Modern.az

PJB sədrindən sərt REAKSİYA: “Toyuq-cücə ilə seçicinin fərqini anlamayan deputat...”

PJB sədrindən sərt REAKSİYA: “Toyuq-cücə ilə seçicinin fərqini anlamayan deputat...”

23 May 2018, 17:44

"Deputat-general Əliağa Hüseynov uzun müddətdir millət vəkili kimi çalışır. Amma bir dəfə də olsun, ictimai-siyasi məsələlərə normal münasibətini oxumamışıq”.

 

Bunu "Sherg.az”a deputat Əliağa Hüseynovun jurnalistləri və Azərbaycan ordusunu təhqir etməsi barədə danışarkən Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı söyləyib. 

 

O, deputatın bir neçə il əvvəlki açıqlamasını xatırladıb:

 

"Jurnalist həmkarlarımızdan biri deputatla əlaqə yaradıb, seçicilərlə görüşüb-görüşmədiyini soruşurmuş. O isə cavabında bildirib: "Eşidirsinizmi, toyuq-cücə səsi gəlir? Bu, sübut edir ki, seçicilərimlə görüşdəyəm”. Baxın, həmin deputatın səviyyəsi budur. Seçici ilə toyuq-cücəni ayırd edə bilmir.

 

İndi yaşanan hadisə isə deputata zəng edən jurnalistin "Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualının cavabında təhqirlə qarşılaşması olub. Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyi barədə suala "Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” demək millət vəkili adına heç cür yaraşmır”.

 

E.Eyvazlı hesab edir ki, Milli Məclis rəhbərliyi bu məsələ ilə bağlı tədbir görə bilər:

 

"Məsələnin necə həll edilməsi parlament rəhbərliyinin, İntizam Komissiyasının üzərinə düşür. Millət vəkili hər kəsi təhqir etməyi necə özünə rəva bilir, anlamıram. Azərbaycan dünyəvi dövlətdir, bütün problemlər də hüquqi qaydada tənzimlənir. Doğrudanmı, deputat bunu qəbul etmir, məsələləri başqa müstəvidə görür? İstənilən halda, biz hüquqlarımızın qanun çərçivəsində tənzimlənməsini istəyirik.

 

Əminəm ki, növbəti parlament seçkilərində belə şəxslər seçicilərin etimadını qazanmayacaq. Yenə deyirəm, toyuq-cücə ilə seçicinin fərqini anlamayan deputat böyük bir regionu təmsil edirsə, məsələ aydındır”.

 

Qeyd edək ki, Parlament Jurnalistləri Birliyi və Modern.az saytı Milli Məclisin sədri Oqtay Əsədova və Salyan seçicilərinə müraciət edib. Müraciətdə 59 saylı Salyan seçki dairəsinin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynovun Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində jurnalistlərin və Silahlı Qüvvələrimizin ünvanına təhqiramiz ifadələr işlətməsinə etiraz edilib, Milli Məclis rəhbərliyindən bu məsələ ilə bağlı tədbir görmək xahiş olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir