Modern.az

Cümhuriyyətin ən gənc generalı - 36 yaşında güllələnən Əbdülhəmid Qaytabaşı

Cümhuriyyətin ən gənc generalı - 36 yaşında güllələnən Əbdülhəmid Qaytabaşı

23 May 2018, 12:29

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.

Bu dəfə təqdim etdiyimiz yazıda AXC-nin 21 generalından biri olmuş  Əbdülhəmid bəy Qaytabaşından danışılacaq.

Əbdülhəmid bəy Qaytabaşı ömür yolu xalqdan gizlədilən, unudulan generallardan olub.  Onun bütün sənədləri arxivdə "Tamamilə məxfidir" qrifi ilə saxlanılıb. Bolşeviklər təkcə Əlbdülhəmid bəyi yox, iyirminci ildə müsavat generalı olduqlarına görə güllələdikləri  Əmir Kazım Qacarın, Məmməd bəy Sulkeviçin, İbrahim ağa Usubovun, Firidun bəy Vəzirovun və başqalarının həyatını da xalqımızdan gizlədiblər. Generalların dini müsəlman, milliyyəti azərbaycanlı olduğuna görə sovetlər dövründə onlar haqqında danışmağa, yazmağa qadağa qoyulub. Onların sırasında ən gənc general Əbdülhəmid bəy Qaytabaşı idi.  

Səhvən yazılan soyad...

Azərbaycan hərb tarixi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli generalı soyadı barədə belə deyir:

 

“Əbdülhəmid bəyin ulu babası kapitan Əbdülməcid bəy XVIII əsrin sonlarında Türkiyənin İstanbul şəhərindən Tiflisə köçüb. Alay başçısı olduğuna görə ona Xaytabaşı titulu verilib. Ruslar onun Xaytabaşı soyadını sənədlərində səhvən, təhriflə Qaytabaşı kimi yazıblar. Sonralar rəsmiləşən bu nadir soyad 1920-ci ilin iyun ayında general Əbdülhəmid bəy güllənənə qədər işlənib”.

Əbdülhəmid bəy 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu sıralarında şərəflə xidmət edən ən yaxşı generallardan biri olub. Şəmistan Nəzirli hesab edir ki, o qarışıq illərdə azadlıq və istiqlaliyyət uğrunda çalışanları zaman özü yetişdirib və təltif etmişdi. Onların cəngavərliyi anadan gəlmə qanuni bir hal olub. Dövr onları yetişdirəndə yaşa yox, başa və bacarığa qiymət verib.

AXC-nin ən gənc generalı...

General Əbdülhəmid bəy Qaytabaşı1884-cü il iyulun 10-da Tbilisidə doğulub. Atası Şərif bəy iki dəfə evlənib. Əbdülhəmid bəy onun ikinci evliliyindən doğulub. Anası Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanım olub. Əbdülhəmid bəy Peterburq yaxınlığındakı Pavlovsk Hərbi Məktəbini bitirib. Azərbaycan Mərkəzi Dövlət arxivində yunker Əbdülhəmid bəy Qaytabaşının həmin ildə bacısı, şahzadə Mələk xanım Qacara yazdığı məktublar, 97 saylı vəsiqə, dərslərə davamiyyəti haqqında qeydlər və konspektləri saxlanılır. Qovluqda yunker Əbdülhəmid bəy Qaytabaşının 1905-ci il avqustun 22-də komandirinə yazdığı raport da qalıb: 


"Bildirirəm ki, yay tətili zamanı Ryazan quberniyasına, orada yaşayan yeznəmgilə getmişdim. Mən orada olarkən Tiflisdən teleqram aldım. Teleqramda göstərilirdi ki, bacım ölüm yatağında olduğuna görə təcili Tiflisə getməliyəm. Dərhal yola düşdüm və yeznəmdən xahiş etdim ki, bu barədə mənim rəislərimə xəbər versin. Mən Tiflisə gələndən cəmi bir gün yarım sonra bacım vəfat etdi. Mən onun yeganə qardaşı kimi, bacımın dəfni ilə bağlı qayğıları öz üzərimə götürdüm. Bu müddətdə mən özüm də xəstələndim və dərhal mənim müalicə olunmağım barədə raportla komendant idarəsinə müraciət etdim. Xəstə halda iki gün orada qalandan sonra hələ tam sağalmamış olsam da, sürət qatarı ilə Tiflisdən yola düşdüm. Mən bu barədə komendant idarəsinə məlumat vermişdim. Hərbi məktəbə xəbər çatdırmaq məsələsinə gəldikdə isə mənə dedilər ki, bu barədə narahat olmayım. İkinci rotanın yunkeri Əbdülhəmid bəy Qaytabaşı".

22 yaşlı gənc Qaytabaşı (1906-cı ildə) on altıncı Qrenadyor-Minqrel alayında xidmətə başlayır. 1-ci Dünya müharibəsində 205-ci Şamaxı Piyada alayında ştab-kapitan rütbəsində döyüşlərdə iştirak edir. 1916-cı ilin martında dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni (qılınc və bantla birgə) ilə təltif edilir.

Əliağa Şıxlinskinin əmri...

6 mart 1918-ci il, Tiflis şəhəri. Yenicə yaranan Müsəlman korpusunun komandanı, general-leytenant Əliağa Şıxlinskinin əmri: "Polkovnik Əbdülhəmid bəy Qaytabaşı Müsəlman Korpusunun Qərargah rəisi təyin edilsin!".


Martın 28-dək həmin vəzifədə çalışan Əbdülhəmid bəy 1918-ci il noyabrın 15-də hərbiyyə naziri Səməd bəy Mehmandarovun iki nömrəli əmri ilə Hərbi Hazirliyinin növbətçi generalı kimi məsul vəzifə daşıyır. 1919-cu il iyunun 25-də isə Respublika Nazirlər Şurasının qərarı ilə Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı general-mayor rütbəsi ilə təltif olunur. 80 ildən çox bağlı qalan saralıb-solmuş sənədlərdən məlum olur ki, peşəkar hərbçi kimi Milli Ordu quruculuğunda Əbdülhəmid bəyin əvəzsiz xidmətləri olub. Şəxsi heyətin təşkili, Baş Qərargahda növbətçilik sistemi, yeni hərbi idarə və hərbi müəssisələrin yaradılması üçün var qüvvəsi ilə çalışıb.

 

1920-ci ilin martında Əbdülhəmid bəy yazırdı: "Cəmi bir il ərzində Baş Qərargahın fəaliyyəti təşkil olunub qaydaya düşdü. Öhdəmizə düşən bütün vəzifələri qərargahın digər üzvləri ilə birlikdə vicdanla, namusla və yorulmadan yerinə yetirdik".

Şəmistan Nəzirlinin "Güllələnmiş Azərbaycan generalları" kitabında Qaytabaşının Bakıdan Tbilisiyə general-mayor Firudin bəy Vəzirova yazdığı bir məktub diqqət çəkir: 

"Çox hörmətli general Firudin bəy! Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi bu şad xəbərə yəqin ki, Siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün Sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə olsa da, Baş Qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, süvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan hökuməti ordu üçün dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazırkı vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycan müstəqillik qazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün Siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də, xahiş edirəm, Baş Qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz. Hörmətlə: Baş Qərargahın növbətçi generalı, polkovnik Əbdülhəmid bəy Qaytabaşı".

Güllələnərkən generalın cəmi 36 yaşı vardı...

Bolşeviklər Azərbaycanı işğal edəndən sonra general-mayor Əbdülhəmid bəy Qaytabaşı 1920-ci il aprelin 30-da bolşevik ordusunda müvəqqəti qərargah rəisi təyin edilir. Həmin ilin iyun ayında isə Gəncə üsyanına görə günahlandırılıb güllələnir.


Mərkəzi Dövlət Arxivində Əbdülhəmid bəy Qaytabaşının bəzi sənədləri - bacısı Mələk xanıma yazdığı məktublar, vəsiqə, dərsə davamiyyət qeydləri, konspektləri, atası Şərif bəy haqqında sənədlər və s. qorunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?