Modern.az

Qarabağ nisgilli şair

Qarabağ nisgilli  şair

5 Sentyabr 2011, 10:18

Poeziyasının vurğunu olduğum, sözün dəyərindən mənəvi qida aldığım şair - jurnalist Əliş Əvəz çağdaş Azərbaycan diaspor ədəbiyyatının tanınmış nümayəndəsidir. Şairin canında bir hikmət yaşayır, bu hikmət onun poezyasına əriyib qarışır, sözünün təsirini artırır. O, uzun illər Moskvada yaşamasına baxmayaraq, milli ruha, doğma torpaqlarımıza, saf, təmiz ana dilimizə ayrılmaz tellərlə bağlıdır. Şairin  “Ana Tərtər” kitabını  oxuduqca bu müqəddəsliyin canlı şahidinə çevrilirsən.

Əliş Əvəz  1956 - cı ildə gözlərini Qarabağ torpağının Bərdə bölgəsində dünyaya gəlib. Kənd həyatını yaşayıb, safürəkli insanların əhatəsində onlardan  ETİBAR, SƏDAQƏT, İNAM, DƏYANƏT  öyrənib.

O, hərbi xidmətdən sonra  Azərbaycan Dövlət Universitetinin  jurnalistika  fakultəsinə  qəbul olunub, sonra  M.V. Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilib. Təhsilini burada başa vuraraq, jurnalist  ixtisasına yiyələnib.

Təyinatla  Bakıya göndərilən  Əliş Əvəz o vaxtkı hökumət və kommunist partiyası məmurlarının süründürməçiliyi üzündən iki il işsiz qalmış, qəzetlərdən  və radiodan aldığı  cüzi qonorarlar hesabına yaşayıb. Ən nəhayət, iş tələb  etdiyi  üçün Respublika Ali Təhsil Nazirliyindən polis gücü ilə qovulub, hətta ona azad  təyinat verməkdən də imtina edilib.

Elə o vaxdan şairin taleyi Rusiya  ilə bağlanıb. O, burada yerli Sənaye  Nazirliyinin informasiya xidmətində redaktor vəzifəsində çalışıb, MDU-nun  aspiranturasına qəbul olub. Ancaq yenicə başlamış Qarabağ müharibəsinin  sıxıntıları onu namizədlik dissertasiyasını  yarımçıq qoymağa məcbur edib.

19 90 - cı illərin əvvəllərində Moskvada çıxan Ümumittifaq “Neftyanik” kütləvi informasiya jurnalının məsul katibi işləyən Əliş Əvəz, Qarabağda baş verən  Xocalı soyqırımının dəhşətlərinə dözməyərək, həmin günlərdə könüllü yazılmaq üçün cəbhə xəttinə gedir. Ancaq Qarabağda könüllülər işinə rəhbərlik edən  Milli qəhrəman Allahverdi Bağırov onun jurnalist olduğunu biləndən sonra “ qələm”i ilə mübarizə aparmağı məsləhət görür.

Moskvaya dönən şair - jurnalist “Qarabağ həqiqəti” və Rusiya jurnalistlərinin  Azərbaycana qərəzli münasibətlərini tənqid edən  “Jurnalist borcu, şərəf və vicdan  haqqında” kimi məqalələr yazıb işlədiyi jurnalda dərc etdirir. Həmin yazılarda    366 - cı  rus motoatıcı alayının Xocalı soyqırımının əsas törədicisi  olduğunu yazdığına görə  onu işdən azad edirlər. Ancaq üç aydan sonra rusiyalı dostlarının köməyilə o, işə bərpa edilir.

Qeyd etmək lazımdır ki, həqiqəti yazdığına görə belə işdən azad edilmələr  şairin taleyində az olmayıb. Sonralar işlədiyi bir qəzetdə məşhur türkoloq  Murad Acı ilə türk dünyasının tarixi haqqında apardığı müsahibəyə görə yenidən  işsiz qalıb.

Ümumrusiya  “Rossiyskaya Federatsiya” qəzetinin xüsusi müxbiri işləyəndə də  şair Qarabağ həqiqətlərini dünyaya çatdırmağa cəhd etdib.

Rusiyada zəngin mənəviyyatlı, güclü Azərbaycan diasporunun formalaşması  Əliş  müəllimin arzusudur. Bu  yöndə də onun xüsusi xidmətləri vardır. O, Rusiyada fəaliyyətə başlayan ilk diaspor cəmiyyətlərinin (“Azərbaycan”, “Ocaq” )  işlərində fəal iştirak etməklə bərabər, həmyerlilərimizin ilk böyük diaspor təşkilatı  olan  Azərbaycan Vətəndaşlıq Assambleyasının təftiş komitəsinin üzvü olub.  Hazırda Moskvada fəaliyyət göstərən ən böyük Azərbaycan diaspor qurumlarının  da üzvü olmaqla, onların inkişafına əlindən gələn köməyi edir.

Elə bu həvəslə Əliş Əvəz 1990 - cı ildə Moskvada nəşrə başlayan ilk Azərbaycan dilli mətbuatın - “Azərbaycanın səsi” ( Şamil Qurbanov və Oktay Hüseynovla birgə), “Azərbaycan diasporu” ( Oktay Hüseynov və Rafiq Aranlı ilə birgə), “ Asudə vaxt” ( Cahangir Nəbioğlu ilə birgə) qəzetlərinin əsasını qoyanlardan  biri, daha doğrusu, təcrübəli bir jurnalist kimi onların praktik yaradıcısı olub. Həmin qəzetlərin adlarını da Əliş Əvəz qoyub. Daha sonra  o, “ Diaspora - inform” qəzetini təsis edib.

Moskvada  bu gün müvəffəqiyyətlə nəşr olunan iki ən böyük rusdilli qəzetin

(“Azerros”  və  “Azerbaydjanskiy  konqres”) ilk nömrələrindən başlayaraq  Əliş  müəllim öz qələmi ilə onların təşəkkülünə kömək edib. O, həmdə Rusiyada latın  qrafikası ilə nəşr olunan ilk qəzetin - “Azerros” qəzetinin azərbaycan variantının  yaradıcısı ( Tariyel Süleymanla birgə) olub.

Əliş Əvəz müntəzəm olaraq müxtəlif qəzetlərdə çıxış edərək öz yazıları  vasitəsilə  Azərbaycan həqiqətlərini, Qarabağ dərdimizi Rusiyalı oxuculara  çatdırır, mədəniyyətimizi, adət - ənənələrimizi təbliğ edir. Onun  Ulu Şəhriyarın 100 illiyi münasibətilə  Moskvada dərc etdirdiyi iki məqaləsi  Şəhriyar fenomeninin Rus xalqına tanıtdırılması baxımından böyük əhəmiyyət  kəsb edir.

 Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Əliş müəllim artıq  on ildən atıqdır ki, Moskvada fəalliyyət göstərən  “Şəhriyar”  Ədəbi - mədəni cəmiyyətinin  ilk yaradıcılarından biridir.

Əliş müəllim hazırda Rusiya Federasiyası Dövlət Tarix müzeyinin əməkdaşıdır. O, Azərbaycan yazıçılar  Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Rusiya Jurnalistlər Birliyinin, Beynəlxalq Jurnalistlər Fedarasiyasının, Beynəlxalq Yazarlar  və Publisistlər  Assosiasiyasının üzvüdür. Əliş müəllim həm də Cənubi Azərbaycandan olan soydaşlarımızın dərc etdirdikləri “21  Azər” jurnalının  Moskva nümayəndəsidir. Burada dərc etdirdiyi yazıları ilə şair cənub dərdimizi dilə gətirir. O, Azərbaycan Jurnalist Müharibə Vetaranları Təşkilatının da üzvü və Moskva nümayəndəsidir. Qarabağ müharibəsindən yazdığı məqalələrə görə bu quruma üzv seçilib.

 Əliş Əvəzin diaspor ədəbiyyatımızda öz yeri, öz nəfəsi var. Onun şeirləri  özünəməxsus dərin fəlsəfi tutumu və lirizmi ilə fərqlənir.

Şair uşaqlıq illərində tərəkəmə həyatını yaşayıb, elatla dağa - arana gedib, çətinlikləri, təbii gözəllikləri görüb. Bu müşahidələr onun yaradıcılığına daim öz təsirini göstərib.  “Qalıbdı”  şeiri dediklərimizə sübutdur:

Çiçəkli yollara mən də çıxmışam,
Qantəpər dərmişəm, zirə yığmışam.
Sürü otarmışam, qoyun sağmışam,
Əiimdə əmcəyin kiri qalıbdı.

Ümumiyyətlə, onun poeziyası hamar olmayan ömür yolunun bədii ifadəsidir.  Bu  poezyanın yolu mənəvi ağrılardan keçir: Qarabağ nisgili, vətən həsrəti,  qürbət acıları, dəlicəsinə sevdiyi xalqını birincilər cərgəsində  görmək arzusuilə

“Vətən” şeirində yazır:

Vətən!
Qədrini bilsinlər deyə
Dara çəkilməyə hazıram.
Çiçəklərinin dərdindən
Ölsünlər deyə
Dərdlərinə dözürəm.

Ürəyim əlimdə silahım,
Müsəlləh əsgərinəm mən.
Yəqin şəhidin olacam
Ona dəyən güllələrdən.

Qarabağ itkisi şairi daim göynədir:

Qara çadırdan oğuz igidin doğuldu,
Qara bəxtim qılıncına yetmədi.
Qarabağım yad əllərdə əsir oldu,
Qara bəxtim qara daşa dönmədi.

Az sözlə geniş fikir, dərin hiss-həyacan ifadə etmək  Əliş  Əvəz şeirlərinə xas xüsusiyyətlərdir.

Yaxınlar - həsrətim,
Uzaqlar - qismətim.
Uzaqlarda  anam ağlayıb,
Göz yaşları salxım bağlayıb.

Əliş  Əvəz poeziyasında bir yenilik də özünü göstərir. Bu, onun  “İlahiyyələr”  silsiləsindən yazdığı şeirlərin əksərinin forma və məzmunda, bir çox şeirlərinin qafiyə sistemində, palindromik (müstəvi) şeirlərində nəzərə çarpır. Onun təcnisləri də yeni məzmunda, quruluşda səslənir:

Sənət neyinin yanıqlı xalıyam,
Həsrət içində adayam, xalıyam.
Dövrün zülmüylə naxışlı xalıyam,
Qəmdən yaranıb, dərddən toxunmuşam.

Şairin yaradıcılığı  haqqında məqalələr yazmış görkəmli şeir - sənət biliciləri - mərhum professor Rafiq Sarıvəlli  (Qurbanov), şair Ağa Laçınlı, professor Kamil  Vəli  Nərimanoğlu və başqaları onun poeziyasını yüksək qiymətləndiriblər. Şeirlərindəki səmimiyyəti və lirizmi xüsusi vurğulayıblar.

Əliş Əvəz qəlbinin səsinə qulaq asan, özünə tələbkar, poeziya qarşısında səcdə edən şairdir. Onun poeziyası da, publisistikası da Şimallı - Cənublu, Qarabağlı - Göyçəni, Təbrizi, Dərbəndi, bütün Azərbaycanı əhatə edir. Onun yaradıcılığının hər iki qolu  bir - birini tamamlayır.

Vasif  Məmmədov
“Şəhriyar”  Ədəbi - Mədəni cəmiyyətinin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir