Modern.az

“Hər kəs unikal xəbəri bizdən gözləyir” - 8 yaşlı “Unikal”dan REPORTAJ+FOTOLAR  

“Hər kəs unikal xəbəri bizdən gözləyir” - 8 yaşlı “Unikal”dan REPORTAJ+FOTOLAR  

6 İyun 2018, 10:40

Bu gün “Unikal” qəzeti və “Unikal.org” internet portalının fəaliyyətə başlamasının 8 yaşı tamam olur. Bu media qurum ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib. Dörd ildən çoxdur ki, “Unikal” qəzeti Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan maliyyələşən yazılı mətbuatın sırasında təmsil olunur.

Modern.az-ın əməkdaşı 8 yaşını qeyd edən “Unikal” qəzeti və “Unikal.org” saytının redaksiyasında əməkdaşlarla həmsöhbət olub.

Bu gün də gərgin iş şəraitində çalışan kollektiv 8 yaşını qeyd etməyə köklənmişdi.

Redaksiyada dedilər ki, "Unikal.org"a istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur. Gün ərzində saytda müxtəlif sahələri əhatə edən 100-dən çox xəbər yayımlanır.

“Unikal” qəzeti və “Unikal.org” saytı Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir. 

İlk müsahibimiz "Unikal" qəzetinin və “Unikal.org” saytının təsisçisi və baş redaktoru Asəf Rzayev oldu.
 

-Asəf müəllim, “Unikal”ın ötən 8 ilini necə dəyərləndirirsiniz? Hər halda bu müddətdə müəyyən çətinlikləriniz olmamış deyil.

 

-Artıq 8 ildir ki, “Unikal” qəzeti öz fəaliyyətini davam etdirir. Təbii ki, çətinlik hər zaman hiss olunub, bu gün də, hətta dünən də hiss olunurdu. Bunlara baxmayaraq çalışmışıq ki, “Unikal”ı yaşadaq. Çünki “Unikal” qəzetinin yayımlanması cəmiyyət üçün də maraqlı olub. Ən azından özəl xəbərlər, obyektiv yazılar, reportajların olması oxucunu da cəzb edib.  Mətbuatda hər zaman çətinliklər  müşahidə edilib. Lakin çap mediası üçün daha çətindir. Çünki  bu mediada mətbəə xərcləri, kağız bahalığı və s. məsələlərin öhdəsindən gəlmək lazımdır. Qaldı ki, qəzetin çıxmaması və ya fəaliyyətini dayandırması hallarına, hələ ki şükürlər olsun ki,  belə bir şey yaşamamışıq. İrəliləyirik, qabaqdayıq və gedirik. Çətinliklərin bir qisminin aradan qaldırılmasında təbii ki, cənab prezidentin, dövlətin çap mediasına  diqqət və qayğısı xüsusi rol oynadı.  KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bu, çap mediasına can verdi.
Əgər bu Fondu yaradılmasaydı, prezidentin qayğısı olmasaydı, bu gün Azərbaycanda bəlkə də 3-4 qəzet qalardı, digərləri sıradan çıxardı.

 


-Maraqlıdır, neçə nəfərlə fəaliyyətə başlamışdınız və hazırda neçə əməkdaşınız var?

 

-“Unikal” qəzeti əvvəllər həftəlik dərc olunurdu. Hardasa 3-4 nəfərlə fəaliyyətə başlamışdıq.  Onlardan biri tanınmış jurnalist Eldəniz Elgündür. O, “Unikal”ın ilk baş redaktoru olub.  Qəzetin oxucu audirotiyası formalaşandan, bazarda öz yerini tutandan sonra qərara gəldik ki, “Unikal” qəzetini gündəlik  çıxaraq. Bundan sonra təbii ki, əməkdaşlarımız da artdı, yazarlarımız da çoxaldı. Bu gün həmin kollektivdən hamısı qalmasa da, bir qismi qəzetdə çalışır.

 

-Bəs özünüzəməxsus prinsipləriniz varmı?

 

-Ümumiyyətlə, biz müstəqil fəaliyyət göstəririk. Hansısa bir şəxsdən, nazirlikdən şikayətlər gəlirsə, problemlər varsa, onu qabardırıq və buna borcluyuq. Lakin prinsipimiz bundan ibarətdir ki, biz heç vaxt qərəzli yazılar vermirik. Düzgün, dəqiq informasiyalarla çıxış etmək əsas prinsiplərimizdir.

 

-Bayaq qeyd etdiyiniz kimi “Unikal”ın özəl yazıları olur. Bəzən sizdə əlçatmaz şəxslərdən açıqlamalara rast gəlirik.  Bu baxımdan deyirlər ki, “Unikal”a “yuxarı”dan məlumatlar verilir. Ya da o açıqlamalar sizin üçün təçkil edilir. Maraqlıdır, həmin informasiyaları necə əldə edirsiniz?

 

-Bununla bağlı bizə çox adam müraciət edir, suallar verirlər. Bu, mənim peşəkarlığımdan və bacarığımdan irəli gəlir.  Hansısa informasiyanı almaq üçün “yuxarı”dan və ya “aşağı”dan kimsə mənə nəsə deməli deyil ki... Belə bir şey yoxdur. Bu, sadəcə arada olan söz-söhbətlərdir. Bir baş redaktor kimi geniş əlaqələrim var və həmin unikal informasiyaları əldə edə bilirəm. Ən əsası odur ki, bu gün “Unikal”ın – həm qəzet, həm də saytın aktivliyi bizə özəl informasiyaların gəlməsində kömək edir. Oxucu auditoriyamız, baxış sayımız çoxalıb. Qaldı ki, “yuxarı”dan kimsə mənə məlumat ötürür, qətiyyən belə deyil. Mən müstəqil jurnalistəm və müstəqil qəzet-sayt fəaliyyəti ilə məşğul oluram.

 


-Dediyiniz kimi, qəzetlə bərabər həm də saytınız fəaliyyət göstərir. Saytın qəzeti sıradan çıxaracağı ilə bağlı qorxunuz olubmu?

 

-Bu sualla  razıyam. Təbii, bu gün  xəbər baxımından onlayn media çap mediasını üstələyir. Qəzetdə indi çıxan xəbəri dünən saytlardan, agentliklərdən oxumaq olur. Amma qəzetlərin də öz oxuyucuları var. Hazırda “Unikal” qəzeti Bakıda, regionlarda, nazirliklərdə, hansısa icra orqanlarında oxunur və abunələr artmaqda davam edir. Qəzet oxucusu tamam başqa kontingentdir, saytın oxucusu tamam başqa.

 

-Adətən bu sualımıza standart cavab alırıq. Yenə də soruşmaq istərdik ki, siz hansı  media qurumlarını rəqib kimi görürsünüz?

 

-Bilirsiniz, bu gün insan həyatda çalışırsa, təbii ki, kimisə özünə rəqib görür. Mən kimləri özümə rəqib gördüyümlə bağlı ad çəkə bilmərəm. Çünki rəqib gördüyüm  KİV-lərin hamısının rəhbəri  mənim  dostlarımdı. Mən rəqib gördüyüm qədər qarşımdakı da məni rəqib görür. Rəqabət olmayan yerdə də inkişaf ola bilməz.

 

-Növbəti illər üçün “Unikal”ın planları  nədir?

 

-Öncə, Allah bizə can sağlığı qismət etsin. Digər tərəfdən “Unikal”ın kollektivi çox əzabkeşdir. Gərək bir-birimizin qədrini bilək, həmrəy olaq. Hədəflərimiz saytı daha da inkişaf etdirmək, qəzetin isə tirajını, abunələrini artırmaqdır.

Baş redaktorla söhbəti bitirib əməkdaşlara yaxınlaşdıq.



“Unikal” qəzetinin əməkdaşı Hüseyn İskəndərov ad günü təəssüratlarını bizimlə belə bölüşdü:


“Bu gün qəzetimizin və eyni adlı sayıtımızın 8 yaşı tamam olur. Təbii ki, bu illər ərzində kollektiv olaraq müəyyən çətinliklərimiz də, uğurlarmız da olub. Amma bu çətinliklərin öhdəsindən gəlməkdə deyərdim ki, baş redaktorumuz Asəf müəllimin qətiyyəti həmişə həlledici olub. 8 il öncə “Unikal” qəzeti fəaliyyətə başlayanda mən də Asəf Rzayevin yanında idim. Həmin gündən bu günə kimi “Unikal”ın inkişafı üçün çalışmışıq. Artıq “Unikal”ın 8 yaşı var. Həm qəzet, həm də saytın Azərbaycan mediasında öz yeri var. Demək olar ki, oxucularımız günə “Unikal”ın özəl xəbərləri ilə başlayır. Belə demək mümkündür ki, hər kəs unikal xəbəri bizdən  gözləyir. Mən “Unikal”ı parlamentdə təmsil edirəm. Parlamentin iclaslarında baş verən unikal hadisələr də bizim saytda oxuculara özünəməxsus formada təqdim olunur. Hər halda, işimiz ortadadır. 8 yaşlı gənc “Unikal” 80 yaşlı müdrik qoca kimi qəbul edilir. Arzum budur ki, 8 il öncə qurduğumuz bu media qurumu uzunömürlü olsun”.

 


“Unikal.org” saytının əməkdaşı Amid Əyyuboğlu bu media qurumunun cəfakeş jurnalistlərdəndir. Amid sayta 2016-cı ildə gəlib:

““Unikal.org” 2010-cu ildən qəzetin rəsmi saytı kimi fəaliyyət göstərirdi. Ancaq ölkədə saytların fəaliyyəti gücləndikcə, “Unikal.org”un da aktiv fazaya keçidi üçün zəmin yaranmışdı. Mən, “Unikal.org”a gələndə artıq baş redaktor Asəf Rzayev aktiv fəaliyyətə keçidlə bağlı qərar vermişdi. “Unikal.org” aktivləşəndə saytda bir çox dəyişikliklər və yeniliklər oldu. Sevinirəm ki, bu təşəbbüskarlıqda mənim də payım var. İlk vaxtlar gərgin iş rejimində çalışdıq. Deyərdim ki, bəzən 5 əməkdaşın görəcəyi işi üzərimə götürdüm və hesab edirəm ki, bunu bacardım. Daha sonra komandamıza hazırda Almaniyada yaşayan, təhsil alan Həsən Babayev də qoşuldu. 2016-cı ildən “Unikal.org” həmişə inkişafda  olub və bu günədək böyük uğurlar qazanıb. Hazırda saytın 10 əməkdaşı var. Ən əsası bu gün “Unikal” xəbər portalı unikal xəbərləri ilə gündəm yarada bilir. Bizim digər saytlardan fərqimiz var, bəzi məmurları, sabiq məmurları danışdırırıq, bir anda gündəmi dəyişə bilirik. Ancaq bəzən elə məmur olur ki, müəyyən səbəblərdən danışdıqlarını təkzib etməyə də çalışır. Adam danışır, sonradan deyir ki, “mən elə söz deməmişəm”. Səbəb isə danışdığı sözlərin ona başağrısı gətirməsidir.

Hesab edirəm ki, bu prinsiplərlə çalışsaq, “Unikal.org” yaxın gələcəkdə daha böyük uğurlara imza atan media qurumu olacaq. Bunda mənim də payımın olması qürurvericidir”. 



“Unikal.org”un digər əməkdaşı Ramil Zeynallı:

“İki ilə yaxındır ki, bu saytda çalışıram. Belə bir kollektivdə çalışmaqdan qürur duyuram. “Unikal.org”  ailəsində səmimi ünsiyyət və peşəkarlıq var. Rəhbərlik tərəfindən kollektivə daim diqqəti hiss etməmək mümkün deyil. Operativlik və dəqiqlik isə əsas devizimizdir. Bu deviz bizim üçün daha böyük uğurlara çatmaq üçün əsas sayılır”. 



Famil Fərhadoğlu
“Unikal.org”un aktiv əməkdaşlarından biridir. Əvvəllər televiziya sahəsində çalışıb:

“Bir neçə ay öncə “Unikal.org”da fəaliyyətə başlamağa qərar verdim.Televiziyada işləyərkən bu saytın eksklüziv xəbərləri ilə tez-tez rastlaşırdım. Ona görə də qərara aldım ki, jurnalistika fəaliyyətimi burada davam etdirim. Burada  baş redaktorumuz Asəf Rzayev və əməkdaşlar arasında qarşılıqlı sayğı olduğu üçün kollektivə qısa zamanda uyğunlaşa bildim. Saytda da fəaliyyətimizin əsas məqsədi hansısa hadisə baş verdikdə qısa zamanda münasibət öyrənmək, özəl açıqlamalar və müsahibələr almaq və xəbəri qısa zamanda oxuculara çatdırmaqdan ibarətdir. “Unikal.org” xəbər portalında başlıca şərt eksklüziv müsahibələrin və açıqlamaların alınmasından ibarətdir. Gənc jurnalist olaraq əminliklə deyə bilərəm ki, oxuculara verdiyimiz informasiyalar baxımından “Unikal.org” xəbər saytı ölkəmizdə gündəm yaratmağı bacarır, özəl açıqlamalar yayımlayan bir yazılı mətbu orqandır”. 



Əksər KİV-lərdə idman yazarı oğlanlar olduğa halda, “Unikal.org” bu sahədə də fərqlənir. Belə ki, saytda idman xəbərlərini Aygün İlqarqızı yazır:

“Mən iki ilə yaxındır ki, bu saytda çalışıram. Bu illər ərzində çətin, maraqlı günlər olub. Çətin deyəndə redaksiyanı nəzərdə tutmuram. Bəzi idman federasiyaları, idmançılarla anlaşılmazlıq olur. İdman cameəsinin əksər üzvləri çox vaxt barələrində informasiya yayımlanmasını xoşlamır, bəziləri isə tam əksinə. Bütün hallarda Azərbaycan idman ölkəsi kimi inkişaf edir. Bu inkişafa olan maneələri görüb, yayımlamaq bir idman yazarı kimi mənim borcumdur. Bu vəzifəni də “Unikal.org” vasitəsilə hesab edirəm ki, yerinə yetirməyi bacarıram”. 



Unikal.org saytının admini də xanımdır - Zaurə Əmirova

“Bu gün bizim 8 yaşımız tamam olur. Artıq 2-ci ildir ki, “Unikal”ın kollektiviylə bərabər çalışıram. Öz fəaliyyətimə gəldikdə isə “Unikal.org”da gün ərzində ən azı yayımlanan 100 xəbərin 70-ni sayta mən yerləşdirirəm. İşimin çətin olmasına baxmayaraq, “Unikal.org”un redaksıyasında heç vaxt yorulmur, özümü bu media ailəsinin bir üzvü hesab edirəm. Əslində 8 yaş kiçik sayılsa da, bir media qurumu olaraq kifayət qədər böyük yaşdır. Sevinirəm ki, bu gözəl kollektivlə çiyin-çiyinə çalışıram. Özümüzə arzularım var: ömrümüz uzun, qələmimiz kəsərli olsun!".

Redaksiya kollektivi deyir ki, gündəlik olaraq nəşr olunan qəzet və “Unikal.org” saytı fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. Buna görə də hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. Və onlar bu auditoriyanı daha da genişləndirmək istəyirlər...
Bu işdə həmkarlarımıza uğur diləyirik...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir