Modern.az

Nəhənglərin TOQQUŞMASI - Qərb niyə Rusiyaya qarşıdır?

Nəhənglərin TOQQUŞMASI - Qərb niyə Rusiyaya qarşıdır?

9 İyun 2018, 16:35

ABŞ prezidenti Donald Trampın Rusiyanın G8-ə qayıtması məsələsindən danışması gündəmdə bir bomba kimi partlasa da, həm Rusiya, həm də digər dövlətlər bunun olacağına inanmırlar. Buna çox ciddi səbəblər var.

 

Bu səbəbi açıq görmək üçün ilk olaraq “böyüklərin sammiti"nin tarixinə və iş prinsipinə baxmaq lazımdır.

 

Dünyanın ən sənayeləşmiş ölkələrinin liderləri arasında görüş keçirilməsi fikri 1970-ci illərin əvvəllərində iqtisadi böhran fonunda formalaşmışdı. Həmin illərdə ABŞ, Qərbi Avropa və Yaponiya arasında iqtisadi və maliyyə məsələləri ilə bağlı münasibətlərin pisləşməsi müşahidə olunurdu. Beləliklə, Fransanın səyləri nəticəsində ABŞ, Fransa, Britaniya, Almaniya, İtaliya və Yaponiya 1975-ci ildə bir yerə toplaşaraq, qlobal problemləri müzakirə etməyə başladılar. Yəni sammit ilk dəfə olaraq “Böyük altılıq” (G6) adlanıb.

 

1976-cı ildə isə bu qrupa Kanada qoşuldu. Beləliklə sammit G7 ("Böyük yeddilik"), adlanmağa başladı. Rusiyaya bu xoşbəxtlik 1998-ci ildə Boris Yeltsinin rəhbərliyi dövründə nəsib olub. Beləliklə, Rusiya da dünyanın nəhəngləri ilə bir masada qlobal problemləri müzakirə etməyə və iqtisadi proseslərə qarışmağa başladı.

 

"Böyüklərin sammiti"ndə maraqlı məqam onun xüsusi strukturunun olmamasıdır. Yəni "Böyüklərin sammiti" beynəlxalq təşkilat deyil, beynəlxalq müqaviləyə əsaslanmır, nizamnamə və katibliyi yoxdur.

Yəni burada aparılan müzakirələr və gəlinən ortaq nəticələr yalnız məsləhət xarakteri daşıyır. Heç bir dövlətin həmin qərarla bağlı sənəd və öhdəliyi yoxdur.

 

Beləliklə əvvəl ABŞ, Fransa, Britaniya, Almaniya, İtaliya, Yaponiya, Kanada və Rusiyanın iştirakı ilə G8 ("Böyük səkkizlik") adlanan sammit, 2014-cü ildə Rusiyanın çıxarılması ilə yenidən G7 adlanmağa başladı. Rusiya 2014-cü ildə Krımın işıal etdiyindən sammit iştirakçılarının yekdilliyi ilə qrupdan çıxarıldı. Rusiyaya qarşı ABŞ başda olmaqla sanksiyalar tətbiq etməyə başladılar.

 

Və budur uzun illərdən sonra öz sələfinin (Barak Obama) qoyduğu hər şeyi dəyişməyə çalışan ABŞ-ın hazırki prezidenti Donald Tramp qalmaqallı çağırış etdi.

“Qrup əvvəl Rusiya da iştirak etdiyi üçün “Böyük səkkizlik” adlanırdı. İndi Rusiya qrupda yoxdur. Baxın, mən öz ölkəmi sevirəm. Mən Rusiyanın ən qorxulu kabusu idim. Amma əvvəl söylənənləri nəzərə alarsaq, Rusiya bu görüşdə iştirak etməlidir. Nəyə görə biz Rusiyasız görüşlər keçiririk? 

Onlar Rusiyanı qovdular. Onlar Rusiyaya geri dönməyə icazə verməlidirlər. Rusiya bu masa arxasında olmalıdır” – Tramp bəyan edib.

 

Burada diqqət çəkən məqam Rusiyanın çıxarılmasını və geri qaytarılmasını ifadə edən zaman Trampın yenə də ikitərəfli oyun oynayaraq, sanki özünü qıraqda tutmasıdır. O sanki, bu məsələdə Obama administrasiyasını və digər iştirakçıları günahlandırır və məsuliyyəti də onların üzərinə atır. ABŞ prezidentinin fəaliyyətə başladığı dövrdən özünü bir biznesmen kimi göstərərək demək olar ki heç bir dövlətin sərhədləri və ərazi bütövlüyünə hörmət göstərmədiyi çoxdan bəllidir. Hələ Qüds böhranını başlatmazdan əvvəl də onun "kimin olursa olsun, axır ki, orda bir hakimiyyət olsun" kimi çıxışları da bunu sübut edir.

 

Və budur, yenə də illərdir hər kəsin iki dövlət arasında ədalətli şəkildə bölməyə çalışdığı Qüdsü Tramp İsrailin paytaxtı elan etdi və səfirliyi də oraya köçürdü. Bir müddət ekspertlər ona haqq qazandırmağa çalışaraq, fikrini tam ifadə etmədiyini iddia edirdilər.

 

Yəni ki, Tramp fikrində hər kəsin tanıdığı Qüdsün Qərb tərəfini iddia edib. Lakin cavab İsraildən gəldi. Onlar Qüdsün bölünməz olaraq İsrailin paytaxtı kimi tanınmalı olduğunu yenidən bəyan etdilər.

 

Bu bəyanatla Tramp yenə bir biznesmen kimi davranaraq, Krımın kimdə olmasının artıq onun üçün fərqi olmadığını ifadə etməyə çalışır. Bununla da bir növ daxili təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq etmək məcburiyyətində olduğunu göstərir.

 

Qeyd etmək lazımdır ki, elə seçki kampaniyası zamanı belə Rusiya və Şimali Koreya kimi sıxışdırılmış dövlətlərdə bir biznesmen kimi perspektiv görən Tramp, onlarla ticarət əlaqələrinin qurulmasının vacibliyini bildirirdi.

 

Həmçinin, hakimiyyətdə olduğu dövrdə dəfələrlə hərbi bazalarını yerləşdirdikləri dövlətlərə belə təzyiq göstərərək, bütün xərcləri onların üzərinə yükləməyə cəhdlər etməsi bunu sübut edir. Və beləliklə, bu səbəbdən hakimiyyəti dövründə bütün müttəfiqləri və rəqib “Demokratlar” tərəfdən dəfələrlə tənqid edildi. Hətta Avropa Birliyi də artıq ABŞ-a güvənə bilməyəcəyinə diqqət çəkdi.

 

Bu səbəblərdən də bəyanatın əsaslı olmadığını və digər iştirakçılar tərəfindən də qəbul olunmayacağını bilən Rusiya tərəfi işə diplomatik cavab verməklə kifayətləndi. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bu bəyanata sadəcə artıq “böyüklərin sammiti” ilə daha maraqlanmadıqlarını və daha böyük təşkilatlara diqqət göstərdiklərini ifadə etməklə kifayətləndi.

 

Sammitin digər iştirakçılarının cavabı da özünü çox gözlətmədi. Fransa Rusiyanın qayıtmağını dəstəklədiyini söyləsə də, şərtlərin nə olduğunu bildirmədi.

 

Almaniya kansleri Anjela Merkel məsələyə tam aydınlıq gətirdi.

“Biz hamımız Ukraynanın problemi ilə bağlı ciddi irəliləyiş əldə olunmayana qədər Rusiyanın G7-yə qayıda bilməyəcəyi barəsində razılığa gəlmişik” – söyləyən Merkel “mənə elə gəlir ki, biz keçən il əldə olunmuşlara qane olmamalıyıq” ifadəsini əlavə etdi.

 

Yəni Rusiyaya Ukrayna məsələsində heç bir şeyi keçmək olmaz. Və Krım problemi öz həllini tapmasa, onu yenidən “böyüklərin sammiti"ndə görmək çox çətin məsələdir. Çünki ekspertlərin bildirdiyi kimi, Krım məsələsini Rusiyanın xeyrinə həll etmək dünyada böyük böhrana gətirib çıxara bilər.

 

Əvəz ZEYNALOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər