Modern.az

Azərbaycan dili fərdlər arasında birlik yaradır - II YAZI

Azərbaycan dili fərdlər arasında birlik yaradır - II YAZI

Ədəbi̇yyat

24 May 2018, 11:29

Buludxan Xəlilov,

Dil Komissiyasının üzvü,

filologiya üzrə elmlər doktoru, professor

Dilin bütün gözəlliklərini millətin özü yaşadır. Millətin hər bir övladı danışmağa başladığı vaxtdan bu işə qoşulur və ömrünün sonuna qədər bu müqəddəs işi davam etdirir. Ancaq hər bir millətin içərisində şair və yazıçılar dilin sevilməsi, anlaşılması, bütün gözəlliklərindən istifadə olunması işində başqalarından daha çox fərqlənirlər. Belə ki, şair və yazıçılar millətinin səsini dil vasitəsilə duyur, duyduqlarını başqalarına çatdırırlar. Hər bir millət o şairə, yazıçıya böyük şair, yazıçı deyir ki, onlar duyduqlarını dil vasitəsilə başqalarına daha təsirli səviyyədə çatdıra bilir. Belə şair və yazıçılar hər bir millətin örnək şair və yazıçıları kimi olub və olacaqdır. Onlar dilin cümlələrini, misralarını hər bir kəsin qəlbini ovsunlayan musiqi parçasına çevirir, hər bir cümləni, misranı nəğmə kimi təqdim edirlər. Həm də ata-babalarımızın əsrlər boyu duyduqları və işlətdikləri sözləri məna gözəllikləri ilə anlayır, ən qiymətli sərvət, varlıq kimi yaşadırlar. Şairlər və yazıçılar bu işi hamıdan fərqli olaraq daha üstün şəkildə yerinə yetirirlər. Dilin fonetik, leksik, qrammatik quruluşunu lazımi səviyyədə bilməklə dilin gözəlliyinin sirlərini arayırlar. Milli şüuru oxuculara çatdırmaq yolunda cəfakeşlik göstərirlər. Dildə mövcud olan milli komponentlərlə yanaşı, milli olmayanları da (alınma sözləri) milli düşüncə halına gətirirlər. Yazdıqlarına dilin inciləri kimi əbədi həyat verirlər. Dilin özünə isə bir sevgili kimi, bir yar kimi baxırlar. Bu sevgiliyə, bu yara olan məhəbbət dildə möcüzələrin yaranmasına səbəb olur. Aşağıdakı misralar dilin möcüzəsidir.

Dərə boyu saz olur,

Gül açılır yaz olur.

Mən yarıma gül deməm,

Gülün ömrü az olur.

Bu misralarda bahar ətri var. Misraların təbiəti bahar kimi təbii, təravətlidir. Bu misralar sevənlərə, sevilənlərə dilin təqdim etdiyi bir pay və hədiyyədir.

Şeir dilinin özünəməxsus tərifləri var və bunlar Azərbaycan dilində qorunur. Məsələn, insanın mərkəzə çəkilməsi və ona önəm verilməsi, özgənin durumuna çıxış yolu axtarmaq, insanın hansı durumla və problemlə üz-üzə dayandığını göstərmək və s. şeir dilinin özünəməxsusluğu kimi təqdim olunur. Bununla belə, şeir dili, o cümlədən şairlərin dili Tanrı dilidir. Həqiqəti və gerçəkliyi bu dil qədər anladan dil yoxdur. Şeir dili ton, intonasiya, ritm, bölgü, vurğu və s. baxımdan dil içərisində ikinci bir dildir. Bu dil hər bir insanın içərisində və ruhunda var. Ancaq onu bir hala gətirmək, ətrafdakılara anlatmaq hamıda yox, yalnız şairlərdədir. Şair sözlərdən elə istifadə edirlər ki, onun heç ruhuna da toxunmur, əksinə, onu ruh dilinə, sevgi dilinə yüksəldirlər. Nəticədə dilin təəssübkeşi olurlar. Məsələn, Süleyman Rüstəmin “Dilimə dəymə” şeirində olduğu kimi.

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

 

Həsədlərlə baxdın çəmənimə sən,

Gör bir nələr etdin vətənimə sən,

Yan – deyib, od vurdun bədənimə sən,

Altında atəş var, külümə dəymə!

 

Mən ağa ağ dedim, qaraya qara,

Sən məni istədin çəkəsən dara,

Yenicə sağalır vurduğun yara,

Mənim bu yaralı könlümə dəymə!

Hər bir şairi, yazıçını istedadları ilə yanaşı, həm də yazdıqları dil ucaldır. Bu zaman dil əvəzsiz bir xəzinə rolunu oynayır. Bu xəzinəni şeir və yazıçı xərclədikcə xəzinə tükənmir, əksinə, xəzinənin bərəkəti üzərinə bərəkət gəlir. Azərbaycan dilinin xəzinə bərəkətini artıran şairləri, yazıçıları az olmayıbdır. Dilimizin xəzinə bərəkətini artıran şair və yazıçılar dedikdə ilk yada düşənlər sırasında Səməd Vurğunun adını çəkməmək olmur. O, şeirimizdə Azərbaycan dilinin imkanlarından istifadə edərək bir dönüş yaratmış, Azərbaycan dilinin şeir dili kimi, bədii dil kimi sevilməsinə xidmət etmişdir. Səməd Vurğun Azərbaycan ədəbi dilinin şeir qolunu milyonların istifadəsinə vermiş, bunu xalqın duyğu və arzularına yaxın olması ilə bacarmışdır. Onun müraciət etdiyi mövzular, bütövlükdə yaradıcılığı insanı ovsunlayan bir dünyadır. Elə “Dünya” şeirinin özü ayrıca bir dünyadır.

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapırdır atını birbaşa dünya.

 

Yerlərə baxıram – bağçalı, bağlı,

Göylərə baxıram – qapısı bağlı.

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.

 

Bir də görürsən ki açılan solur,

Düşünən bir beyin bir torpaq olur;

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömür amanat.

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik, sən yaşa, dünya!

 

Buludlar dağılır uzaqda lay-lay,

Yenə öz yerində yuvarlanır ay;

Fəqət nə Cəlal var, nə də ki, Humay,

Nə ömrə acıyır, nə yaşa dünya.

Yaxud Səməd Vurğunun “Ala gözlər” şeirimi onun yaradıcılığının Azərbaycan dili  xəzinəsinin nə qədər bərəkətli, böyük təsir gücünə malik olduğunu, oxucunun qəlbini fəth etməsini, təmiz, saf lirika nümunəsi kimi oxucu kütləsinin zövqünü ələ almasını üzə çıxarmır? Əksinə, Səməd Vurğun bütün yaradıcılığında olduğu kimi, bu şeirində də Azərbaycan dilinin poetik imkanlarını yüksəkliklərə qaldırır.


Yenə qılıncını çəkdi üstümə

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə

Qələm qaş altında piyalə gözlər.

 

Başımdan getmişdi sevdanın qəmi,

Xəyalım gəzirdi bütün aləmi.

Bu dustaq könlümü, deyin yenəmi

Çəkdiniz sorğuya, suala gözlər?

 

Sevda yolçusuyam əzəl yaşımdan,

Könlüm ayrı gəzir can sirdaşımdan:

Dağıdır huşumu alır başımdan

Süzülüb gedəndə xəyala gözlər.

 

Gərdanın minadır, boyun tamaşa,

Ay da həsəd çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa

Yanıb şölə salır, camala gözlər.

 

Mənim sevgilimdir o gözəl pəri,

Qoy üzə vurmasın keçən günləri.

Mən qədir bilənəm əzəldən bəri,

Sizinlə yetmişəm kamala, gözlər.

Cahanda hər hökmü bir zaman verir,

Dünən dövran sürən, bu gün can verir.

İllər xəstəsiyəm yaram qan verir,

Siz məni saldınız bu hala, gözlər.

 

ardı var

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür