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib ki, həyata keçirilən kompleks təşkilati tədbirlərin nəticəsində qanunsuz dövriyyədən əvvəlki illərdən fərqli olaraq daha çox narkotik vasitə çıxarılıb. Belə ki, 2006-cı ildə 251,5 kiloqram, 2007-ci ildə 336,7 kiloqram, 2008-ci ildə 651,5 kiloqram, 2009-cu ilin 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisindən 1,7 dəfə çox- 993,9 kiloqram narkotik vasitə götürülüb. Qanunsuz kultivasiya olunan və yabanı halda bitmiş 1300 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Cari ilin 10 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2710,  o cümlədən satış məqsədilə 1024 fakt aşkar edilib ki, bu da  2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz  çoxdur. Həmin dövrdə 326 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınaraq 48 xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Müzakirələrdə  çıxış edənlər görülmüş işlər barədə danışmış, mövcud nöqsan və çatışmazlıqların ilin sonunadək aradan qaldırılacağına söz veriblər.     

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki hər iki məsələ üzrə polis orqanları tərəfindən görülən işlərin ümumən qənaətbəxş olduğunu qeyd edərək, mövcud problemlərin, nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarına dair konkret tapşırıq və tövsiyyələrini verib.

İlin başa çatmasına 1 ay qaldığını xatırladan nazir hər iki istiqamətdə səylərin daha da artırılmasının, ağır və xüsusilə ağır cinayətlərin açılmasına, axtarışda olanların tutulmasına bütün qüvvə və imkanların səfərbər olunmasının, əməliyyat işinin səmərəsinin yüksəldilməsinin, icraatdakı cinayət, axtarış və əməliyyat-axtarış işlərinin bir daha öyrənilməsinin, onlar üzrə zəruri hərəkətlərin həyata keçirilməsinin, habelə müvafiq uçot sənədlərinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə vaxtında təqdim olunmasının vacibliyini vurğulayıb.

Qarşıdan gələn bələdiyyə seçkilərinə toxunan nazir bu ümumdövlət əhəmiyyətli tədbirin də əmin-amanlığın, ictimai asayişin yüksək səviyyədə qorunduğu şəraitdə keçiriləcəyinə, qanunvericiliklə üzərlərinə qoyulan məsul vəzifələrin öhdəsindən  polis orqanlarının uğurla gələcəyinə ümidvar olduğunu bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir