Modern.az

Cümhuriyyət qurucularının izi ilə... - Tiflisdən REPORTAJ

Cümhuriyyət qurucularının izi ilə... - Tiflisdən REPORTAJ

Reportaj

30 May 2018, 15:34

Şimal-qərb qonşumuz Gürcüstanla bağlı hamının fərqli təəssüratları var. Mənim təsəvvürümdəki Gürcüstan  insanların yaşayış səviyyəsinin aşağı olduğu bir ölkə idi. Səyahətlə bağlı hansısa planlar quranda Gürcüstana getməyim alınmırdı ki, alınmırdı…


Nəhayət bu istəyim gerçəkləşdi…

Bu günlərdə  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar  Gürcüstana yollanan jurnalist heyətində Modern.az-ın əməkdaşı olaraq mən də vardım.


Mayın 28-də tezdən saat 06:00-da Bakıdan Gürcüstana yola düşdük. Günorta saatlarında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə çatdıq. Gömrükdə bir az gözlədik və pasportlarımıza möhür vurulandan sonra Gürcüstana keçdik. Gürcüstan tərəfə keçər-keçməz qarşımızı azərbaycanlı taksi sürücüləri kəsdi: “Tiflisə gedən var?”. “Yox qardaş, öz maşınımızla gedəcəyik” deyəndən sonra kənara çəkildilər. Və Tiflisə yola düşdük. 



Yollar düz olsa da, rahat deyildi. Hardasa 35 dəqiqə yol getdikdən sonra Tiflisə çatdıq. Bizi AzərTAC-ın Gürcüstan müxbiri Xətayi Əzizov və digər həmvətənlərimiz qarşıladı.

 

Ardınca Tiflisə gəzintiyə çıxdıq.

 

Tiflisin mərkəzində yerləşən Heydər Əliyev parkında olduq. Mərhum prezident Heydər Əliyevin qəbirüstü abidəsini ziyarət etdik.


Daha sonra isə Gürcüstanın paytaxtı Tiflisin mərkəzində yerləşən, turistlər və yerli əhalinin tez-tez ziyarət etdiyi məkana - Botanika Bağına yollandıq.  Bu ərazi istirahət guşəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin dəfn olunduğu yerdir.Tiflis Botanika Bağınının ərazisində köhnə müsəlman qəbiristanlığı da yerləşir. Həmin məzarlıqda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin ilk sədr müavini Həsən bəy Ağayev, böyük mütəfəkkirlər Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh və digərləri dəfn edilib.

 

Bağın içərisindən keçib qarşıdakı dağa doğru addımlayırsan. Məzarlığa çatanda ilk olaraq üzərində ay-ulduzlu və "Azərbaycan Xalq Cümhuriyyəti XIX-XX əsr" yazılmış abidəni görürsən. Sağda dörd tərəfi dəmir hasara alınmış bir neçə məzar, sol tərəfdə isə gül bağı... Bura bir ziyarətgahdır.


Botanika bağındakı “köhnə müsəlman qəbiristanlığı”nda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin, dahi şair Mirzə Şəfi Vazehin və digər görkəmli şəxslərin məzarlarını ziyarət etdik.

 


AzərTAC-ın Gürcüstan müxbiri Xətayi Əzizov Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin dəfn olunduğu yer barədə bizə məlumat verdi. O bildirdi ki, Sovet hakimiyyəti qurulduqdan sonra müəyyən təqib və təzyiqlərlə üzləşmiş cümhuriyyətçilər qürbətə üz tutubular.

 

“Ən acınacaqlısı isə odur ki, onlar mühacirətdə də azad, təhlükəsiz yaşaya bilməyiblər. Onların bəziləri mühacirətdə amansızlıqla qətlə yetirilib. Azərbaycanlılar tez-tez bu məzarlığı ziyarət edirlər. Hər dəfə hansısa bir azərbaycanlı gəlib bu məzarlığı ziyarət edəndə, mən qürur hissi duyuram və öz-özümə deyirəm: deməli, onlar ölməyiblər, yaşayırlar”.

 

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirdi ki, AXC qurucularının dəfn olunduğu yer hər bir azərbaycanlı üçün sanki ziyarətgahdır:


“Cümhuriyyətin elan olunduğu gündə Tiflisə səfər etməyimiz qürurvericidir. AXC qurucularının xatirəsi hər zaman xalqımız tərəfindən anılır”.

 

Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin dəfn olunduğu yeri ziyarət etdikdən sonra 100 il əvvəl - 1918-ci ildə Cumhuriyyətimizin elan olunduğu binaya getdik.


Gürcüstanın paytaxtı Tiflisin mərkəzi küçəsində, Parlament binasının qonşuluğunda, Şota Rüstaveli 6 ünvanında hazırda Gənclər Mərkəzi adlanan binaya yollandıq.

 


Həmin binada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçrildi. Azərbaycanın Gürcüstandakı səfirliyinin AXC-nin Tiflisdə ilk dəfə elan olunduğu tarixi binada təşkil etdiyi yubiley tədbirində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, dovlət və hökumət üzvləri, parlamentin deputatları, diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, habelə bu ölkədəki Azərbaycan şirkətlərinin nümayəndələri iştirak etdilər.

 


Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək, AXC-nin yaranması, 1918-ci il mayın 28-də bu tarixi binada qəbul olunmuş qərarların əhəmiyyəti barədə məlumat verdi.  Sovet hakimiyyətinin qurulması ilə AXC-nin süquta uğradığını vurğulayan diplomat xalqımızın müstəqillik arzusunun heç zaman yenilmədiyini, 1992-ci ildə müstəqilliyinə yenidən qovuşduğunu,  Heydər Əliyevin gərgin əməyi nəticəsində bu müstəqilliyin möhkəmləndiyini diqqətə çatdırdı.

 

Daha sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili çıxış etdi. O bildirdi ki, Azərbaycan son 10 ildə Gürcüstanın enerji probleminin həllində, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında çox böyük yardımlar edib. Gürcü xalqı bunu heç zaman unutmayacaq.



Beləcə, AXC-nin 100 illliyilə bağlı Tiflis səfərimiz başa çatdı… Səfər AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına icra olunan “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi