Modern.az

Hadi müəllimin dedikləri və demədikləri

Hadi müəllimin dedikləri və demədikləri

1 İyun 2018, 10:50

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli haqqında qərəzli jurnalist yazılarını oxuyanda məyus oluram. Ona görə ki, Hadi Rəcəbli o qərəzlərin və böhtanların hədəfi olası deputat deyil. Mən parlament jurnalisti kimi uzun mülddət onunla ünsiyyətdə olmuş, bir çox müsahibələr almış, gündəmdə olan məsələlərə dair münasibətini öyrənmişəm. Hamısında da yüksək etika qaydasında cavablar almışam və cavabları da şablon olmayıb, ədaləti, haqqı müdafiə edən olub.

Hadi Rəcəbli parlamentdə çox azsaylı deputatlardandır ki, qapısı həmişə jurnalistlərin üzünə açıq olub. Jurnalistlərlə də söhbətini səmimi ab-havada, çox vaxt isə çay dəstgahı ilə davam etdirib. Məhz belə bir səmimi ortamda jurnalist müsahibindən istədiyi cavabı almağa nail olur. Ona görə yox ki, burada yalnız jurnalist peşəkarlığı dada çatıb, həm də ona görə ki, Hadi Rəcəbli jurnalistin hansı cavabı almaq istədiyini anlayan peşəkar həmkarımızdır. Ona görə həmkarımız deyirəm ki, Hadı Rəcəbli gənc yaşlarında peşəkar jurnalist kimi fəaliyyət göstərib. Respublikamızın tirajlı mətbuat orqanlarında çalışıb. Məhz bu səbəbdəndir  mən şəxsən ondan aldığım müsahibələrin ümumi məzmununa, verilən sualların cavablarına baxanda oradakı səmimiyyəti həmişə hiss etmişəm.

Hadi Rəcəbli jurnalistlərin dostudur. Onlara öz həmkarları kimi yanaşır və Milli Məclisdə onların hüquqlarını qorumağa çalışır. Hətta jurnalistlər onları narahat edən şəxsi problemlərinin həlli ilə bağlı Hadi müəllimə müraciətlər edəndə onlara dəstək olur, bəzi idarələrə, vəzifə sahiblərinə zəng edərək bu problemlərin həllinə yardımçı olmağa çalışır. Onun qənəətincə, jurnalistlərə diqqət və qayğı cəmiyyətə, ziyalılara, ən nəhayət, dövlətə göstərilən diqqət və qayğıdır.  

Bu gün bir çox sosial problemləri olan vətəndaşlar Milli Məclisin qarşısına gələrək deputatlarla görüşməyə çalışırlar. Hətta gələnlərin arasında müharibə əlilləri, müharibə veteranları, şəhid ailələri də olur ki, Hadi müəllim onların qarşısına çıxmağı özünə borc bilir. Mən müşahidələrimə əsasən deyərdim ki, deputatlardan Hadi Rəcəbli və Musa Quliyev həmişə  şikayətçilərin qarşısına çox cəsarətlə və həm də alnıaçıq, üzüağ çıxıblar. Əvvəla ona görə ki, onlar  öz statuslarına uyğun olaraq daim bu təbəqənin hüquqlarının müdafiəsi ilə məşğul olublar. Eyni zamanda,  yerlərdə bəzi məmurların narazı saldıqları müharibə əlilləri, şəhid ailələri, müharibə veteranları Hadi müəllimlə görüşə can atırlar. Bilirlər ki, bu deputat onların problemlərinin həlli üçün məmurlarla sərt danışa və qarşılaşdıqları çətinliklərin həllinə yönləndirə bilən cəsarət sahibidir.

Əslində, Hadi müəllimə qarşı qərəzli jurnalist yazılarının bir səbəbi də odur ki, həmin jurnalistlərdə peşəkarlığın əsas ölçüsü olan obyektivlik və qərəzsizlik meyarları çatmır. Hadi müəllim dəfələrlə deyib ki, mənim fikirlərimi bəzi jurnalistlər kontekstdən çıxararaq, özlərinə sərf edən, guya sensasiya yarada biləcək hissələrini veriblər. Bununla da indiki KİV bolluğunda xəbərlərinin oxunmasına nail omaq istəyirlər. Hadi müəllim deyir ki, mən müəllimlərə həmişə yüksək qiymət vermişəm, onların cəmiyyətdəki rolunun, dəyərinin əvəzsiz olduğunu bildirmişəm.

Deputat müəllimlər haqqında deyir: «Bir şeyi bilin ki, parlamentdə mən təkcə əlillərin, sosial durumu ağır olan insanların yox, eyni zamanda, müəllimlərin lobbiçisiyəm. Həmçinin müəllimlərin əmək haqları, sosial durumları ilə bağlı ardıcıl çıxışların müəllifiyəm.» «Report» saytı yazır ki, bunu Milli Məclisin  Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Təhsil Problemləri İnstitutunda «İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər» mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün peşələrin, vəzifələrin alisi müəllimlikdir: «Bu gün müəllim həmkarlarıma, elm istiqamətli, ağır cəbhədə çalışan müəllimlərə bir şeyi demək istəyirəm ki, nə qədər paradoksal da olsa, bu gün Azərbaycanda sabitliyi pozmaq istəyən, müstəqilliyi, eləcə də hakimiyyətin uğurlu, sistemli addımlarını, dövlət quruculuğunu istəməyən qüvvələr müəllimləri qızışdırmaq, onlarda hansısa mənfi fikir yaratmaq istəyirlər. Bununla da həmin qüvvələr müəllimləri hakimiyyətlə qarşı-qarşıya qoyurlar. Buna da ən bariz nümunə kimi son günlər saytlarda mənim adımın hallanmasıdır».

«Saytlardan bəziləri yerli mətbuatlardan birinə verdiyim müsahibəyə istinad edərək «Hadi Rəcəbli müəllimlərə fəhləlik təklif edir» kimi başlıq çıxarıb. İnanın ki, 95% adam o mətni heç oxumayıb və başlıqdakı cümləni tutaraq ona şərh yazıb. Bu formada məlumatı yayanlar sadəcə müəllimlərin hissi ilə oynayırlar. Tövsiyəmiz odur ki, mətni diqqətlə oxusunlar», - deyə komitə sədri əlavə edib.

O, həmçinin deyib ki, bütövlükdə təhsil sistemində bəzi işlər görülməlidir: «Buna səbəb ölkədə daha keyfiyyətli və yaxşı müəllimlərin yetişməsidir. Bəzən iki yerdə dərs deyən, evdə şagirdlə məşğul olan müəllimlərə rast gəlirik. Təbii ki, bunları qəbahət saymaq olmaz. Çünki müəllimlər daha yaxşı yaşamaq üçün daha çox çalışmalıdır».

Hadi Rəcəbli həmin ictimai-siyasi fəallardandır ki, jurnalisti qərəz və böhtana görə heç vaxt məhkəməyə vermək iddiasında olmayıb. Onun qənaətincə, jurnalisti məhkəməyə verməkdənsə onu obyektivliyə, vicdanlı jurnalistikaya yönləndirmək daha effektlidir. Hadi müəllim deyir ki, bu gün  möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri və bunun fonunda dünyanın respublikamızın artan nüfuzunu heyranlıqla müşahidə etməsi belə xırda işlərə vaxt sərf etməyə lüzum görmür. Hələ Ulu Öndər  vaxtıilə onu sərt tənqid edən, bəzi hallarda təhqirlərə yol verən jurnalistləri bağışlayaraq məmurları da bu humanistlikdən nümunə götürməyə səsləyirdi: «Mən də  jurnalistlərə qarşı bu humanistliyin tərəfdayrıyam. Çünki bu prinsip Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, ən başlıcası isə ölkəmzdə söz və mətbuat azadlığının inkişafı üçün çox əhəmiyyətlidir».

Elçin Zaman

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?