Modern.az

ABŞ Rusiyanı ÜSTƏLƏYİR – Azərbaycanın da bu məsələdə payı VAR

ABŞ Rusiyanı ÜSTƏLƏYİR – Azərbaycanın da bu məsələdə payı VAR

Ölkə

4 İyun 2018, 17:40

ABŞ və Rusiya dünya üzərində hegemonluq üçün mübarizə apardığı hər kəsə məlumdur. Bunun üçün onların istifadə etdikləri mühüm təsir vasitələrindən biri də digər ölkələrdə yerləşdirdikləri hərbi bazalardır. Axı öz ərazisində digər ölkənin hərbi bazasının olması həmin ölkənin xarici siyasətinə ciddi şəkildə təsir edir. Buna misal olaraq Ermənistanı göstərmək olar. Bu cür hallara görə də bu üsul bütün hegemoniyaya iddialı ölkələrin əsas alətinə çevrilib. Və vurğulamaq lazımdır ki, bu üsul hələ soyuq müharibə dövründə bütün dünyada tendensiya halını almağa başlayıb.

 

Hələ soyuq müharibə dövründə bu sahədə ciddi rəqabət aparan ABŞ və SSRİ demək olar ki, dünya ölkələrinin əksəriyyətində hərbi bazalar yaratmağa nail olublar. Lakin SSRİ-nin dağılması ilə hər  iki tərəf maliyyə vəsaitlərinə qənaət üçün hərbi bazalarının bir qismini bağlamağa başladılar.

 

İqtisadi vəziyyəti daha bərbad olan Rusiya daha çox hərbi baza bağlamaqla yanaşı həmçinin qalanların daxili heyətini və maliyyə xərclərini də ixtisara salmağa məcbur qaldı.

 

Bundan əlavə ittifaqın dağılması ilə Azərbaycan daxil bir çox ölkələr Rusiyaya aid hərbi bazaları suverenliyə təhlükə sayaraq ərazilərindən çıxarılmasını tələb etdilər. Bununla barışmayan Rusiya radikal addımlara əl atdı. Rusiyaya aid hərbi bazanın 1992-1993-cü illərdə Azərbaycan ərazisindən çıxarılması fonunda Dağlıq Qarabağ münaqişəsinin daha da sərt bir hal alması buna sübutdur.

 

Belə ki, müstəqilliyini elan etməsinin ilk anlarından etibarən ərazisində yerləşən 4-cü ordunun bütün bazaları ilə çıxarılmasına çalışan Azərbaycan 1993-cü ilin mayın 25-də buna tam nail oldu. Lakin bundan sonra Ermənistana pənah aparan rus ordusu ermənilərin özünə inamını və hərbi-texniki yardımını təmin edərək onların daha da aqressivləşməsinə şərait yaratdı. Bu cür problemlərlə bu iddiada olan demək olar ki,  bütün ölkələr qarşılaşıb.

 

Buna Rusiyanın iştirakı ilə (təbii ki rəsmi şəkildə inkar etsə də) yaradılmış münaqişə ocaqları daxildir. Dağlıq Qarabağ, Abxaziya, Dnestryanı Cənubi Osetiya münaqişələri kimi...

 

Bu yanaşma fonunda digər dövlətlərin nəinki Rusiyaya aid hərbi qüvvəni öz ərazilərində istəməməsi, həmçinin buna cavab olaraq ona rəqib dövlətlərin hərbi yardımına müraciət etməsi halları da az olmayıb.

 

Bu üsuldan ən çox istifadə edən Polşa öz ərazisində ABŞ-ın daimi hərbi iştirakı üçün 2 milyard dolları gözdən çıxarmağa hazırdır. Bunun üçün uzun müddətdir danışıqlar aparan rəsmi Varşava buna nail olmağa ümid edir. Bu onu mümkün Rusiya hücumundan qorumağa və digər müttəfiq dövlətləri müharibəyə cəlb etməyə kömək edəcək.

Beləliklə hər iki dövlət xarici hərbi bazalar yaratmaqla digər dövlətləri də alternativ olaraq rəqibə müraciət etmələrinə səbəb olurlar. Bu tendensiyada ABŞ-a müraciətlərin sayı Rusiyaya müraciətlərin sayından qat-qat çox olması diqqət çəkir.

Rusiyanın “İzvestiya” qəzetinin Rusiya Müdafiə Nazirliyinə və Birləşmiş Millətlər Təşkilatınım hesabatlarına istinadən verdiyi məlumata görə bu ölkənin xarici dövlətlərdə 21 hərbi obyekti var. Bu obyektlərə Ermənistan və Tacikistandakı motoatıcı bölmələr, Belarus və Qazaxıstandakı raket sınaqları poliqonu və radiolokasiya bazaları, Qırğızıstan, Suriya və Ermənistan ərazisindəki hava limanları, həmçinin Vyetnam və Suriyadakı dəniz limanları daxildir.

 

Bu siyahı Gürcüstan, Moldova kimi ölkələrdəki münaqişəli ərazilərdə yerləşdirilmiş və qarşı tərəfdən rəsmi olaraq separatçı qüvvələrə yardım kimi sayılan obyektləri də özündə ehtiva edir. Lakin diqqət çəkən məqam Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımdakı obyektlərini bu siyahıda göstərməməsidir. Rusiya tərəfi Krımı öz ərazisi elan etdiyi üçün bu yola əl atdığı aydındır.

 

ABŞ isə öz növbəsində dünya ölkələri sırasında xarici hərbi obyektlərinin sayı və texniki təchizatına görə liderliyini qoruyur.

 

“Newsweek” nəşrinin ABŞ Müdafiə Nazirliyinin bir neçə illik hesabatlarına istinadən verdiyi məlumata görə, bu ölkənin xarici hərbi obyektlərinin sayı 600-900 göstərilib. Qeyd etmək lazımdır ki, ABŞ Müdafiə Nazirliyinin hələ 2009-cu il üçün göstərdiyi hesabatda içərilərində 13-ü “böyük”, 19-u “orta” qiymətləndirilən 716 hərbi obyekt öz əksini tapıb.

Ancaq qeyd etmək lazımdır ki, bu siyahıda anbarlar kimi bir çox kiçik obyektlər də göstərilib. Məsələn 600-ə yaxın obyekt bu kateqoriyaya aiddir. Nəşrin bildirdiyi kimi bununla yanaşı “kiçik” qiymətləndirilən obyektlər sırasında belə yetərincə böyüklərinə rast gəlmək olur. Bunlara tərkibinə min hərbçi və 20 min silah kompleksi daxil olan Almaniyadakı hərbi baza və 3 min nəfərlik hərbi heyəti ilə Yaponiyada yerləşən Futenma hərbi bazası daxildir.

 

ABŞ Müdafiə Nazirliyinin bütün siyasi məlumatları özündə ehtiva edən son hesabatına görə, 2010-cu ildə ABŞ-ın hərbi bazalarına ev sahibliyi edən 148 ölkədən 56-sı ən azı 10 aktiv əməkdaşa malikdir. Statistik orta rəqəmlər baxımından Rusiya ABŞ-dan 10 dəfə geri qalır.

ABŞ-ın üstəgəl Türkiyədə İncirlik Hərbi Hava Bazası da var.

 

“ABŞ bütün dünyada görkəmli hərbi gücə malik ola bilər. Ancaq bu,Rusiyanın Dünyanın hər-hansı bir hissəsində həddən artıq təsir göstərə bilməyəcəyi demək  deyil” – ABŞ-ın müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya üzrə müavininin keçmiş köməkçisi Evelik Farkas bildirir.

 

Buna misal olaraq Rusiyanın böyük bir qüvvə sərf etmədən sadəcə siyasi qarışıqlıqdan istifadə edərək Ukraynadan Krımı almasını göstərmək olar.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!