Modern.az

Sözü işığa qərq edən ADAM - Zülfiyyə Eldarqızı

Sözü işığa qərq edən ADAM - Zülfiyyə Eldarqızı

29 May 2018, 23:35

Onun səhnədəki addımları mükəmməldir, o heç kimə arxalanmır, peşəkarlığına, daxili enerjisinə, istedadına, illər boyu böyük zəhmət hesabına əldə etdiyi biliklərə, təcrübəyə güvənir. İstənilən auditoriya qarşısında çıxışını yüksək bədii zövqlə təqdim etməyi bacarır. İstər teatr səhnəsində, istər kütləvi tədbirlərdə aparıcı olanda, istərsə də efirdə diqqəti özünə cəlb etməyə nail olur, xarici görnüşü, səsi və səsi ilə harmoniya təşkil edən iç dünyasının zənginliyi ürəklərə yol açır...

 

Bu xanım həm də tanınan və sevilən bədii qiraət ustasıdır. Ən həssas hisslərlə, duyğularla cilalanmış poeziya nümunələrinə yeni nəfəs verərək, sözü nura, işığa qərq edir, insanların könlnünü oxşamağa müvəffəq olur...

 

Söhbət Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızından gedir.

 

Bu günlərdə əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, polkovnik Hikmət Xudiyevin Zülfiyyə Eldarqızının (İsmayılova) pedaqoji fəaliyyətindən, sənət yaradıcılığıqdan bəhs edən, nəfis şəkildə nəşr olunmuş “Bütün gözəlliyi Tanrım o sərvinazə verib” adlı kitabı işıq üzü görüb.

 

Əsasən tarixi gerçəklikləri araşdıran, Milli Qəhrəmanları, Qarabağ müharibəsini mövzu seçən və bu mövzularla bağlı onlarla kitabın müəllifi olan Hikmət Xudiyev yaradıcılığının növbəti mərhələsində mədəniyyət sahəsinə üz tutmağının, bir sənətçi xanım haqqında kitab yazmağının səbəbini belə açıqlayıb:

 

-  Mədəniyyətdən, teatrdan, bədii qiarətdən yazmaq mənim üçün çətin oldu. Bu kitabı yazarkən bir çox görkəmli sənət adamlarının dəyərli həyatına müraciət etdim. Qadın sənətçiyə gəldikdə isə, mənim üçün xanımların sənəti deyil, onların ləyaqəti, əxlaq və mənəviyyatı, xanım olaraq ailəsinə və ömür-gün yoldaşına sədaqəti, ana cəfakeşliyi, Azərbaycan dövlətçiliyfinə bağlılığı, vətənpərvərliyi, ədalətsevərliyi, sənətinə vurğunluğu diqqətimii cəlb edə və kitabımın qəhrəmanı ola bilər - məhz Bütün gözəlliyi Tanrım o sərvinazə verib adlı kitabın qəhrəmanı Zülfiyyə Eldarqızı kimi.Yuxarıda sadaladığım keyfiyyətlər hər hansısa xanımın şəxsiyyətində ehtiva olunursa, o kosmos sahəsində fəaliyyət göstərərsə belə, fəaliyyət sahəsini öyrənərək onu vəsf etmək biz jurnalistlərin borcudur.

 

Müəllif sənətçi xanımı oxucularla daha yaxından tanış etmək üçün onun çoxşaxəli yaradıcılıq fəaliyyətininin hər bir sahəsi ilə bağlı kifayət qədər ciddi araşdırmalar aparıb, teatr və elmi-pedaqoji fəaliyyətinin bütün məqamlarını peşəkarlıqla qələmə alıb. Bu baxımdan Zülfiyyə Eldarqızının geniş fəaliyyət dairəsi müəllif üçün kitabı yazmaqda böyük imkanlar açıb.

 

Zülfiyyə xanımın yorulmadan, tükənməz enerji ilə çalışmasına, çoxşaxəli fəaliyyətinə kitaba ön söz yazan professor Qulu Məhərrəmli də öz dəyərli fikirlərini bildirib:

 

“Bu kitabın qəhrəmanı səhnə sənətimizin, teatr və bədii qiraət sahəsinin tanınmış nümayəndəsidir. Biz onu hər yerdə görür və səsini eşidirik. Televiziyada, teatrda, seriallarda, kütləvi tədbirlərdə, sosial şəbəkələrdə onu gülümsər çöhrəsindən, yapışıqlı və ruha işləyən səsindən tanıyırıq. Zülfiyyə Eldarqızı üzdə olan mədəniyyət xadimi, sənətinin sirrlərini gənclərə həvəslə öyrədən pedaqoq, səhnədə və ekranda fərqli xarakterləri canlandıran peşəkar aktrisa, teatr və kinonun dramaturji problemlərini, ifa sənətinin çağdaş mənzərəsini müxtəlif rakurslardan araşdıran tədqiqatçıdır...”

 

Müəllif bütün yaradıcılıq imkanlarından istifadə edərək Zülfiyyə Eldarqızını kitabın Gənclik, Universitet, Bədii qiraət, Teatr, Kino, Vətəndaş fəsillərində yetərincə dolğun şəkildə təqdim edib.

 

Həmçinin kitabda respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, sənət adamlarının Zülfiyyə Eldarqızı haqqında fikirləri də yer alıb. Professor Nizaməddin Şəmsizadə, yazıçı-dramaturq Aqşin Babayev, xalq artisti Canəli Əkbərov, xalq artisti Həmidə Ömərova, xalq artisti Simarə İmanova, professor Gülşən Əliyeva, yazıçı dramaturq Əli Əmirli, şair Baba Vəziroğlu, əməkdar artist Azad Şükürov, yazıçı dramaturq Elçin Hüseynbəyli, aktyor Əjdər Zeynalov, rejissor Vaqif Azəryar, şair İlham Qəhrəman, dosent Nadir Hüseynov, dosent Kəmalə Mehdiyeva sənətçi xanım haqqında ürək sözlərini bildiriblər.

 

Qeyd edək ki, bu ilin mart ayında Zülfiyyə Eldarqızının yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi ərəfəsində  “Qəm pəncərəsi"nin o üzündə” adlı kitabı, monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada çağdaş ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri olan xalq yazıçısı Anarın - bədii əsərlərinin ekran təcəssümü müasir elmi-nəzəri fikrin işığında araşdırılıb, müəyyən qədər tədqiq olunmuş bu problemə yeni təfəkkür işığında nəzər salınıb.  Monoqrafiyada ilk dəfə olaraq Anarın yaradıcılığı əsərlərinin ekran taleyi ilə paralel işlənib. Yazıçının bədii nəşrində lirik-psixoloji üslub təsnifatlandırılıb və sistem halında öyrənilib. Kitabda Anarın yaradıcılığı iki - sovet və müstəqillik dövrlərinə görə təhlil edilib və yalnız xronoloji baxımdan deyil, ideya cəhətdən də elmi araşdırmaya cəlb olunub. Monoqrafiya vasitəsilə yazıçının təkraredilməz fərdi üslubu oxuculara dərinliyi ilə çatdırılıb. Xüsusilə vuğulamaq lazımdır ki,  Zülfiyyə Eldarqızının “Qəm pəncərəsi”nin o üzündə” monoqrafiyası kinoşünaslığın az müraciət etdiyi mövzudur. Monoqrafiyanın əsas məziyyətlərindən biri odur ki, Zülfiyyə Eldarqızı həm kinematoqrafya, həm də bədii ədəbiyyatın inkişaf istiqamətlərinə, konkret əsərlərin poetik özəlliklərinə dərindən bələd olduğunu yazdığı elmi işi ilə sübuta yetirib.

 

Bəli, Zülfiyyə xanım usanmadan, tükənmədən həmişə hərəkətdə olan, yaradıcılıq fəaliyyətinin bütün çətinliklərinə sinə gərməyi bacaran xanımlardandır. Gərgin iş rejimi onun əsəblərini tarıma çəkə bilmir. Ən çətin anlarda belə istənilən telefon zənginə, müraciətə mehribanlıqla, şirin dillə, təbəssümlə cavb verir, xoş zarafatları ilə mövcud gərginliyi aradan qaldırmağı bacarır. Bu sənətçi xanımın böyüklüyü, gücü ondadır ki, o heç kimə imkan vermir ki, içindəki hayqırtını, Qarabağ həsrətini, ürəyindəki Laçın nisgilindən doğan dərdlərin pıçıltısını eşitsin...

 

Və sonda qeyd edim ki, “Bütün gözəlliyi Tanrım o sərvinazə verib” kitabının redaktoru kimi istər kitabın qəhrəmanı, istərsə də müəlliflə birgə işləməkdən böyük məmnunluq hissi keçirdim. Təbii ki, kitabın hazırlanma prosesində fikir ayrılıqları da ortaya çıxdı, yaradıcı mübahisələr də oldu. Amma nə xoş ki, hər iki tərəfin ziyalı və həssas olmaları sonluqda qarşılıqlı anlaşma ilə yekunlaşdı. Vətən sevgili insanlardan yalnız bunu gözləmək olardı.

 

Zülfiyyə Eldarqızını və Hikmət Xudiyevi yeni kitabın işıq üşü görməsi münasibətilə təbrik edirəm, mənim üçün dəyərli olan bu insanlara yeni yaradıcılıq uğurları arzulayıram...

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı