Modern.az

25-ci

25-ci

25 May 2018, 22:12

Ədəbiyyat mühitində böyüdüyüm üçün şair və yazıçıların hansı fəxri adlara, mükafatlara, orden-medallara layiq görüldüyünü yaxşı bilirəm. Xüsusən də müasirlərimin. Daha doğrusu atamın müasiri olmuş yazıçıların.

Bu təltiflərdə bəxt məsələsi də var. Tarixi şərait də öz sözünü deyib. Uzunömürlülük də rol oynayıb. Amma ən əsası ortaya qoyulan gözəl əsərlərdir. İndi deyəcəksiniz ki, gözəl əsərə qalsa filankəs, filankəs və bəhmənkəs ən yüksək fəxri ada çoxdan layiqdirlər. Düz deyirsiniz. Amma dedim axı – bəxt, yazıçı taleyi məsələsi də var.

Yazıçıların bir-bir adını çəkib, kimin bu ada layiq olub-olmamasını demək istəməzdim. Çünki buna mənəvi haqqım çatmır. Sadəcə, AYB-nin 3-cü mərtəbəsində divara asılan fotostendə baxan gənclərdən Xalq şairi və Xalq yazıçısı olan  mərhum görkəmliləri soruşsanız, hər şey sizə aydın olacaq. Çoxları  onların nəinki bir misrasını əzbər bilmir, romanlarını tanımır, hətta adlarını da unudublar. (Fotoların altından isə adlar yazılmayıb.) Əgər işarə barmaqlarını Xalq şairi Hökumə Billurinin şəklinə uzadıb “bu Fatma Abdullazadədir”, Xalq yazıçısı İlyas Əfəndiyevi, Xalq şairi Rəsul Rzanı göstərib “Anarla Elçinin papasıdır” desələr, təəccüblənməyin. Özü də ki, bunu Natəvan klubuna tədbirə gələn gənc yazıçı və şairlərimiz deyirlər.


Onlar isə cəmi 47 nəfərdirlər. 22 Xalq şairi (Samvel Qriqoryansız), 25 Xalq yazıçısı (Əkrəm Əylislisiz). Statistikanı bir qədər də dəqiqləşdirim. 1956-cı ildən indiyə – 62 il ərzində bu yüksək adlara  47 nəfər layiq görülüb. Son 15 ildə, yəni Prezident İlham Əliyevin hakimiyyəti dövründə cəmi 6 nəfər – 3 nəfər Xalq şairi, 3 nəfər isə Xalq yazıçısı fəxri adını alıb.

12-13  il idi ki, bu adlara heç kim layiq görülmürdü. Yox, elə bilməyin ki, digər sahələri qiymətləndirmədə çox səxavətli olan Prezident İlham Əliyev yazıçılara çatanda xəsisliyi tutur. Əsla. 1956-cı ildən 1987-ci ilə qədər, 31 il ərzində cəmi 8 nəfərə Xalq şairi, 9 nəfərə Xalq yazıçısı adı verilmişdi. Sadəcə, bu fəxri adın süzgəci çoxdur, Azərbaycana bütün dövrlərdə rəhbərlik edənlər isə qızıl axtaranlar. İlham Əliyev də o xiridar rəhbərlərdəndir.

Nəhayət ki, 12 ildən sonra gözüm çox axtardığı sərəncamı oxudum və sevindim. Bu sərəncamda Elmira Axundovanın adını oxuyanda isə ikiqat sevindim.

Mövzuya çox uzaqdan gəlməyi xoşlayıram. Xatirə ekskurslarla. Kim hansı tarixi şəraitdə necə bu ada layiq görülüb: səbəblər, bəxtlər, qan bahası, ölüm ayağı, Cənubda dünyaya gəlmək, özünü “gözə qatmaq” və sairə, ilaxır. Bu “sandıq”da atamın da məhz 1987-ci ildə Xalq şairi adına layiq görülməməsi haqqında xatirə  var. Amma vaz keçdim. Qalsın başqa vaxta. Çünki Təbrik yazısına yamaq kimi görünər.

Elmira Axundova ilk olaraq yazıçı və jurnalist kimi mənim ustad həmkarımdır. Elmira Axundova mənim qonşumdur. Elmira Axundova mənim xeyirxahımdır. Elmira Axundova mənə atam Qabilin vermədiyi yazıçı qiymətini verib. “Mən yazıçı deyiləm. Elə-belə yazıram da...” deyərək utanmışam, qızarmışam. Nəinki qiymətləndirib, hətta  sənədlərimi aparıb Yazıçılar Birliyinin rəhbərliyinə təqdim edib ki, bəs Mahir yazıçıdır, AYB üzvülüyünə layiqdir. “Ərmən – Şuşanikin sevgisi” adlı ilk kitabım haqqında “Şair Qabil, Mahir Qabiloğlu və “O dünyadan məktublar”” sərlövhəli  məqalə yazaraq məni ictimaiyyətə təqdim edib. Daha dəqiq desəm ədəbiyyata vəsiqə verib.  Elmira Axundova ictimai-siyasi xadimdir, deputatdır. “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin yox, epopeyasının müəllifidir. Elmira Axundova Azərbaycan Dövlət Mükafatı laureatıdır. Elmira Axindova alim, müəllim, tərcüməçi, publisistdir. Elmira Axundova xeyirxah, yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan insandır. Nəhayət, Elmira Axundova – nəvaxtlarsa Hüsü Hacıyev 19-da yerləşən Yazıçılar binasında qonşularımın, əmilərimin, Azərbaycanın görkəmli yazıçılarının sevinclərini bu gün mənə təkrarən yaşadan Azərbaycanın Xalq yazıçısıdır. Yazıçı aləminin diliylə desəm – “Elmira xanım, Narodnuluğun mübarək!”

 

Mahir Qabiloğlu

25 may 2018

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir