Modern.az

Hələlik qocalma, Tofiq Abdin!

Hələlik qocalma, Tofiq Abdin!

Mədəni̇yyət

1 Sentyabr 2011, 15:35
Bu gün Tofiq Abdinin 70 yaşı var. Bu çoxdurmu, azdırmı, heç kəs bilmir, müəmmalı məsələdir, bircə onu demək olar ki, bu yaşı ona sadəcə vermək mümkün deyil. On il, iyirmi il, otuz il, qırx il əvvəl necə idisə, indi də eləcədir. Maşallah, göz dəyməsin! Mirzə Ələkbər Sabirin misraları yada düşür:

Şəhri-məlumunuzun vəzi-qərarı
necədir?
Həmdilullah, necə görmüşdüsə Nuh,
öyləcədir.
 
Bu beytdə “şəhri-məlum” əvəzinə “Tofiq Abdin” yazmaq olardı. Sabirin ruhu şad olsun!
Çox güman ki, burada elə bir sirr də yoxdur. Bəzən biz tamamilə təbii, qanunauyğun hadisələri möcüzə hesab etməkdən zövq alırıq.Onsuz da hər bir şəxs altı yaşında artıq formalaşmış olur və onun xüsusiyyətləri sonradan çox az dəyişir.
 Mənim bir dostum vardı. Güney Azərbaycandan lap uşaq vaxtı Bakıya gəlmişdi; orada ikinci sinfi bitirmişdi; İranda da ikinci sinfə “dəvvam” deyirlər. Həmin dostum burada orta məktəbi, texnikumu, institutu, aspiranturanı bitirmişdi, amma həmişə deyərdi ki, mən “dəvvam”ın üstündəyəm, yəni biliyim heç artmayıb. Əlbəttə, bu bir az mübaliğədir, amma həqiqət yükü də olmamış deyil.
Tofiq Abdin də az dəyişib. Bəlkə də bu gözümüz önündə baş verdiyindən bizə belə görünür. Amma orası mübahisəsizdir ki, o qırx il, əlli il əvvəl necə idisə, eləcə emosionaldır, narahatdır, hövsələsizdir, dəymə-düşərdir, tez inciyən, tez barışandır, yeniliyi başqalarına nisbətən daha asanlıqla qəbul edəndir, cavanlarla oturub durmağı və onlar kimi geyinməyi xoşlayandır, yumurtanı, kolbasa və sosiskanı digər yeməklərdən daha çox bəyənəndir...
Tofiqi mən keçən əsrin (vay, bu əsr necə tez keçdi!) altmışıncı illərindən tanıyıram. Ədəbiyyat dərnəklərinə gedərdik. Yazıçılar Birliyinin (o zaman İttifaq deyirdilər) Natəvan klubunda, Lenin adına və Sabir adına kitabxanalarda yığışıb şeir, hekayə oxuyardıq, bir-birimizi tərifləyər, yaxud tənqid edərdik. Bu cür dərnəklərin çox böyük əhəmiyyəti var idi. Həmin ədəbiyyat həvəskarları bir-bir ilə ünsiyyət qurur, həm də yazıları barədə fikirlərlə tanış olurdular. Bunlar onların birinci növbədə qabiliyyətinə kənardan baxanların münasibətini bilmək və yazılarına tənqidi yanaşmaq baxımından əhəmiyyətlidir. Mənim bir şair dostum var. Həmişə ona deyirəm ki, sənin əsas nöqsanın dərnək görməməyindir, dərnəklərdə şeir oxusaydın, məsələn, filan misranı, yaxud beyti bu cür yazmazdın.
Tofiq dərnəklərdə çox fəal idi, iddialı idi, inamlı idi, həm şeirlər oxuyurdu, həm də həmyaşıdlarının şeirlərini təhlil edirdi.
İndi o vaxtdan illər keçib.Tofiqin çoxlu kitabları çapdan çıxıb. Onların içərisində hekayələr də var, şeirlər də, publisistika da var, memuar da...
Bir zamanlar cavan vaxtlarımda gündəlik yazırdım. Hər gün baş verən hadisələri qısaca bir-iki cümlə ilə dəftərə qeyd edirdim. İndi o dəftərə baxıram və orada Tofiq Abdinlə bağlı yazılar da görürəm. Məsələn, aşağıdakılar 1970-ci ilə aiddir:
3 iyun. Tofiqin aldığı evə baxmağa getdim. Naxalstroyda çoxsaylı gecəqondulardan biridir. Çoxlu kəm-kəsiri olsa da yaşamaq olar. Elə orda futbola baxdıq. Rumınlar az qala ingilisləri udacaqdılar. Yaxşı oynayırdılar. Heyf ki, uduzdular.
7 iyun. Bu gün bazar günüdür. Guya istirahət edirəm. İstirahət də ondan ibarətdir ki, Tofiqin evində iki futbol yarışına baxmışam. SSRİ – Belçika (4:1) və Braziliya – İngiltərə (1:0).
30 iyun. Bu gün Azərbaycan radiosuna getmişdim. Mövluda iki hekayə verdim. Tofiq Məhərrəmoğlu da ordaydı.
 4 iyul. Saat 12-də Tofiqlə Çingiz Əzizovun rəsmlərinə baxmağa getdik. Məhsuldar işləyən rəssamdır. Tofiq onun barəsində radioda veriliş hazırlamaq fikrindədir.
 4 sentyabr. Tofiq dedi ki, Mövlud radionun incəsənət şöbəsinə keçib.
12 sentyabr. Elman (Mehdiyev) bir toğlu almışdı. Günortadan sonra yığışıb kabab bişirdik. Səkkiz nəfər idik: Yusif, Ziyəddin, Mahmud, Rəhim, Tofiq, İsmayıl, mən və bir də, əlbəttə, evin sahibi Elman.
23 sentyabr. Tofiqlə bərabər xeyli gəzdik, dərdləşdik.
30 sentyabr. L.İ.Brejnev Bakıya gəldi. Heç yerə getmədim. Ç.Aytmatovun “Belıy paroxod” povestini oxuyuram.Tofiqdən almışam.
2 oktyabr. Dünən Tofiqin “Adlerdə bir körpü var” povestinin əlyazmasını oxumuşam. Bu gün fikirlərimi müəllifə bildirdim. İnanmıram ki, yaxın vaxtlarda onu çap etdirə bilsin.
4 oktyabr. Elman axşamüstü xəbər verdi ki, evi satmışdır. Köçürəm Yasamala. Tofiqlə qonşuluqdan gedirəm Ağasəfa ilə qonşu olmağa.
Buradakı sxematik təsvirlərdə mən nə görürəm? Ömrümüzün bir parçasını. Elə bir parçasını ki, orada örnək olacaq heç nə yoxdur, qeyri adilikdən isə söhbət belə gedə bilməz. Amma orada mənim üçün həyat var və oxucu o həyatı yalnız təsəvvür edə bilər. Mən isə həmin anları xatırlayıram və Nazim Hikmət haqqında, Çingiz Aytmatov haqqında, Tofiqin və mənim yazılarım haqqında mübahisələrimiz yadıma düşür. O zaman biz cavan idik, şəraitimiz, gəlirimiz olmasa da gələcəyimizə ümidli idik. Tofiq hərbi qospitalın yaxınlığında gecəqondu bir daxma almışdı, orada yaşayırdı, mən isə dostum Elmanın evində qalırdım, təzəcə evlənmişdim, sonra isə dostum evini satdı, mən Mariya adlı bir arvadın mənzilində bir otağı kirayələyib ora köçdüm.
Həmin vaxtdan 41 il keçib. İtirdiklərimiz də olub, qazandıqlarımız da.
Tofiqin kitablarından ikisini daha əhəmiyyətli sayıram. Onlardan birinin adını “Poeziya”, o birinin adını “Proza” qoyub. Bunlardan birincisinə onun seçmə şeirləri, o birinə seçmə nəsr əsərləri daxil edilib. Maraqlıdır ki, o, “nəsr” əvəzinə “proza” işlədir, “Proza” latıncadır, çox dillərə keçsə də, biz ərəblər kimi “nəsr” işlədirik, Türkiyədə də azca fərqlə “nesir” qəbul edilib. Maraqlıdır ki, ərəblərdə üç cür tələffüz edilən “s” səsi var, işarələri də fərqlənir, birinə “sə”, o birinə “sin”, üçüncüsünə “sad” deyirlər. Proza bildirən “nəsr” sözündə “sə” hərfi yazılır; “sin” yazılsa, “qartal” mənası, “sad” yazılsa “kömək” mənası verir.
Bütün bunları ona görə deyirəm ki, uzun müddət Türkiyədə jurnalistlik fəaliyyəti ilə məşğul olmuş Tofiq Abdin osmanlı ləhcəsində olan çoxlu sözlər işlədir, məsələn, bir şeyi yekunlaşdıranda “tamam” deyir, “salat” əvəzinə “salata” işlədir, “mötərizə” demək lazımdırsa, “parantez” deyir. Yeri gəlmişkən, onun “Ah, İstanbul, İstanbul...” kitabında Türkiyə barədə fikirləri, jurnalistlik fəaliyyəti ətraflı göstərilib və burada da bizim işlətdiyimiz və ya çox az işlətdiyimiz sözlərdən çox istifadə edilib.
Türkiyəni ikinci vətəni hesab eləsə də, o qəriblikdə olduğunu yazılarında hiss etdirir. Məsələn, onun bir şeiri belədir:
 
Sən qəribliyin rəngini bilirsənmi
bilirsənmi
qərib üçün günəş doğmur
səhər açılmır qəriblikdə
axşam düşmür qəriblikdə
 
Elə buradaca yadımdan çıxmamış diqqətinizə çatdırım ki, o, şeirlərində demək olar, durğu işarələrindən istifadə etmir: kim necə istəyir elə də oxusun. Ona görə də mən yuxarıdakı misralarda heç bir durğu işarəsi qoymadım.
Madam ki, söhbət şeirdən düşdü, elə buradaca Tofiqi publisist, nasir, teatrşünas hesab eləyənlər var, amma əksəriyyət onu jurnalist kimi qəbul edir, çünki o, yazıçılarımızın içində ən çox jurnalistika ilə məşğul olandır. Lakin mənə görə o şairdir, sənədli hekayələrində də, bədii nəsrində də (bağışlayın, prozasında da), hətta informasiya xarakterli yazılarında da şairdir. Həm də onun şeirləri heç kimi xatırlatmır, sərbəst şeirləri də, klassik üslubda yazılmış şeirləri də yalnız onun özünə məxsus fikirlərin, duyğuların və yenə də onun özünə məxsus şəkildə yazılışıdır. Onun lap çoxdan yazdığı bir şeiri belədir:
 
Gecə gecələyir
daş küçələrdə,
İşıqdan ağ pərdə
pəncərələrdə,
Bir otaq işıq içindən
baxaram gecəyə,
İşıqlar divarla iməkləyərək –
qalxar üst mərtəbəyə,
Tramvaylar yol gedər –
başımızın üstündə
Şimşək çaxar,
gecə odlanar.
Qığılcımlar
qızıl yağış tək
çiynimizə yağar.
Şirin yuxusundan
oyanan körpələr kimi
reklamlar göz qırpar.
Elə bil kəpənəklər tora düşüb
qanadlarını çırpar...
 
Bu uzun sitat Tofiqin 1972-ci ildə çap olunmuş bapbalaca bir kitabçasındakı “Şəhərdə gecə” şeirindəndir. Gözəl şeirdir. Burada hər şey yerindədir və Bakının necə olduğu bədii boyalarla dəqiq təsvir edilib. İndiki şəhərimiz buna uyğun gəlmir, çünki tramvayları çoxdan yox eləyiblər.
Tofiq təkcə tərənnüm etmir, nöqsanları da göstərir və oxucunu düşünməyə məcbur edir. Onun cəsarətlə yazılmış şeirləri əvvəllər də vardı, indi də var. Bircə nümunə göstərəcəm:
 
Bu xalq müdrikliyi sevdi
bir də
müdrikcəsinə qırıldadanları
müdrik görünmək üçün
can atdı, cansız qaldı
qanına min cür qan qatdı
qansız qaldı
Bir vaxt Allahı tanımayanlar
Allahlı oldu
bir vaxt Allahı tanıyanlar
Allahsız qaldı
Bir yolu olmadı ki
o yolla getsin
bilmədi ki sağa getsin,
bilmədi ki sola getsin
ən gözəl yolu tapdı
yerində durub saymaq
və heç nə olmamaq
 
Burada bir ağrı var: insan ətalətinin doğurduğu bəlaların dərk edilməsindən doğan bir ağrı. Burada bir inam var: doğru yolun seçiləcəyinə inam.
Tofiqin bədbin şeirləri əsasən əbədi “olum ya ölüm” probleminə həsr olunub. Məncə, belə şeirlərinin ən yaxşılarından biri budur:
 
Mənim yoxluğumda
bir ölüm doğulacaq
Onun beş yaşı olacaq
Sonra on yaşı olacaq
Sonra on beş yaşı olacaq
Sonra... çox sonra...
yüz yaşı olacaq
və o da qocalacaq bir gün
amma ölməyəcək o ölüm.
 
Bu şeir on iki il əvvəl yazılıb. Onda Tofiqin 58 yaşı var idi. Sonra 60 yaşı oldu, sonra 65 yaşı oldu, indi 70 yaşı var, sonra75 yaşı olacaq, sonra 80 yaşı olacaq. Sonra... çox sonra... yüz yaşı olacaq və o da qocalacaq. Amma Tofiqin yaratdıqlarının çox böyük hissəsi qocalmayacaq.
Hələlik qocalma, Tofiq Abdin! Özün yazdığın kimi yüz yaşında qocalarsan.
 
Aslan QƏHRƏMANLI, yazıçı
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir