Modern.az

Azərbaycanda olan 5 erməni hərbi əsir üçüncü ölkəyə getmək istəyir

Azərbaycanda olan 5 erməni hərbi əsir üçüncü ölkəyə getmək istəyir

2 Dekabr 2009, 16:56

Azərbaycanda əsirlikdə olan 5 erməni hərbçi üçüncü ölkəyə getmək istədiklərini bildiriblər. Bu barədə jurnalistlərə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib. Onun sözlərinə görə, eməni əsirlər üçüncü ölkəyə getmək istədikləri ilə bağlı müvafiq qurumlara yazılı surətdə müraciət ediblər: "Biz də həmin məktubların surətlərini görmüşük".
Ermənistan ordusunun əsgərləri Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan fevralın 27-dən 28-nə keçən gecə Ağcabədi rayonunun Minaxorlu kəndi istiqamətində təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.
Bundan əvvəl Harutunyan Ohan Vadinagiyeviç və Tomasyan Gevorq Serjikoviç mayın 31-də qoşunların təmas xəttində, Goranboy rayonu ərazisində, Karen Noriqoviç Harutunyan isə iyulun 15-i axşam Gədəbəy istiqamətində Azərbaycan tərəfə keçmişdilər.
Erməni əsgərləri əsir düşmələrini ordunun baxımsız vəziyyətdə olması, ordudakı özbaşınalıq ilə əlaqələndiriblər.
Ş. Sayılovun sözlərinə görə, Ermənistanda əsirlikdə olan azərbaycanlıların da üçüncü ölkəyə getmələri barədə də məlumatlar var: "Beynəlxalq Qırmızı Xaç Komitəsinin azərbaycanlı əsirlərdən gətirdikləri məktublarda bu barədə fikirlər var. Bu məktublar da təbii ki, təzyiq altında yazılıb. Onların düzgün deyib-demədiyini Azərbaycana qayıdandan sonra bilərik. Düşmən əlində olan əsirə təzyiqlər göstərilir və təzyiq nəticəsində vətənə qayıtmaqdan imtina edirlər".(Trend)
Ş.Sayılov bildirib ki, hər iki ölkədən olan əsir və girovların qaytarılmasında problemlər yaranıb: "Bu problemlər onların vətənə qayıtmaqdan imtina etməsi ilə bağlıdır. İmtinanın arxasında çox ağır iş durur. Bu prosesi tənzimləmək, nizama salmaq uzun vaxt aparan, yorucu prosesdir. Beynəlxalq təşkilatlar üçün də əsirlərin qaytarılmasında çətinliklər yaranıb. Beynəlxalq təşkilatlarda belə bir fikir formalaşıb ki, əsir və girovluqda olmaq və bunun vasitəsilə üçüncü ölkəyə getmək bir dəb halını alıb. Əsasən də ermənilərin. Son dövrlərdə üçüncü ölkələrə gedən ermənilərin sayı azərbaycanlılardan çoxdur. Onlar bu kanaldan xarici ölkələrdə daimi yaşayış imkanı əldə etmək üçün istifadə edirlər".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir