Modern.az

“Beriyanın sədaqətinə inanıb, ona Cümhuriyyət hökumətində məsul vəzifə tapşırmışdılar” - MÜSAHİBƏ  

“Beriyanın sədaqətinə inanıb, ona Cümhuriyyət hökumətində məsul vəzifə tapşırmışdılar” - MÜSAHİBƏ   

22 May 2018, 11:36

Modern.az saytı tanınmış araşdırmaçı Adıgözəl Məmmədovla müsahibəni təqdim edir.

Ehtiyatda olan zabit, “Bakı-Seul körpüsü” İctimai Birliyinin sədri, Prezident mükafatçısı A.Məmmədov bir neçə əsərin müəllifidir. “Siyasi liderlərin psixoloji portretləri”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Chas "iks" perevorota : M.D. Bagirova i L.P. Berii”, “Osmanlının çöküşünə Rusiyadan baxış”, “Qəddafinin psixoloji portreti”, “Baş tutmamış çevriliş”, “Qafqaz  rəhbərlərinin psixoloji portreti» kitablarının müəllifidir. Kitabları ABŞ, Avropa, Avstraliya və Rusiyanın  çoxsaylı universitet kitabxanalarının  katoloquna daxıl edilib. 

           
- Adıgözəl müəllim, Siz həkim olmağınıza baxmayarağ Azərbaycan və ümumiyyətlə Sovet tariximizin ən obyektiv və faktoloji tədqiqatçılarındansız. Eyni zamanda da bir həkim kimi tarixi şəxsiyyətlərimizin psixoloji portretin yaradaraq tariximizə bu rakursdan da yanaşmanın əsasını qoymusuz.
Təsadüfi deyil ki, Sizin tədqiqatlarınızla bağlı ABŞ-ın ən aparıcı eksperti Pol Qobl geniş bir yazı ilə çıxış edib. Moskvanın xarici siyasətini formalaşdıran Rusiya Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu Sizin, ''Liderlərin psixoloji portretləri'' kitabınızı nəşr edib.
Maraqlıdır, Sizin gözünüzlə Cümhuriyyət tariximiz necə görünür?


- Öncə onu qeyd etmək istəyirəm ki, mən tarixçi ailəsində dünyaya göz açmışam və tarixə sevgim ailədən və aldığım tərbiyədən irəli gəlir. Həqiqətəndə tarixlə tibbin vəhdəti məni daha da dərindən və yetkin tədqiqatlar aparmağın və tarixi hadisələrə dövrün siyasi liderlərinin psixi-ruhi vəziyyətlərini diferensasiya edərək qiymət verməyə zəmin yaratdı. Bu artıq oxucuda hadisələrə yeni bir baxış bucağından baxmağa əsas verdi. Bu da geniş oxucu miqyasında mənim kitablarıma və yaradıcılığıma maraq yaratdı. Həm ölkə daxilindən, həm də xaricdən mənim yazılarıma maraqlanmağa başladılar. Bu da məni daha da məhsuldar işləməyə həvəsləndirdi.

Əlbəttə, mənim gözümdə Cümhiriyyət tariximizə baxışda  obyektiv və emosiyalardan kənar olmalıdır.


Rusiyada çar II Nikolay devrildikdən sonra Zaqafqaziyadakı yerli qüvvələr Peterburqun hadisələrə hərbi təsir etmək imkanlarının zəiflədiyini anlayaraq Tiflisdə hakimiyyəti ələ keçirmişdilər. Keçmiş çar Rusiyasının Tiflis canişinliyində Zaqafqaziyanın müvəqqəti hökuməti yaradılmış, Zaqafqaziya komitəsi təsis edilmişdi. Bu komitə hökumətin Zaqafqaziyadakı siyasətini həyata keçirirdi. Komitənin tərkibinə 2 kadet, 1 menşevik, 1 gürcü federalisti və 1 türk müsavatçısı daxil idi. Komitəyə Xarlamov rəhbərlik edirdi. Lakin Rusiyada hakimiyyətə gəlmək ərəfəsində olan bolşeviklər Zaqafqaziyada siyasi qüvvələrini hərəkətə gətirərək 1917-ci il oktyabrın 2-7-də Tiflisdə Qafqaz bolşevik təşkilatlarının I qurultayını keçirdilər. Qurultayda Qafqaz dairəsi formalaşdı. Bu dairə komitəsinə Çxakaya, Şaumyan, Caparidze, Maxaradze, Nazaretyan, Kasıyan, Mravıyan, Karqanov və sonradan Mikoyan da daxil oldu. 1917-ci ilin oktyabrında Lenin başda olmaqla bolşeviklər hakimiyyəti ələ keçirdilər. Ertəsi gün isə II Sovetlər qurultayında Almaniya və onun müttəfiqləri ilə Rusiya arasında “Sülh haqqında dekret” imzalandı. Bunu qəbul edən Almaniya danışıqlara razılığını verdi. 1918-ci il martın 1-də Brest-Litovskda konfrans öz işinə başladı. Vətəndaş müharibəsində gücdən düşən Rusiya sülh xatirinə Almaniyaya böyük bir ərazini – Qərbi Ukraynanı, Pribaltika və digər torpaqları güzəştə getdi. Elə həmin vaxtlarda Tiflisdə menşevik E.Qeqeçkorinin rəhbərliyi altında Zaqafqaziya komissarlığı yaradılmışdı, lakin bu hakimiyyət də uzun çəkmədi.

           
- Bu zaman hadisələr çox sıx şəkildə baş verirdi. Artıq biz bu hadisələr içərisində İrəvanın Ermənistana verilməsinin şahidi oluruq. Bu kontekstdən söhbətimizi davam etdirək...

           
- Bolşeviklər 1918-ci il fevralın 10-da Moskvadan aldıqları hərbi-siyasi dəstəklə regionda siyasi hakimiyyəti əlində cəmləşdirmiş seçkili Zaqafqaziya seymini formalaşdırdılar. 1918-ci ildə Brest-Litovski sazişinə görə, Türkiyə tərəfi Zaqafqaziya seymindən Qars və Batum dairələrini tələb edirdi. Almanlar isə öz qoşunlarını Gürcüstandan Bakıya aparmaq istəyirdilər. Almanların Bakıya keçişinin qarşısını almaq üçün 1918-ci il aprelin 1-də türk ordusu Batuma daxil olur. Türk tərəfi həmçinin Zaqafqaziya seyminin buraxılmasını və Zaqafqaziya respublikalarının müstəqilliyinin elan olunmasını tələb edirdi.
Məhz o günlərdə qədim İrəvan torpaqlarımız hesabına qondarma Ermənistan dövləti yarandı. Bəzi türk paşalarının çox ciddi təzyiqi ilə bu bağışlanılmaz səhvə imza atdılar. Təsadüfi deyil ki, o dövrdə qondarma Ermənistan dövlətini ilk tanıyanlardan biri də elə Osmanlı imperiyası oldu. Qeyd etmək lazımdır ki, Osmanlı imperiyasının o zamankı liderləri bu qəbildən olan strateji səhvlərə yol verərək imperiyanın sürətli çöküşünü qaçılmaz edirdilər. Osmanlı iqtisadiyyatının modernləşdirilməsi, ölkəyə müasir Avropa texnologiyalarının cəlb edilməsi, təhsilin və sənayenin inkişaf etdirilməsi əvəzinə, sultanlar imperiyanı diplomatik manevrlərlə qoruyub saxlamağa cəhd göstərirdilər.

           


- Ənvər Paşanın Ərəb cəbhəsindən Azərbaycana köməyə gəlişi və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından danışardız.

           
- Beləliklə, 1918-ci il aprelin 9-da Seym öz fəaliyyətini dayandırğını elan etdi. Türk ordusunun komandanı Ənvər Paşa Ərəb cəbhəsindən ordusunun böyük hissəsini çıxararaq Cənubi Qafqaza istiqamətləndirdi. Baxmayaraq ki, bu addım çox riskli addım idi və sonradan bunun nəticəsində Ərəb cəbhəsində türk ordusunun mövqeləri zəiflədiyindən bu vəziyyət 1918-ci ildə ingilis kəşfiyyatçısı T.Lourens Hicazın şerifi Hüseynin oğlu Feysəlin və fransız ordu generalı Allenbinin başçılığı altında olan Antanta qüvvələrinin Dəməşqə qədər irəliləməsinə imkan verdi. Bu ərazi itkilərinin bahasına xilaskar Türk ordusu Qafqaza girərək azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımının qarşısını aldı və Azərbaycana gəlmiş bu ordu ölkəmizin milli müstəqilliyinin yaranmasına təkan verdi. 1918-ci il mayın 28-də Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Beləliklə də Azərbaycan xalqı Şərqdə ilk demokratik respublika qurdu. Türk ordusu ilə Azərbaycan Milli Ordusunun Gəncədən Bakıya istiqamət götürmüş hücumunun qarşısını heç bir mənfur qüvvə ala bilmədi. Bakı milli qüvvələrin əlinə keçdi. Tezliklə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökuməti təşkil olundu.

           
- Biz artıq AXC-nin daxilində xüsusi xidmət orqanlarının yarandığının şahidi oluruq...

           
- Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində Milli Ordunun təşkili və həmçinin dövlətin təhlükəsizliyi baxımından general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynadılar. Belə ki, 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü, lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli. “Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik orqanları”, Bakı-2004):

“Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz…”.

Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkün oldu. Nəhayət, 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə Vətənin müdafiəsi sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan – Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı- “Əksinqilabla Mübarizə Təşkilatı”nı yaratdı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. Yeni yaradılan bu strukturun rəhbəri Məmmədbağır Şıxzamanov olur.

           
- Nədənsə bu yaradılan qurum bir müddətdən sonra fəaliyyətində nöqsanlar hiss olunur...

           
- Ancaq çox keçmir ki, paritet əsaslarla formalaşan “Əksinqilabla Mübarizə Təşkilatı” fəaliyyətsiz hala gəlir.  Parlament  120 nəfərdən  ibarət   idi.  Amma  de-fakto  parlamentin  iclaslarında  120 nəfərin hamısı   müntəzəm   iştirak  etmirdi.  Hətta  parlament  yaradılandan  sonra  1919-cu  ilin  əvvəllərində   79  nəfər  iştirak  edirdi. Parlamentdə Müsavat Partiyası, onlarla  müttəfiq  olan  bitərəf  demokratlar  qrupu, sağçı mövqedən çıxış edən, daha çox  klerikal  əhval-ruhiyyəli insanların, qrupların  maraqlarını  ifadə  etməyə  çalışan “İttihad” partiyası təmsil olunmuşdu. Bunlardan əlavə, Sosialist  Bloku  çox  güclü  bir  qüvvə  idi. Bu bloka Sosial-Demokrat və “Hümmət” partiyalarının üzvləri daxil idi. 1919-cu ildə “Əhrar” partiyası ölkənin partiya sisteminə qoşuldu. Əhrarçılar sosializmin  və  liberalizmin  ideyalarını  öz  proqramında  birləşdirməyə çalışırdılar.  Milli  azlıqlar Slavyan-Rus İttifaqı, “Daşnaksütyun” fraksiyalarında cəmləşmişdilər. Çox  paradoksal bir vəziyyət ondan ibarət idi ki, müstəqilliyimizi  tanımayan bu daşnak qüvvələr də parlamentdə  fəaliyyət  göstərirdilər. Bu baxımdan yeni yaradılan “Əksinqilabla Mübarizə Təşkilatı”nda təmsil olunmuş partiyaların nümayəndələri səmərəli işləmək əvəzinə, daha çox bir-birilərini pusur və pozuculuqla məşğul olurdular. Bu da kəşfiyyat və əks-kəşfiyyat işini iflic hala salmışdı. Ona görə də bu paritet əsaslı struktur formalaşmasına etiraz edən Məmmədbağır Şıxzamanov istefa verdi. Məhz bu paritet sistemi əsasında gələcəkdə marşal rütbəsinə qədər boyüyən, sovet dövlətinin Stalin dönəminin əsas simalarından birinə çevriləcək Lavrenti Beriya Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarına, sol yönümlü “Hümmət” siyasi təşkilatının görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə işə götürülmüşdü. Məmmədbağır Şıxzamanovun bu addımından sonra paritet əsaslı struktur formalaşmadan imtina edilir. Xüsusən də Türkiyənin müharibədə məğlubiyyəti ilə Azərbaycanda marağı olan ölkələrin kəşfiyyat orqanların tuğyan etdiyi bir yerə çevrilmişdi. Yeni səviyyədə kəşfiyyat işinin təşkilinə çox ehtiyac vardı. İmperialist dairələr Osmanlı imperiyasının itkiləri ilə kifayətlənməyib, Parisdə konfrans (1919-1920-ci illər) çağırmışdılar, onlar Türkiyəni parçalamaq, türk xalqını qula çevirmək, Azərbaycanı isə İtaliyaya vermək istəyirdilər.

           
Təsadüfi deyil ki, həmin vaxt Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ prezidenti Vilsonla görüşərək ondan Azərbaycanın müstəqilliyinin tanınmasını xahiş etmişdi. Onun xahişinə Vilson belə cavab verir:

“Düşünürsünüz ki, biz müharibəni cırtdan dövlətlər yaransın deyə aparmışıq?”.

 Lakin müstəqilliyimizin son aylarında bolşevik işğalı təhlükəsindən əndişələnən ABŞ və İngiltərə Azərbaycan Demokratik Respublikasının müstəqilliyini tanıyırlar. Amma artıq bu gec atılmış addım idi. Bu baxımdan milli maraqlara qulluq edə biləcək, kəşfiyyat məlumatlarının bu konteksdən toplayacaq peşəkar komandaya çox ehtiyac duyulurdu. Ona görə də “Əksinqilabla Mübarizə Təşkilatı”nın yeni rəhbəri Nağı Şıxzamanov çox ciddi kadr islahatları həyata keçirərək əsasən sədaqətli peşəkarlardan ibarət komanda formalaşdırır. Bax bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır. O, “Əksinqilabla Mübarizə Təşkilatı”nın məktubların yoxlanılması şöbəsinin rəisi təyin edilir. Əslində, Beriyaya çox ciddi strateji bir sahə tapşırılmışdı. Ona görə ki, o dövrdə məktublar rabitənin ən birinci növü idi. Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların ən əsas arqumentinə çevriləcəkdi. Məntiqlə “Hümmət”in “Əksinqilabla Mübarizə Təşkilatı”ndakı nümayəndəsi paritet prinsiplərə son qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsini qorudu və hətta daha məsul vəzifəyə irəli çəkildi. Əlbəttə, Beriya sonrakı tərcümeyi-halında bunları tamamən yazmır və gizlədir.



Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər