Modern.az

Ali məktəblərdə dərslər başa çatır - Hansı universitet imtahana hazır deyil?..

Ali məktəblərdə dərslər başa çatır - Hansı universitet imtahana hazır deyil?..

23 May 2018, 16:12

Daha bir tədris ilinin sona çatmağına az müddət qalıb. Artıq bir neçə universitetdə yay sessiyasının imtahanlarına hazırlıq gedir.

Modern.az saytı universitetlərdə keçirilən imtahanların ümumi hazırlıq prosesini, dərs müddətinin başa çatma tarixini öyrənmək üçün bir neçə ali təhsil ocağı ilə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova:

“Bakı Dövlət Universitetində dərslər mayın 31-də başa çatacaq. İmtahan sessiyası isə iyunun 4-də başlayıb 30-da bitəcək. BDU 2017–2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına tam hazırdır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva:

“Bu ayın 30-a qədər dərslər davam edəcək, mayın 30-u son gün hesab olunur. Həmin gün elektron jurnallar da bağlanacaq və tələbələr imtahan sessiyasına buraxılacaqlar. Amma əvvəlcədən kəsilən və 25 faizlə imtahana buraxılan tələbələrin balları mayın 23-nə qədər yazılıb qurtarmalıdır. Çünki onlar yaz semestrinin imtahan sessiyasından əvvəl imtahana girib kəsirlərini verirlər. İmtahana hazırlıq da hər il olduğu kimi, yüksək səviyyədə aparılır, semestrin əvvəlindən imtahan sualları tələbələrə verilib. Tələbələr onlayn şəkildə şəxsi kabinetlərindən daxil olub sınaq imtahanına girə bilirlər”.

N.Mirzəyeva qeyd edib ki, universitetdə imtahanlar 3 cür aparılır:

“Test, yazılı və bəzi ixtisaslardan (memarlıq və dizayn) qabiliyyət. Müəllimlər imtahanqabağı konsultasiyalar təşkil edir, aydın olmayan suallar üzərində tələbələrlə birgə işləyirlər.  Diplomçular üçün "diplom otaqları"  yaradılıb, burda da tələbələrlə diplom rəhbərləri birgə diplom işinin üzərində çalışırlar. İmtahanlarda şəffaflığı, obyektivliyi təmin etmək məqsədi ilə Apellyasiya qərargahı fəaliyyət göstərir, nəticələrdən narazı qalan tələbələr qərargaha müraciət edib məsələni aydınlaşdırır. Eyni zamanda imtahan sessiyası zamanı universitetin İKT şöbəsi  onlayn müraciət etmək üçün tələbələrə imkan yaradır, onlar birbaşa rektora müraciət edib şikayətini, narazılıını bildirir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov:

“İmtahan sessiyası 1 iyun - 30 iyun 2018-ci il tarixində tərtib olunmuş cədvəl üzrə keçiriləcək. Ümumilikdə ADPU-da 17270 nəfər tələbə təhsil alır. Yaz semestrinin imtahan sessiyası və dövlət imtahanları Tədris  Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən reallaşdırılacaq və vahid mərkəzdən idarə olunacaq. Semestr və dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə mərkəzin ümumi təşkilatçılığı və koordinatorluğu ilə 30 nəfər imtahan təşkilatçısı, o cümlədən 90 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan İdarəetmə Qrupu yaradılacaq. İmtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icrası bu qrupa həvalə ediləcək”.

M.İbrahimov deyib ki, İmtahan Qərargahı və Apellyasiya Komissiyası da fəaliyyət göstərəcək:

“İyunun 20-dən iyulun 5-dək isə Yekun Dövlət Attestasiyası təşkil olunacaq. İmtahan tələbənin qərarına əsasən test üsulu ilə və ya yazılı formada keçiriləcək. Kitabxana-İnformasiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. İmtahan sessiyası müddətində tələbələrin valideynlərinin, ictimaiyyət nümayəndələrinin, media təmsilçilərinin imtahanların gedişini izləmələri üçün lazımi şərait yaradılacaq. Yaz semestrinin imtahan sessiyası və dövlət imtahanları ədalətli, şəffaf və obyektiv keçiriləcək”.

Bakı Mühəndislik Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza:

“Universitetdə dərslər  31 Mayda yekunlaşır. İmtahanlar isə iyunun 1-i başlayıb,  iyulun 7-si yekunlaşacaq. İmtahana hazırlıq işləri həvəslə gedir. İmtahan komisiyyası artıq işə hazırdı. Qərərgah ayrılıb, otaqlarda imtahanın keçirilməsi üçün bütün şərait nəzərdən keçirilib və əlavələr  edilib. Bütün tələbələrə uğurlar arzulayıram”.


Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova:

“Universitetdə dərslər mayın 31-i bitir. İmtahanlara hazırlıq prosesi artıq başlayıb. Belə ki, universitet rektoru fakültə dekanları, prorektorlarla görüşüb, lazimi təlimatlarını verib. Bütün kafedralarda cədvələ uyğun konsultasiya saatları təşkil olunub. Həmçinin, universitetimizdə imtahanla bağlı qərargah fəaliyyət göstərir. Onun nəzdində isə imtahan nəzarətçiləri və Apellyasiya komissiyası daxildir.

İmtahanlar iyunun 1-dən başlayır. Bildiyiniz kimi ATU-da imtahanlar iki üsulla aparılır. Birinci mərhələdə tələbələr bacarıq imtahanlarından keçirlər. Bacarıq imtahanları yeni Obyektiv Strukturlaşmış Klinik İmtahan (OSKİ) üsulu ilə aparılır. İkinci mərhələ isə test imtahanlarıdır”.

Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov:

 

“Dərslər mayın 31-də sona çatır. İmtahanlara hazırlıq prosesi intensiv şəkildə aparılır. Bütün dekanlıqlar, kafedralar tərəfindən imtahanlarla bağlı müəllimlərin məsləhət saatları müəyyən edilib və tələbələr bu imkandan istifadə edərək, onlara aydın olmayan, çətinlik törədən mövzularla bağlı müəllimlərdən məsləhətlər ala bilirlər. Bundan əlavə, ötən tədris ilindən etibarən Qərbi Kaspi Universiteti unikal imtahan metodları tətbiq edir. Hazırda universitetimizin İmtahan Mərkəzi bu metodların təkmiləşdirilməsi üzərində işləyir. Bu metodlar "Açıq kitab", "Keys həlli", "Təqdimat” kimi modellərdir və bunlar tələbələrdə məntiqi təfəkkürü, təhlil qabiliyyətini inkişaf etdirir”.

 

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Avılbəyli:


“Universitetdə dərslər 31 mayda başa çatır. 1 iyundan iyulun 5-nə qədər növbəti yay  imtahan sessiyası davam edəcək. Növbəti imtahan sessiyasının keçirilməsi ilə bağlı təhsil nazirinin müvafiq əmrinə əsasən, universitetdə daxili əmr verilib və struktur bölmələrə paylanılıb. Eyni zamanda imtahan cədvəlləri, imtahana qədərki cari qiymətləndirmənin nəticələri bazaya işlənməkdədi.

Müvafiq olaraq imtahan biletləri fakültələr üzrə hazırlanıb və imtahan qərargahına təhvil verilib. İmtahanlar ərəfəsində fəaliyyət göstərəcək komissiyalar, o cümlədən apelliyasiya və imtahana nəzarət komissiyalarının üzvləri əmrləşdirilib. İmtahandan əvvəl tələbələri narahat edən nüasların aradan qaldırılması üçün məsləhət saatlarının cədvəlləri də tələbələr təqdim edilib. Eyni zamanda imtahan ərəfəsində universitetin “qaynar xətt” telofonu və  mətbuat və informasiya xidməti gündəlik imtahan prosesi ilə bağlı məlumatları verəcək”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi