Modern.az

Daha iki müəllim imtahanda 60 bal topladı

Daha iki müəllim imtahanda 60 bal topladı

31 May 2018, 11:50

Təhsil Nazirliyi mayın 26-dan orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirir.

Modern.az-ın məlumatına görə, 29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib.


Diaqnostik qiymətləndirilmədə daha iki müəllim ən yüksək nəticə göstərib.


60 bal toplayanlardan biri Leyla Paşayevadır. Gənc müəllim təəssüratlarını Modern.az-la bölüşüb.

“İmtahan öncəsi çox həyəcanlı idim. Eyni zamanda, ən yüksək nəticə göstərməklə bağlı içimdə bir ümid də vardı. Qarşıma 60 bal toplamağı hədəf olaraq qoymuşdum. Müəllimlərin diaqnostik qiymətləndirməsi üzrə keçirilən imtahanlara ilk dəfə idi ki, qatılırdım. Əslində, 2007-ci ildən müəllim kimi fəaliyyət göstərirəm. Hamı diaqnostik qiymətləndirmədən keçib. Amma mən analıq məzuniyyətində olduğum üçün bunu edə bilməmişdim. Buna görə də çox həyəcanlı idim. Aprel ayından kurikuluma hazırlaşdım. Düzü, hər hansı xüsusi məqsədim yox idi. Hamı diaqnostik qiymətləndirmədən keçmişdi, mən də keçməliydim. İxtisasımla bağlı hər hansı şübhəm olmasa da,  kurikulumla bağlı suallara cavab verə bilməməkdən qorxurdum. Eyni zamanda, yüksək nəticə göstərmək istəyirdim.
Hazırda Kəlbəcər rayonu 97 saylı məktəbdə ingilis dili müəllimi işləyirəm. Peşəmi və uşaqlarla işləməyi çox sevirəm. 60 bal topladığıma görə iş yerimi dəyişmək barədə düşünürəm. Güman ki, Bakı məktəblərinin birində işləmək üçün sənədlərimi verəcəm”.

Qəbələ rayonu Vəndam kəndindəki 1 nömrəli məktəbin ingilis dili müəlliməsi Mədinə Qasımova da yüksək nəticə göstərdiyinə görə çox sevinir:

“Ucqar kənddə çalışsam da, 60 bal toplaya bildim. Yaxşı çalışanda yüksək nəticə əldə etmək olur. İkinci dəfə idi ki, müəllimlərin imtahanına qatılırdım və istədiyim nəticəni əldə edə bildim. Orta məktəbdə uzun illərdir ki, müəllim işləyirəm. Güman ki, məktəbimi dəyişmək barədə düşünəcəm.

Keçən dəfə 55 bal toplamışdım. Ucqar kənddə çalışıram. Ən yüksək nəticə əldə etmək istəyirdim. Ona görə ikinci dəfə də imtahanlara qatıldım. Artıq 18 ildir ki, bu kənddə müəllim işləyirəm. Düşünürəm ki, hər müəllim daim öz üzərində çalışmalıdır. Peşəmiz elə peşədir ki, daim bizdən məlumatlı, hazırlıqlı olmaq tələb olunur. Diaqnostik qiymətləndirmədən keçmək mənim üçün xüsusi hazırlıq tələb etmirdi. İşimi sevirəm və dərsə hər gün hazırlaşıram. Hər gün hazırlaşdığım bir işdən imtahan vermək mənə çətin olmadı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?