Modern.az

Tovuzluları ABŞ, Türkiyə və İsrailin səfiri ilə dost edən deputat

Tovuzluları ABŞ, Türkiyə və İsrailin səfiri ilə dost edən deputat

3 Dekabr 2009, 11:11

YAXUD QƏNİRƏ PAŞAYEVA SEÇİCİLƏRİNƏ VERDİYİ VƏDLƏRİ NECƏ YERİNƏ YETİRIB?

«525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı birgə layihə çərçivəsində əməkdaşımız Qənirə Paşayevanın deputat seçildiyi 105 saylı Tovuz Seçki Dairəsində olub. Bu dəfə deputat Qənirə Paşayevanın deputatlığa namizəd olduğu zamanda verdiyi vədlərin yerinə yetirilib-yetirilmədiyini araşdırdıq.

Bəzi həmkarlarından fərqli olaraq, Qənirə Paşayeva 2005-ci ildə seçicilərinin qarşısına populist vədlərlə çıxmayıb. Jurnalistikadakı uğurunu siyasətdə təkrarlamaq istəyən Qənirə xanımın seçki platformasının ana xəttini aşağıdakı şüar təşkil edib: «Səsinizi sözünüzü deyənə verin!» Bununla yanaşı, Q.Paşayeva deputatlığa namizəd olarkən öz üzərinə Tovuzun su təchizatının yaxşılaşdırılması, 105 saylı dairənin ərazisinə daxil olan kəndlərin qazlaşdırılması, kəndarası yollara asfalt örtüyün çəkilməsi, təhsil, səhiyyə ocaqlarının əsaslı təmir olunması ilə bağlı öhdəliklər də götürüb. Həmin vaxt 105 saylı Tovuz Seçki Dairəsində deputat mandatı uğrunda 7 namizəd mübarizə aparsa da, Q.Paşayeva səsvermədə iştirak edən 17817 seçicidən 11367 nəfərinin, yəni seçicilərin 63,79 faizinin səsini alaraq, həmyerlilərini qanunverici orqanda təmsil etmək hüququ qazanıb.

«Sizi Qənirə Paşayeva narahat edir» 

Bakı-Qazax qatarı Tovuz şəhərindəki mərkəzi stansiyada dayananda saatın əqrəbləri 10.18 dəqiqəni göstərirdi. Dağların arxasından boylanan günəş bu kiçik şəhəri öz nuruna boyasa da, hava soyuq idi. Bu yerlərin istisinə-soyuğuna çoxdan vərdiş etmiş bələdçimiz şaxtaya məhəl qoymayıb, dərhal hərəkət trayektoriyamızı müəyyənləşdirdi: «Qənirə xanım seçicilərinin Qurban bayramını təbrik etmək üçün Tovuza gəlib. Bir neçə dəqiqədən sonra Şəhidlər Xiyabanını ziyarət edəcək. Sonra isə Mir Həşim Ağa ziyarətgahında imkansız ailələr üçün qurban kəsdirəcək. İstəsəniz onun özü ilə də görüşə bilərsiniz».

 

Təxminən 11 saat davam edən uzun yolçuluqdan sonra dincəlməyə macal tapmadan taksiyə əyləşib, Şəhidlər xiyabanına üz tutduq. Azərbaycanın ərazi bütövlüyü utrunda canlarından keçmiş soydaşlarımızın uyuduğu məkana çatanda Tovuzun axundu Q.Paşayevanı ərazidə aparılan abadlıq işləri ilə tanış edirdi. Axund şəhidlərimizin ruhuna dua oxuduqdan sonra Qənirə xanım əlindəki qərənfilləri məzarların üzərinə düzdü. Məzarların birinin qarşısında ayaq saxlayıb, belə dedi: «Sinif yoldaşımdır». Sonra isə nəmli gözlərini fotokameramızın obyektindən yayındırmaq üçün üzünü yana çevirdi… 

  

st1:*{behavior:url(#ieooui) }

Qısa zaman kəsiyində Şəhidlər xiyabanına xeyli adam toplaşmışdı. Amma gələnlərin heç də hamısı Qənirə xanımı salamlamaq üçün bura təşrif buyurmamışdılar. İnsanlar üzləşdikləri problemlər barədə millət vəkilinə məlumat verirdilər. 105 saylı seçki dairəsinin ərazisinə daxil olan Avulbəyli kəndindən gələn Qarabağ əlilləri yaşadıqları mənzillərə mavi yanacaq verilməməsindən narazılıq edirdilər. Onların sözlərinə görə, Avulbəyli kəndində Qarabağ əlilləri üçün inşa olunmuş 36 və 16 mənzillik iki binanın heç birinə qaz verilmir. Ötən qışı soyuqda keçirdiklərini deyən əlillər deputat xanımdan problemin həllinə kömək göstərməsini xahiş etdilər. Həmsöhbət olduğum əlillərdən biri isə problemi daha lakonik ifadə etdi: «Ayağımın birini Qarabağ savaşında itirmişəm. Əgər bu qış bizim binaya qaz verməsələr, o biri ayağımı da şaxta kəsəcək».

 

Qeyd edək ki, millət vəkilinin bu problemə reaksiyası xeyli operativ oldu. Qənirə xanım dərhal rayon Qaz istismar idarəsinin rəisini arayıb, ondan problemi çözməsini tələb etdi. Amma deyəsən, idarə rəisinin verdiyi vədə əməl edəcəyinə tam əmin olmadığı üçün bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Aparatının rəhbəri Rizvan Vahabovla təmasa keçdi. ƏƏSMN rəsmisi ilə bir neçə dəqiqəlik müzakirədən sonra Qənirə xanım əlillərə müjdə verdi: «Bayramdan sonra sizlərin yaşadığı hər iki binaya qaz veriləcək». Bu şad xəbərdən sonra evlərinin yolunu tutan əlillərin yeganə arzusu istirahət günlərinin tezliklə başa çatması idi…

 

Sonra Q.Paşayeva Şəhidlər Xiyabanının yaxınlığında yerləşən Mir Həşim Ağa ziyarətgahına baş çəkdi. Millət vəkili burada imkansız ailələr üçün qurban kəsdirdi. Ziyarətgahı tərk edəndə isə Seçki qərargahının üzvü olan xanıma tapşırıq verməyi də unutmadı: «Qurban paylarının üstünə bir qutu şokolad da qoyarsınız».

 

Millət vəkili ziyarətgahı tərk edəndən sonra onu da öyrəndik ki, Qənirə xanımın bayram sovqatı göndərdiyi adamların heç biri onun seçicisi deyil. Yaşlı qəssab dedi ki, deputat xanım heç vaxt öz həmyerliləri arasında ayrı-seçkilik qoymur: «Tovuzun üç deputatı var. Amma çətinə düşəndə hamımız Qənirə xanımın üstünə gedirik. Sağ olsun, heç kimi naümid qaytarmır».

 

Şəhid anası kimdən narazıdır?

 

Q.Paşayeva ilə sağollaşıb ayrılandan sonra baş çəkdiyimiz ilk ünvan cəbhə xəttinin yaxınlığında yerləşən Ağdam kəndi oldu. Yerli sakinlər dedi ki, məhz Qənirə xanımın təşəbbüsü ilə kəndə gedən yola asfalt örtük çəkilib. Tovuzda olarkən öyrəndik ki, Q.Paşayevanın deputat seçildiyi dairəyə daxil olan 24 kəndin hər birinin yolu əsaslı şəkildə təmir olunub. Hətta kəndarası yollar da diqqətdən kənarda qalmayıb. Onu da deyim ki, seçicilərlə görüşdüyümüz 10-a yaxın kənddə bu məlumatı yerindəcə yoxlamaq imkanımız oldu.

 

Ermənistanla həmsərhəd olduğu üçün Q.Paşayeva Ağdam kəndinə xüsusi diqqət ayırır. Sakinlər deyirlər ki, deputat hər dəfə Tovuza gələndə mütləq onlara baş çəkir, əhalinin problemləri ilə maraqlanır. Milli Qəhrəman Naiq Yusifovun atası Nəsir kişi bizimlə söhbət zamanı dedi ki, Q.Paşayevanın sayəsində ağdamlılar ötən dörd ildə bir neçə diplomatla dost olublar: «Qənirə xanım Ağdama heç vaxt tək gəlmir. O, hər dəfə gələndə xarici ölkələrdən birinin səfirini də özü ilə gətirir. ABŞ-ın, Türkiyənin, İsrailin səfirləri kəndimizə o qədər çox gəlib-gediblər ki, onlarla əməlli-başlı dost olmuşuq». Nəsir Yusifov onu da dedi ki, Q.Paşayevanın təşəbbüsü ilə Tovuzun milli qəhrəmanları haqda film çəkilir. 

Milli Qəhrəmanın anası Xədicə Yusifova da deputat xanımdan razılıq etdi: «O, hər dəfə Ağdama gələndə bizə baş çəkir. Birinci dəfə gələndə həyətdə sac asmışdım. Nə qədər elədimsə, süfrə açmağa imkan vermədi. Sacın üstündən bir lavaş götürüb arasına pendir qoyub yeməyə başladı. Əsl el qızıdır, nə dərdimiz olsa ona deyirik».

 

Amma Xədicə ana istəyini də söylədi: «İstəyirəm ki, Tovuz şəhərində oğluma büst qoyulsun. Bir neçə dəfə arzumu rayon İcra Hakimiyyətinə bildirmişəm. Söz veriblər, amma reallaşmayıb. Xahiş edirəm Qənirə xanıma deyin ki, Naiq üçün büst düzəltdirsin. Hörmətli adamdır, kimə ağız açsa, sözünü yerə salmazlar».

 

Əsgərlər Qənirə Paşayevanı tanımırlar

 

Fürsətdən istifadə edib Ağdam kəndinin mühafizəsində dayanan «N» saylı hərbi hissədə də olduq. Hərbi hissənin polkovnik-leytenant rütbəli komandiri dedi ki, Q.Paşayeva əsgərlərin dostudur. Onun sözlərinə görə, xanım millət vəkili hər bayramda əsgərlərə sovqat gətirir.

 

Komandirdən fərqli olaraq, sorğu-sual etdiyimiz əsgərlərdən bir çoxu Qənirə Paşayevanı tanımadı. Onlardan kimləri tanıdıqlarını soruşanda isə Elza Seyidcahanla Tünzalə Ağayevanın adlarını çəkdilər. Komandir isə dərhal izahat verdi: «Elza xanımı da, Tünzalə xanımı da hərbi hissəmizə Qənirə Paşayeva gətirib». 

Deputat vədləri necə yerinə yetirilib?

 

Baş çəkdiyimiz növbəti ünvan Xatınlı kəndi oldu. Sakinlər dedilər ki, Q.Paşayeva deputat seçiləndən sonra fasiləsiz olaraq elektrik enerjisi və mavi yanacaqla təmin olunurlar. Qənirə xanım xatınlıların sözünü yerə salmayaraq, hətta kəndarası yollara da asfalt örtük çəkdirib.

Mexanizator İlham Abbasov isə Q.Paşayevanı xeyirxah insan kimi xarakterizə etdi: «Qənirə xanım kasıbların dayağıdır. O, ildə ən azı üç-dörd dəfə bizə baş çəkir. Kəndimizdə kasıb bir adam rəhmətə getmişdi. Qənirə xanım gəlib ona ehsan verdi».

 

Cilovdarlı kəndinin seçiciləri də öz deputatlarından razılıq etdilər. Kənd sakini Zaman Zamanov dedi ki, Q.Paşayeva seçki vaxtı verdiyi sözün üstündə dayanaraq, kəndin qaz, su, işıq problemini həll edib. Zaman bizimlə söhbət zamanı deputat xanıma mesaj göndərməyi də yaddan çıxarmadı: «İstər Tovuzda, istərsə də ətraf rayonlarda çörəyin birini 20 qəpiyə satırlar. Amma bir müddət əvvəl Tovuzda çörəyin qiymətini qaldırıb 30 qəpik elədilər. Çox şükür ki, üç-dörd gündən sonra qiymət yenidən 20 qəpiyə düşdü. Qənirə xanımdan xahiş edirəm ki, bəzi işbazların Tovuzda çörəyin qiymətini yenidən qaldırmasına imkan verməsin». 

Sərhəd kəndinin problemləri 

Tovuzda olduğumuz iki gün ərzində Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndinin sakinləri ilə də görüşdük. Qeyd edək ki, Əlibəyli Tabakstroy, Musis, Çinarlı və Aykecan kimi erməni kəndləri ilə həmsərhəddir. Kənddə tez-tez atəşkəs pozulsa da, heç kim öz ata-baba yurdunu tərk etməyib. Əlibəylidə 1700-dən artıq ev olsa da, onların 20 faizi ermənilər tərəfindən dağıdılıb. Q.Paşayeva deputat seçiləndən sonra həmin evlərin bəziləri təmir olunaraq, sakinlərin ixtiyarına verilib. Əhali əsasən heyvandarlıqla və əkinçiliklə məşğuldur.

 

Kənd sakini Fərhad Tanrıverdiyev dedi ki, Q.Paşayeva deputat seçiləndən sonra Əlibəyliyə asfalt yol çəkilib. Bir il əvvəl isə Əlibəyli camaatı mavi yanacaqla təmin olunub. Həmçinin millət vəkilinin səyi ilə kəndin aşağı məhəlləsinə işıq da çəkilib.

 

Əlibəyli camaatını ən çox sevindirən isə kənddə müasir avadanlıqla təchiz olunmuş yeni məktəb binasının tikilməsidir. Öyrəndik ki, Heydər Əliyev Fondunun və Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı əsasında Əlibəyli ilə yanaşı, Aşağı Ayıblı, Cəlilli, Düzcırdaxlı kəndlərində yeni məktəb binaları, Ağdam kəndində isə əlavə sinif otaqları inşa olunub. 

Biz çalışırıdq ki, problemlər barədə məlumat alaq. Amma Əlibəyli kəndində də Q.Paşayevanın ünvanına xoş sözlər eşitdik. Bununla belə, problemlərdən danışanlar da tapıldı. Kənd sakini Sücaət Həsənova dedi ki, ermənilər onun evini dağıtdığı üçün ailəsi qayınının evinə sığınmaq məcburiyyətində qalıb: «Evimizin təmir olunması üçün dəfələrlə yerli icra orqanlarına  müraciət etmişik. Amma bizi saya salan yoxdur. Bununla bağlı Qənirə xanıma da müraciət etmişik. Amma problem həll olunmadı. Məktub yazmaqla iş bitmir. Qənirə xanımdan xahiş edirəm ki, vaxtı olanda məsələ ilə bağlı icra hakimiyyətinə yazdığı məktubun taleyilə də maraqlansın».

 

Eldar Əliyev isə müharibə veteranıdır. 1992-96-cı illərdə Tovuzdakı «N» saylı hərbi hissədə xidmət edib. Eldar deyir ki, aradan 13 il keçməsinə baxmayaraq, veteran vəsiqəsini ala bilmir: «Neçə illərdi ki, Əlibəyli ilə Tovuzun arasında qalmışam. Hərbi komissarlıq əməkdaşları süründürməçiliklə məşğuldurlar. Açığı, belə xırda məsələyə görə Qənirə xanıma ağız açmağa utanırdım. Amma indi görürəm ki, deputat qol qoymasa, ömrümün axırına kimi veteran vəsiqəmi ala bilməyəcəyəm».

Əlibəyli kəndində olarkən Əmralı Qasımov adlı bir ağsaqqalla tanış olduq. Hacıallı kəndində yaşayan Əmralı kişi dedi ki, Qənirə Paşayeva onların deputatı olmasa da onu yaxşı tanıyırlar: «Biz bəzən dərdimizi Qənirə xanıma deyirik. Sağ olsun, hələ indiyə kimi sözümüzü yerə salmayıb».

 

Əl tutmaq Əlidən qalıb

 

Mir Həşim Ağa ziyarətgahında yolumuz ayrılsa da, «kəşfiyyatımız» Q.Paşayevanın fəaliyyəti barədə bizi tez-tez məlumatlandırırdı. Bələdçimizin sözlərinə görə, Qənirə xanım Tovuzda olduğu üç gün ərzində doqquz yas, bir toy mərasimində iştirak edib. Bununla yanaşı, rayonda olduğu günlərdə müxtəlif peşə sahibləri olan təxminən 150 insana bayram sovqatı göndərib. Deputat imkansız seçiciləri üçün qurban kəsməyi də unutmayıb. Q.Paşayevanın Tovuza sonunucu səfərindən ən çox pay isə hərəkət imkanı məhdud olan 5 yaşlı İlqara və həmyaşıdı Xətaiyə düşüb. Qənirə xanım hər iki uşağa əlil arabası bağışlayıb.

 

Seçiciləri deyirlər ki, Q.Paşayeva ona pənah aparan heç kimi naümid qoymur. O, həmişə həmyerlilərinin problemlərini həll etməyə çalıışr. Buna gücü çatmayanda isə onlara ümid verir. Bir müddət sonra isə bu ümidlər cücərməyə başlayır…

 

Bura  Tovuzdur

 

Tovuzun hamar yolu var

 

Qənirə Paşayeva qurban kəsdirir

 

Şəhidlər xiyabanında

 

Qəhrəmanlar unudulmur

 

"Danışan Qənirə Paşayevadır"

 

Deputat seçicilərinin əhatəsində 

 

Şəhid atası millət vəkilindən razıdır

 

Mexanizator İlham Abbasov: "O, xeyirxah insandır"

 

Əlibəyli kəndində erməni atəşinə tuş gələn ev

 

  Əmralı Qasımov: "Sağ olsun, hələ indiyə kimi sözümüzü yerə salmayıb»

 

Atəş altındakı əkin sahəsi

 

İlqarın anası göz yaşlarını boğa bilmir

 

Deputat İlqara əlil arabası bağışladı

 

Qənirə Paşayevanın təhsil aldığı Düzqırıxlı kənd orta məktəbi

 

Heydər Əliyev Fondunun Cəlilli kəndində tikdirdiyi məktəb

  Seymur VERDİZADƏ Bakı-Tovuz-Bakı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi