Modern.az

Gənclik calağı   

Gənclik calağı   

26 May 2018, 10:37

 (hekayə)

Dost sarıdan bəxti sayalı idi. Sevincini də, kədərini də tən bölüşməyə hər an müntəzirdilər. Hayına ən çox yetənsə, yaşadığı binanın beş addımlığındakı cərgəylə sıralanan yeddi tut ağacı idi. Onlardan cəmi ikisi bar verərdi. Qalanları erkək tutlardı. Çox vaxt həyat eşqini bu tut ağaclarından alardı, onların mənəvi dəstəyilə qamətini dim-dik tutar, sabaha ümidləri səngiməzdi.  Arada-bir ona elə gələndə ki,  divar qurtarıb, ilk növbədə məhz bu tut ağaclarını özünə mənəvi arxa bilərdi. Çox keçməz buradan həyata növbəti cığırlar açılardı. Ulu babalarımızla tam şərikdi, tut ağacları da həqiqətən pir ağaclardı.

 

Bəlkə də həmin ağaclarla həmyaşıddı. Ağlı kəsəndən onları xatırlayırdı, hətta, yeniyetməykən məhlə uşaqları ilə birgə bu ağacların meyvəsindən daddığı da yadındaydı. Yaşlı olduqları koğuşlarından bəlliydi. Nə qədər gen qucaq açsaydın belə gövdəsinə yetməzdi. Qabıqları da cadar-cadardı. Sinələrindəki bir sıra dərin şırımlar isə “insan”lardan yadigardı. Tutların əksər yoğun budaqları Bakı küləyinə sinə gərmək üçün bir-birinə sarmaşmaq məcburiyyətində qalmışdı. Bu, ilk baxışdan aydınca sezilirdi. Lənətə gəlsin, qocalıq yaman şeydi.  Di gəl, zaman da onların qəddini əyə bilməmişdi. Şax-şuxdular, təravətləri də qədərincə yerindəydi. İllərin təcrübəsindən bələddi, istənilən fəsildə bu ağacların sirri-sehrindən doymaq olmurdu.

 

Hələ paytaxta ilk qar yağmağa macal tapmasa da, qış şıdırğı meydan sulayırdı. Əməlli-başlı soyuqdu. İsti mənzilindən ayrılmaq niyyətində olmasa da,  qəfil içindən  tut ağaclarına baş çəkmək istəyi keçdi. Əyinini qalın geyinib iti addımlarla onlara sarı yönəldi. Tut ağaclarına çatahaçatda gördüyü mənzərədən az qala həprim qocaya dönəcəkdi. Hələ yenicə dən düşən saçları o məqamda  bir anın içindəcə ağardı.  Tut ağacları quşatanın haçasını xatırladırdı. Hay-hayları gedib, vay-vayları qalmışdı. Yaşıllaşdırmanın işçiləri onları necə lazımdı yonpalamışdılar. Qol-budaqlarından elə bir əsər-əlamət qalmamışdı. İndi də bir kapal insan qəddarcasına tökülmüşdü cərgədəki son tutun üstünə. Elektrik mişarı sanki bu ağacın yox,  insanın bağrını dəlirdi. Baltaların da zərbi iniltiylə əvəzlənirdi. Tutların şil-şülküt edilən böyüklü-kiçikli budaqları “ZİL”ə qalaqlanmışdı.  Ətraf göz dağıydı.  Gördüklərindən dəhşətə gələn Ədalət yabanı bir bağırtı ilə yaşıllaşdırmanın işçilərinin üstə şığıdı.

 

-      Siz, nə edirsiniz?  Bunlara qıymağa necə əliniz gəldi?

-      Yaman işə düşmüşük, ay qardaş bəsdirin də, biz ağacları cavanlaşdırırıq, bu da əvəzində sizin bizə sağ olunuzdu?  Səhərin gözü açılmamışdan tökülmüsünüz üstümüzə. Hər kəsən öz işi ilə məşğul olsa, yaxşıdır…

Ədalətin anındaca sanki nitqi qıfıllandı. Deməyə sözü yoxdu. Yerindəcə quruyub qalmışdı. Matdım-matdım tut ağaclarına boylanırdı. Şil-şülkütdülər, haçalanan hissədən yuxarı təxminən metrə yarımlıq əyrim-üyrüm, lüm-lüt budaqları qalmışdı. Ağacların göz yaşlarına sahib dura bilmədikləri kor-kor, gör-gördü. Azca keçmiş gözləri önündə tabutlar sıralandı. Tut ağaclarının göz qapaqlarını və çənəsini bağlayan da o özü  oldu.

 Yazın gəlişinə qədər “tut məzarlığı”na baş çəkməyə heç cür ürəyi gəlmədi. Təbiət çal-çağırdaydı, yaşıl donuna bələnirdi, bahar çiçəklərinin də ətrindən doymaq olmurdu. Daxilinə üşütmə düşmüşdü, birdən tut ağacları “dirilmə”di, bu, dünyanın onun üçün sonu deməkdi. Maraq ona güc gəldi. İstər-istəməz  o istiqamətə yön aldı.

 

 Ağaclara çathaçatda başını qaldırdı, gözlərinə inanmadı. Tutlar haça hissədən yuxarı pöhrələnmişdi. Bu ağacların bəzisi isə acığa ta koğuşdan üzü yuxarı zoğlar atmışdı. Tutların yeni pöhrələrini üzüm tənəklərinin faraş yarpaqlarından ayırmaq çətindi, tamamilə oxşardı.  Pöhrələr zümrüd təkin yamyaşıldılar, onlardan nəinki gənclik, hətta,  körpəlik təravəti yağırdı.  Qarşısındakı heyrətamiz mənzərəni dördgözlə ruhuna təpirdi. Dünya onundu. Beynindən bədahətən qəribə bir fikir pərvazlandı; kaş ahıl insanları da bu cür cavanlaşdırmağın yolu tapılaydı. Düşündüyünə inamı gücləndi. Tanrının fəlsəfəsi mürəkkəb olduğu qədər də sadədir. Əgər, mişarlamaqla, baltalamaqla ağacların ömrünə ömür qatmaq mümkünsə, deməli, oxşar yolla bunu insanlar üçün də etmək olar.  Özünə də inanılmaz gəlsə də, qənaətində qətiydi.  Xeyli götür-qoydan sonra bir qucaq sevinclə mənzilinə döndü.

 

Binalarına yetişməkdəykən qanrılıb könüldolusu bir də tut ağaclarına sarı boylandı. Sanki, nəvə-nəticələrinə möhkəm-möhkəm sarılan nənə və babaların çiçəyi çırtlamışdı. Gözləri yaşardı, onların sevincinə ürəkdən şərikdi.

 

Azad Müzəffərli

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı