Modern.az

Qadınlara qarşı 17354 cinayət hadisəsi qeydə alınıb

Qadınlara qarşı 17354 cinayət hadisəsi qeydə alınıb

Ölkə

2 Dekabr 2009, 14:31

Dekabrın 2-də Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” dinləmələri keçirilib. Modern.az xəbər verir ki, Milli Məclis, Avropa Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkil etdiyi tədbirdə deputatlar, Daxili İşlər, Ədliyyə nazirlikləri, Baş Prokurorluq, beynəlxalq təşkilatlar və QHT-lərin təmsilçiləri, ombudsman Elmira Süleymanova iştirak edib.

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, qadınlara qarşı zorakılıq dünyanın ən aktual problemlərindəndir, QHT-lər, hökumətlər, eləcə də beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər. Onun sözlərinə görə, Azərbaycan 2006-cı ildə Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub. B.Muradova deyib ki, “Məişət zorakılığına qarşı” qanunun qəbulu üçün cəmiyyətin dəstəyi vacibdir. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib ki, 2002-ci ildə Avropa Şurası Nazirlər Komitəsi “Qadınlara qarşı zorakılığın aradan qaldırılması”na dair tövsiyələr qəbul edib: “Avropa Şurası qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair konvensiya da hazırlayıb, gələn il qəbul ediləcək. Azərbaycanda məişət zorakılığı haqqında qanunun qəbulu bu problemin həlli üçün yaxşı qanunvericilik bazası olardı. Qadınlara qarşı zorakılıq bütün ölkələrdə mövcuddur. Bunun olmadığını demək problemə göz yummaq, özünü aldatmaq deməkdir və Avropa Şurası bu problemin aradan qaldırılmasında Azərbaycana dəstək verməyə hazırdır”.

YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Heravart bildirib ki, BMT-yə üzv ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmalı, maarifləndirmə işləri aparmalı və problemin həlli üçün proqram hazırlamalıdır.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib ki, 60 ölkə məişət zorakılığını aradan qaldırılması üçün qanunvericilik bazası yaradıb. Azərbaycan qanunvericilik bazası yaratmayan ölkələr sırasındadır. “Ümid edirəm ki, bu qanunun qəbulu Azərbaycanda da tezliklə gerçəkləşdiriləcək. Milli Məclis, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi qanuna rəy vermək üçün ATƏT-in Bakı ofisinə müraciət edib, qurumun demokratik təsisatlar və insan hüquqları bürosu qanun layihəsinə 25-30 səhifəlik rəy verib”-deyə o, bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Məişət zorakılığına qarşı”qanun layihəsindən danışıb. Onun sözlərinə görə, qanun layihəsinin məqsədi uşaq, qadın və ahıllara qarşı zorakılığın bütün növlərinin qarşısını almaqdır. H.Hüseynova bildirb ki, Dövlət Statistika Komitəsinin 2008-ci ildə keçirilən sorğuya əsasən, əhalinin 77 faizi cəmiyyətdə daha çox qadınların və uşaqların zorakılığa məruz qaldığı fikrindədir. 2008-ci ildə qadınlara qarşı 6352 cinayət törədilib , onun 3408-i məişət zorakılığı zəminində olub və qadınların sağlamlığına zərbə vurulub. Bu, rəsmi statistikadır və reallığı tam əks etdirmir, çünki belə zorakılığa məruz qalanların çoxu hüquq mühafizə orqanlarına müraciət etmək istəmirlər.

Baş prokurorunun müavini Namiq Əsgərov bildirib ki, 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıq faktı ilə bağlı 14 ölüm hadisəsi baş verib. Bu ilin 10 ayı ərzində isə bu rəqəm 16 olub. Qadınlara qarşı ötən il 1657, bu ilin 10 ayı ərzində isə 1312 xəsarət faktı qeydə alınıb. Baş prokurorun müavini təəssüflə qeyd edib ki, insan alveri cinayətlərində çox zaman qadınlar özləri iştirak edirlər. N. Əsgərov Azərbaycanda qadınların da cinayət törətdiklərini qeyd edib və bildirib ki, təkcə 2008-ci ilə qadınlar tərəfindən törədilən cinayətlərin sayı 2197 olub. Bu ilin 10 ayında isə qadınlar tərəfindən 1789 cinayət törədilib. Daxili işlər nazirinin müavini Oruc Zalovun sözlərinə görə, Azərbaycanda qadınlara qarşı son iki ildə və bu ilin 10 ayı ərzində 17354 cinayət hadisəsi qeydə alınıb. Onlardan 11389-u şəxsiyyət əleyhinə olub. Şəxsiyyət əleyhinə olan cinayətlərdən 7974-ü döymə, 1865-i qəsdən sağlamlığa zərər vurma, 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsidir. O. Zalovun sözlərinə görə, sonuncu hal ölkənin cənub bölgəsində üstünlük təşkil edir. Bundan başqa, həmin müddət ərzində 92 zorlama, 54 işgəncə faktı qeydə alınıb. Qeyd edilən müddətdə baş verən cinayətlərin 20 faizi qısqanclıq zəmində olub. Bu cinayətlərdən 45-i qadınların ölümü ilə nəticələnib, o cümlədən 4 azyaşlı qız ölüb. Nazir müavini qadınlara qarşı baş verən cinayətlərin 90-95 faizinin üstünün açıldığını da söyləyib. O. Zalov Daxili İşlər Nazirliyində qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə tədbirlər planı hazırlandığını, bu yöndə son bir neçə ildə böyük işlər görüldüyünü vurğulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi