Modern.az

Mətbuat Şurası bəzi saytları qapatmaq üçün səlahiyyətlərinin artırılmasını istəyir - AÇIQLAMA  

Mətbuat Şurası bəzi saytları qapatmaq üçün səlahiyyətlərinin artırılmasını istəyir - AÇIQLAMA   

Media

5 Mart 2018, 10:17

Bir müddət bundan öncə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri  Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın hüquqi statusunun dəyişdirilməsini təklif etmişdi. O bildirmişdi ki, Mətbuat Şurası ictimai təşkilat olduğundan bəzən lazımi tədbirlər görə bilmir. Buna görə də mətbuatın daha yaxşı balanslaşdırılması  məqsədilə Mətbuat Şurasının statusuna yenidən baxılmasını istəmişdi. Əflatun Amaşov Şuraya saytların qapadılması səlahiyyətinin verilməsini də təklif etmişdi:

"Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reketyönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy çıxara bilməsin?”.

Maraqlıdır, Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı məsələ nə yerdədir?

Bununla bağlı  Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az saytına açıqlama verib:

“Bilirsiniz ki, Azərbaycan jurnalistlərinin yeddinci qurultayında  belə bir məsələ qaldırıldı. Yəni Mətbuat Şurasına  əlavə səlahiyyətlər verilsin və  bu yöndə fəaliyyətini davam etdirsin. Bunu nəzərə alaraq Mətbuat Şurası həmin təklifin reallaşması üçün  modellər müzakirə etməyə başlayıb. Yəni mütəxəssislərə tapşırılıb ki, bu istiqamətdə Mətbuat şuraları və onların səlahiyyətlərinin artırılması modelinin  dünya təcrübəsi öyrənilsin”.

M.Ələsgərli qeyd edib ki, hazırda bu proses davam edir və  dünya praktikası öyrənilir:

“Praktika öyrəniləndən sonra uyğun təkliflər hazırlanacaq və konkret təklifin qəbul olunması üçün təşəbbüslər irəli sürüləcək. Hazırki durum beynəlxalq təcrübənin öyrənilməsidir. Azərbaycana hansı modellərin uyğun olduğunu konkretləşdirəcəyik. Yalnız bundan sonra növbəti mərhələyə keçə bilərik”. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı