Modern.az

Prezident Milli Dram Teatrında və Xalça muzeyində görülən işlərlə tanış olub

Prezident Milli Dram Teatrında və Xalça muzeyində görülən işlərlə tanış olub

Təhsil

1 Dekabr 2009, 20:40

Dekabrın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Yenidənqurma işlərinin gedişi ilə maraqlanan İlham Əliyev binanın fasadına baxıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, binanın fasadında yenidənqurma işlərinin böyük qismi görülüb. Fasadla yanaşı, ətraf binalarda da yenidənqurma işləri aparılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva teatr binasının əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və onun hazır olandan sonrakı vəziyyətini əks etdirən şəkillərə baxıblar.
İlham Əliyev tamaşa salonunda aparılan yenidənqurma işləri ilə də maraqlanıb.
Prezidentə məlumat verilib ki, əvvəllər 590 nəfərlik tamaşa salonunda yerlərin sayı yenidənqurmadan sonra 650-ə çatdırılacaq. Hazırda səhnədə mexanikləşdirmə işləri gedir, burada ən müasir işıq və səs sistemləri quraşdırılır. Bu avadanlıq teatrın müasir standartlara uyğun kompyuterləşdirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, teatr binasında 150 yerlik kiçik salonda da son tamamlama işləri gedir.

Dekabrın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada da tikinti işlərinin gedişi ilə tanış olublar.
Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binanın təməli ötən ilin mayında qoyulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası ilk növbədə milli memarlıq ənənələrinə görə fərqlənəcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, çox qeyri-adi bir forma - “bükülmüş xalça” muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcək. Muzey inşa edilərkən məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq.
Dövlətimizin başçısı burada “Venesiya şəhərciyi” adlanan ərazinin abadlaşdırılmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin maketi ilə tanış olub, binanın layihəsinə baxıblar
Binanın birinci mərtəbəsində qədim xalça və digər əşyaların yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər və audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq və bağlı sərgi salonları olacaq. Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcək. Muzeydə 200 nəfər çalışacaq.
İlham Əliyevə və xanımına binanın fasadının qurulmasında istifadə olunacaq materiallar göstərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı