Modern.az

“Azərsu” su qıtlığından əziyyət çəkən kənd və qəsəbə QOYMAYACAQ

“Azərsu” su qıtlığından əziyyət çəkən kənd və qəsəbə QOYMAYACAQ

İqtisadiyyat

5 İyun 2018, 12:05

Azərbaycanda sosial infrastrukturun əsas sahələrindən sayılan su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilir. Dövlətin birbaşa qayğı və diqqəti nəticəsində paytaxt Bakıda və regionlarda reallaşdırılan layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olub.

Məhz bütün bunların nəticəsidir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə iki dəfədən çox, abonentlərin sayı isə 530 min artaraq ,1 milyon 410 minə çatıb.

Modern.az-ın məlumatına görə, son 14 ildə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 2004-cü illə müqayisədə 26 faizdən 67,5 faizə qalxıb.

Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olub. Təxminən bir əsr əvvəl Şollar-Bakı su təchizatı qurğuları istismara verilib, Xaçmaz rayonunun ərazisindən Abşeron yarımadasınadək 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk mərkəzləşmiş su şəbəkəsi yaradılıb. Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş 2-ci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb.

Azərbaycanın içməli su və kanalizasiya sektorunun sürətli inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1970-71-ci illərdə Sovet İttifaqının ən böyük sutəmizləyici qurğularından sayılan Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib.

Ölkədə siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar güzəştli kredit ayrılıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası gücləndirilib.


Prezident İlham Əliyevin rəhbərliyi dövründən başlayaraq, əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıldı. “Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli Prezident sərəncamına əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.


2000-ci illərin əvvəllərindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırdı. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı. Oğuz rayonunun ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasınadək 262,5 km özüaxımlı magistral su kəməri inşa edildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi. Bununla da Bakı şəhərinin əksər ərazilərinin su təchizatında sabitlik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimə keçirildi.


Sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təmin etmək Bakı şəhərinə yaxın yeni su mənbəyinin yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Tikintisində aparıcı xarici şirkətlərin iştirak etdiyi və ən son texnologiyaların tətbiq olunduğu kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir.


Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsini içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verilib. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olunub.


Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Hazırda Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərləri, həmçinin və magistral kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına içməli su ilə təchiz olunur.


İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusar, Şamaxı, Şəmkir və Xaçmazda horizontal sugötürücü qurğular, Qax, Gədəbəy, Daşkəsən, Xızı və Oğuz rayonlarında isə kaptaj qurğuları yaradılıb. Ümumilikdə son illər yaradılmış 30-dan artıq etibarlı su mənbəyi Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq ölkə üzrə su və kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 25-də həm su, həm də kanalizasiya şəbəkələrinin, 10-də isə su şəbəkəsinin tikintisi yekunlaşıb. 2018-ci ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz və Xızı şəhərlərində layihələrin açılışı mərasimi keçirilib.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 630 min nəfər olan 520 kənddə də içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub. Həmin kəndlərdə 530 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1400-dən artıq bulaq quraşdırılıb. Bununla da 271 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub.


Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə Master Plan hazırlanıb. Master Planın əsas layihələrindən sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Qala, Türkan, Zirə, Pirallahı qəsəbələrinə ilk dəfə mərkəzləşmiş qaydada içməli suyun verilməsi təmin edilib. Bu qəsəbələr də daxil olmaqla Abşeron yarımadasının 60-dan çox yaşayış məntəqəsində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb.


2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemlərinin “Azərsu” ASC-nin balansına verilməsindən sonra 5000-dən artıq binanın daxili kommunikasiya xətləri yenidən qurulub.


Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasında ən böyük paya malik Hövsan Aerasiya Stansiyasında 2006-2009-cu illərdə yenidənqurma işləri aparılıb. Fransa hökumətinin krediti hesabına icra olunan layihə çərçivəsində stansiyada yeni qurğular tikilib, fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqlar yenilənib və bununla da stansiyasının məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılıb.


Sumqayıt şəhərində və ətraf ərazilərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilib.


Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 km uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının istismara verilməsi, eləcə də Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə axıdılan tullantı sularının qarşısını alıb.


Bakı şəhərində və Abşeron yarımadasında səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib. Bu layihələr çərçivəsində 20 km-dən artıq yağış-kanalizasiya kollektorları inşa olunub, Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb. Bununla da həmin ünvanlarda subasma hallarının qarşısı alınıb.


İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır. 2013-cü ildə istifadəyə verilmiş Mərkəzi Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Hazırda laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 105-ə çatdırılıb. Bu təcrübədən istifadə etməklə hazırda respublika üzrə 10 regional laboratoriyanın yaradılması istiqamətində işlər aparılır.


“Azərsu” ASC-də informasiya və kommunikasiya texnologiyalarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması, yeni elektron xidmətlərin yaradılması, İKT infrastrukturunun dayanıqlığının və fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bir neçə ildir uğurla tətbiq olunan AzərsuCİS coğrafi informasiya sistemi istehsalatda müsbət nəticələr verməkdədir.


“Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Prezident fərmanına uğun olaraq 12 elektron xidmət vətəndaşların istifadəsinə verilib. Ən çox elektron müraciət qəbul edən 5 dövlət qurumundan biri olan “Azərsu” ASC-yə 2017-ci ildə 437 min elektron müraciət daxil olub. Vətəndaşların işinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə “Asan xidmət” və “Asan kommunal” mərkəzlərində “Azərsu” ASC-nin xidmət bölmələrinin fəaliyyəti tam təmin edilib.


Səhmdar Cəmiyyətdə insan resurslarından səmərəli istifadə məqsədilə kompleks tədbirlər həyata keçirilir. Hövsan Aerasiya Stansiyasının ərazisində yeni Təlim-Tədris Mərkəzi yaradılıb. Mərkəzdə beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şərait təmin olunub. Mütəxəssislərin praktiki biliklərinin artırılması məqsədilə hazırda burada təcrübə poliqonunun tikintisi davam etdirilir.


2018-ci ildə Ağdaş, Qəbələ, Daşkəsən, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq. Bölgələrdə ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə Respublikanın 10-dan artıq şəhərində tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq. Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq.


İçməli su qıtlığından əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihələri bu il də davam etdiriləcək. Bu məqsədlə 62 mindən çox sakinin yaşadığı 41 kənddə su layihələri icra olunacaq.


Bütün bu sadalanan nailiyyətlərin kökündə “Azərsu” ASC-nin çoxminli kollektivinin əzmkar əməyi dayanır. İstehlakçılara göstərilən içməli su və kanalizasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması, bu xidmətlərdən daha çox insanın yararlanması barədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir