Modern.az

Qida Təhlükəsizliyi Agentliyi dönərxanalarla bağlı səliqə-sahmana SÖZ VERDİ

Qida Təhlükəsizliyi Agentliyi dönərxanalarla bağlı səliqə-sahmana SÖZ VERDİ

24 May 2018, 13:51

Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən dönərin satış qiymətindəki fərqlər diqqətçəkicidir. Daha komfortlu kafe və restoranlarda porsiyasından asılı olaraq 4-5 manatdan başlayan qiymətlərlə alıcılara təklif edilən dönərə, metro çıxışlarında 1 manat - 1 manat 50 qəpiyə də rats gəlmək mümkündür. Xüsusilə dana ətinin 1 kiloqramının 10 manat 50 qəpik, toyuq ətinin 1 kiloqramının 4-5 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq “ayran+dönər”lərin keyfiyyəti istər-istəməz adamı şübhəyə salır.

 

Hərçənd Qida Təhlükəsizliyi Agentliyi bir müddət əvvəl rəsmi yaydığı açıqlamada bu barədə quruma hər hansı şikayət daxil olmadığını açıqlayıb. Biz məsələnin aktuallığını nəzərə alaraq yenidən quruma müraciət etdik.

 

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir:

“Elə ona görə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan kəsimi gələcəkdə mərkəziləşdirilmiş qaydada təşkil olunacaq və yalnız müəyyən labarator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. Onu da qeyd edim ki, hazırda bu istiqamətdə maarifləndirmə işləri geniş miqyasda davam etdirilməkdədir”.
 

Şöbə müdirinin sözlərinə görə, Agentlik bu məsələlərlə bağlı monitorinqlərə başlayıb:

“Artıq mayın 22-dən etibarən Agentlik əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərində məlumatlar çatdırılır.

Artıq iki gün ərzində əməkdaşlarımız “Bakı Qida və Yağ Fabriki”, “Sun-Tea Çay Fabriki” və “AzMeat Production”, “Azərbaycan Supermarket”, “Səhliyalı”, “AzProtein Foods Group” və “Zəhmət-Ruzi” MMC-lərdə olublar, istehsalçılara qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, qarşıya qoyulan tələblər haqqında ətraflı məlumatlar veriblər. Hazırda monitorinqlər digər istehsal, satış və ictimai-iaşə obyektlərində davam etdirilir”, deyə qurum rəsmisi bildirib.

 

Xatırladaq ki, prezident İlham Əliyev qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Agentlik qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sərəncam 1 iyul 2018-ci ildən qüvvədə olacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir