Modern.az

Bizimkilər - Şuşalı jurnalist: “Müharibə uşaqlığımın üstündən xətt çəkdi, atam əsir düşdü...” - FOTOLAR  

Bizimkilər - Şuşalı jurnalist: “Müharibə uşaqlığımın üstündən xətt çəkdi, atam əsir düşdü...” - FOTOLAR   

4 İyun 2018, 11:32

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı “Kaspi” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədlidir.


“26 ildir onun haqqında heç bir xəbər əldə edə bilmədik”

Bəxtiyar Məmmədli  1981-ci ildə Şuşada anadan olub. Bakı Dövlət Universitetinin (BDU)  Jurnalistika fakültəsini  bitirib.  Jurnalistin ən böyük arzusu Şuşaya qayıdıb, doğma torpağında yaşamaqdır:


“Azərbaycanın zümrüd tacı olan Şuşada dünyaya gəlmişəm. Uşaqlığımın ilk illərini xoşbəxt balacalar kimi, atalı-analı, evi-eşiyi olan, heç bir problemi olmayan bir azyaşlı kimi keçirmişəm. Belə demək mümkünsə, Qarabağ məsələsi başlayana qədər əsl uşaqlıq dövrü yaşamışam. Bu illər ərzində Şuşanın bir çox görməli yerlərini gəzmişəm, dolaşmışam. Ta ki, müharibə başlayanadək...
Uşaqlıq dövründən yeniyetməliyə qədər bir dövrü qələmə alsam, yaxşı bir kitab alınar. Müharibə isə nəinki mənim, o dövrdəki həmyaşıdlarımın uşaqlığının üzərindən xətt çəkdi. Uşaqlar oyuncaqla deyil, silah-sursatla, güllə ilə oynamağa başladılar. O dövrdə Şuşadakı 4 saylı orta məktəbdə oxuyurdum. Şuşada döyüşlər getdiyi bir vaxtda orta məktəbdəki sinif yoldaşlarım bir-bir azaldı. Çünki insanlar öz ailələrini təhlükə altında saxlaya bilməzdilər. Təxminən, 1992-ci ilin yanvarında  məktəbimizdə dərslər dayandırıldı. Xocalı faciəsi baş verən günün səhəri günü isə valideynlərim balaca bacımla məni Şuşadan çıxarıb Yevlaxdakı qohumlarımızgilə yerləşdirdilər. Bura uyğunlaşmaq çətin idi. 2-3 ay Yevlaxdakı 5 nömrəli məktəbdə oxudum. Daha sonra elə həmin ilin yayında Bakıya köçdük. 1992-ci ilin payızında indi yaşadığımız "Rabitəçi" sağlamlıq düşərgəsinin bir küncündə açılan Şuşa 9 saylı orta məktəbdə təhsilimi davam etdirdim. Şuşanın işğalından sonra və məcburi köçkün həyatı yaşamaqla hansı uşaqlıqdan danışasan?

Həm də ailəmiz çətin vəziyyətdə idi. Çünki Şuşanın müdafiəsi zamanı atam Feruz Məmmədov ermənilər tərəfindən əsir götürülmüşdü. Onun bu həyatda bəxti gətiməmişdi. Atam müharibə dövründə, 1941-ci ildə dünyaya gəlmişdi, 3 yaşında anasız qalmışdı və elə Qarabağ müharibəsi zamanı da əsir götürülmüşdü. Çox axtardıq, amma 26 ildir onun haqqında heç bir xəbər əldə edə bilmədik.

Biz ailədə 5 uşağıq, 4 bacım var. Mən və bacılarımın hamısı dünya durduqca anamıza borcluyuq. Çünki onun zəhməti, əziyyəti nəticəsində bacılarım və mən ali təhsil ala bilmişik. Bugünkü Bəxtiyar Məmmədli hər zaman anasına borcludur və belə də olacaq...”.

“Burada bir-birinə güvən, etibar və dəstək var”

 Müsahibimiz deyir ki, jurnalistika ixtisasını seçmək anasının arzusu ilə olub:

“Anam hər zaman bu sahəyə xüsusi önəm verib və övladlarından birinin jurnalist olmasını arzulayıb. Bu da mənim qismətim imiş. Amma bu sahədə ali təhsil almağım bir balaca fərqli nüanslarla yadda qalıb. Çünki 1999-cu ildə Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. Bu universitetdə bir il təhsil aldıqdan sonra öz istəyimlə Naxçıvan Özəl Universitetinə köçürüldüm. Lakin burada da bir il təhsil aldıqdan sonra universitet bağlandı və bu dəfə, yəni 2001-ci ildə Bakı Dövlət Universitetinə köçürüldüm. Yəni, ona görə qeyd edirdim ki, təhsil aldığım dövr heç də digər tələbələr kimi olmayıb. Bu köçürülmələrin də hər biri heç vaxt yaddan çıxmayacaq pis və yaxşı xatirələrlə doludur. Amma şükürlər olsun ki, oxuduğum hər üç universitetdə gözəl tələbə yoldaşlarım olub. Onların bir çoxu ilə bu gün də görüşürük, ötən günləri yada salırıq, əlaqələrimizi kəsmirik”.



B.Məmmədlinin tələbə dövründə əməkdaşlıq etdiyi qəzetlər olsa da, hərbi xidmətdən qayıtdıqdan sonra “525-ci qəzet”də ştata götürülən müxbir vəzifəsində işə başlayıb:

““525-ci qəzet”də 8 il işlədikdən sonra “BayMedia” İnformasiya Agentliyində redaktor kimi fəaliyyətimi davam etdirmişəm. Daha sonra “Gündəlik Teleqraf” qəzetində və “Yeniçağ.az” saytına müxbir vəzifəsində çalışdım. 2016-cı ildən isə “Kaspi” qəzetində fəaliyyətimi davam etdirirəm.

Heç kim deyə bilməz ki, hansısa sahədə çalışdığı müddətdə qarşılaşdığı çətinliklər olmayıb. İşlədiyim müddətdə problemlərim bəzən müsahiblərimlə, bəzən isə redaksiya daxilində olub. Amma bunlar artıq arxada qalıb. İndi “Kaspi” qəzetində gözəl kollektivlə birgə çalışırıq. Sözün həqiqi mənasında burada bir-birinə güvən, etibar və dəstək var. Bütün bunlar jurnalistin fəaliyyətinə müsbət təsir göstərən çox mühüm amillərdir. Çox təəssüflər olsun ki, bir sıra redaksiyalarda buna rast gəlmək olmur. Onu da qeyd edim ki, jurnalistika ilə yanaşı, qeyri-hökümət təşkilatları ilə də əməkdaşlıq edirəm. Hazırda “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin İdarə Heyətinin sədriyəm. Eləcə də digər vətəndaş cəmiyyəti institutları ilə müxtəlif layihələr çərçivəsində birgə çalışmalar olur”.


“Redaksiyaların birləşməsinə ehtiyac var”

Həmkarımız düşünür ki, hələ də Azərbaycanda jurnalistikanı sovet ideologiyasından irəli gələrək, təbliğat və təşviqat vasitəsi hesab edənlər var:

“Əslində bu sahədə iş təcrübəm başqa jurnalistlərə baxanda azdır. Ona görə də onların müsbət düşüncələrini hər zaman özüm üçün örnək hesab etmişəm. Bəzən də razılaşmadığım məqamlar olub. Çünki hələ də Azərbaycanda jurnalistikanı sovet ideologiyasından irəli gələrək, təbliğat və təşviqat vasitəsi hesab edənlər var. Bu, həqiqətən təəssüf doğurur. Jurnalistika bir biznes sahəsidir və yanaşma da bu maraqlardan  olmalıdır. Elə bugünkü jurnalistikanın bir çox problemlərinin kökündə də həmin səbəblər durur. Bundan başqa, redaksiyalar məhsullarını bazara çıxarmaq istəmirlər. Bilirsiniz, bu nəyə bənzəyir? Həyətimdə hər şey əkmişəm, bol məhsulum var, amma bazara çıxmıram və gözləyirəm ki, kimsə gəlib alacaq. Əslində redaksiyalar özləri təşəbbüslərlə çıxış etməlidirlər. Bəzən bu sahədə peşəkarlığın az olmasını vurğulayırlar. Elə bu səbədən də jurnalistlərin təcrübəsinin artırılması üçün bir sıra təşkilatlar tərəfindən treninqlər, seminarlar keçirilir. Bu çox yaxşı haldır, amma bəzi redaktor və baş redaktorların da treninqlərə və seminarlara gedib müasir dünyada baş verənləri öyrənməsi heç də pis olmazdı.

Eyni zamanda redaksiyaların birləşməsinə ehtiyac var. Fikrimcə, bu, indiki zamanın tələbidir. Xırda redaksiyalarda 3-5 jurnalistin olmağındansa, böyük bir holdinqdə 30-40 nəfərin çalışması, daha yaxşı olar. Bu həm jurnalistlərin, həm də redaksiyaların müsbət inkişafına gətirib çıxara bilər”.

Bəxtiyar Məmmədli jurnalistika sahəsi ilə bağlı arzularından da söz açıb:

“Hər zaman jurnalistika ilə bağlı dünyada olmasa da, regionda tanınan, istinad edilən bir brendə sahib olmaq istəmişəm. Yəni, bu gün Azərbaycan insanı, kobud səslənsə də, burnunun ucundan irəlini görməlidir. Bizdə bunu bacaracaq insanlar çoxdur. Ona görə də Azərbaycanla bağlı müxtəlif sahələri əhatə edən milli brendlər olmalıdır. Təbii ki, bunlar böyük pullar tələb edir. Lakin istək varsa, ona doğru addımlamaq lazımdır. İnşallah, qismət olarsa, bu ideyamı gerçəkləşdirəcəm”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir