Modern.az

Humanist tərbiyə mədəniyyəti - I YAZI

Humanist tərbiyə mədəniyyəti - I YAZI

11 İyun 2018, 10:24

Buludxan Xəlilov,
Dövlət Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor


Humanist tərbiyə mədəniyyətinin formalaşmasında bədii ədəbiyyat ən böyük mənbə və qaynaqdır


R.Taqor yazır: “Ədəbiyyat dünyanı insan qəlbinin nuru ilə işıqlandırır”. Deməli, bədii ədəbiyyatın insanın mədəni inkişafında və kamilləşməsində müstəsna əhəmiyyəti vardır. N.Çernışevski təsadüfi deməmişdir ki, elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir.


Humanist tərbiyə mədəniyyətinin formalaşmasında bədii ədəbiyyat ən böyük mənbə və qaynaqdır. Bu prosesdə bədii ədəbiyyatın roluna iki istiqamətdə yanaşmaq lazımdır. Birincisi, məktəb (orta məktəb) proqramları çərçivəsində şagirdlərin dünyagörüşü, bədii-estetik zövqü, ən başlıcası humanist tərbiyəsi. İkincisi, daha geniş mənada, bütün ömrü boyu bədii ədəbiyyat oxumaq, kino, teatr, televiziya, qəzet və jurnallar vasitəsilə insanda humanist tərbiyə mədəniyyətini formalaşdıran vasitələrdən faydalanmaq. Yeri gəlmişkən qeyd edək ki, hər hansı bir ideyanın geniş xalq kütləsinə çatdırılmasında ən anlaşıqlı vasitə bədii ədəbiyyatdır. İntellektual səviyyəli elita üçün elmi və fəlsəfi əsərlər müxtəlif ideyaları çatdırır. Ancaq geniş xalq kütləsinə ideyanı bədii ədəbiyyatdan başqa yüksək səviyyədə çatdıran ikinci bir vasitə yoxdur. Bədii ədəbiyyat geniş xalq kütləsinin zövqünə kökləndiyi üçün onun oxucuları çoxdur. Deməli, bədii ədəbiyyatın humanist tərbiyə mədəniyyətinin formalaşmasında rolu və təsir gücü çox böyükdür.


Humanist tərbiyə mədəniyyətinin formalaşmasında şifahi xalq ədəbiyyatının rolu


Millətin hər bir övladı həmin millətə məxsus olan şifahi xalq ədəbiyyatından qaynaqlanaraq humanist tərbiyə mədəniyyətinə yiyələnir. Millətin psixologiyasına, mənəvi aləminə təsir edən ilkin ədəbiyyat nümunələri şifahi xalq ədəbiyyatı nümunələridir. Burada dastanların, nağılların, atalar sözlərinin, tapmacaların, laylaların rolu əvəzedilməzdir. Millət öz mənini tanımağı ilk anda şifahi xalq ədəbiyyatını öyrənməkdən başlayır. Öz mənini yaxşı tanıyan millətin yaxşı mənada eqosu başlayır.


Mənini və eqosunu tanımağa dair ərəb xalqlarının nağıllarından bir nümunə:


Alim və dənizçi

Alim gəmi ilə səyahətə çıxmışdı. O, dənizçilərin birindən soruşdu:

–       Sən qrammatikanı bilirsənmi?

–       Yox, bilmirəm, deyə dənizçi ona cavab verdi.

Alim dedi:

–       Sən ömrünün yarısını itirmisən.

Çox keçmədən fırtına qopdu, gəmi batmağa başladı. İndi dənizçi alimdən soruşdu:

–       Sən üzə bilirsənmi?

–       Yox, üzə bilmirəm, deyə alim cavab verdi.

Dənizçi dedi:

–       Sən həyatını bütünlüklə itirdin.

Mənini və eqosunu dərk etmək

Məninieqosunu dərk edən millət, eləcə də onun hər bir fərdi mən, sən, o, biz, siz, onlar toplusuna mədəni yanaşmağı, mədəni davranmağı bacarır. Bundan başqa, məninieqosunu dərk etməyin əsası, bünövrəsi ən azı orta əsrlərə, şərqin dahi mütəfəkkiri Cəlaləddin Rumiyə gedib çıxır. Onun yaradıcılığı dünyanın bütün millətləri və dinləri tərəfindən təqdir olunur. O, humanist tərbiyə mədəniyyətinin formalaşmasında “mən” və “sən” deməyin məqamlarını ədəbi-bədii düşüncənin fonunda anlada bilir. Bu mənada onun “Bir evdə iki “mən”ə yer yoxdur” hekayəsi ədəb və əxlaq nümunəsidir. Belə ki, Mövlana həqiqi dostluğu belə anladır:

“ – Kor bir şəxs dostunun qapısını döyür. Dostu “Kimdir?” deyə soruşanda “Mən” deyə cavab verir.

Dostu “Get! Hələ vaxtı deyil. Çünki mənim şüfrəmdə xam insana yer yoxdur. Xam insanı ayrılıq atəşindən savayı nə bişirib nifaqdan qurtara bilər?” deyir.

O kədərlənərək oradan uzaqlaşır. Düz 1 il dostunun ayrılıq atəşi ilə yanıb-yaxılır.

Sonra yenə gəlir. Dostunun evinin ətrafında gəzməyə başlayır. Qorxa-qorxa, ağzından ədəbdən kənar bir söz çıxmasın deyə qapını hörmətlə döyür.

Dostu “Kimdir?” deyəndə isə “Könlümü alan sevgili sənsən, sən!” deyir.

Dostu isə cavabında belə deyir:

–     Madam ki indi sən mənsən, onda gəl! Çünki bu evdə iki “mən”ə yer yoxdur”.

Nəfs və ağıl

Tarixboyu dünyadakı insanın qarşısında eyni fəlsəfi problemlər durmuşdur. Belə ki, insanın fiziki, nəfsi və mənəvi mövcudluğu onun təzahür formalarıdır. Ancaq bu təzahür formaları arasında rabitə, əlaqə ilə yanaşı, həm də mübarizə olubdur. Bəzən fiziki tələbat nəfsin üstün olmasına, var-dövlət, taxt-tac üstünlüyünə nail olmaq istəyini güclü edibdir. Bəzən isə mənəvi yüksəliş, intellektual, əxlaqi üstünlük fiziki və nəfsi tələbatı üstələyibdir. Bir sözlə, nəfslə mənəviyyat arasında gedən mübarizə ədəbi mübarizə olmaqla bədii ədəbiyyatın da probleminə çevrilir. Bədii ədəbiyyat bu məsələni humanist tərbiyə mədəniyyətinin xeyrinə həll edir. Bədii ədəbiyyat nəfsin arxasınca qaçmamağı təbliğ edir. Nəfs həmişə çalışır ki, ağlı aldatsın. Nəfsin ağılı necə aldatması sualına Mövlana Cəlaləddin belə bir maraqlı misalla açıqlıq gətirir:

“ – Bir milçək bir gün dəniz kənarında bir yerə qonur. Ətrafını seyr edərkən içində yüzlərcə adam olan nəhəng bir gəmi və bu nəhəng gəmini də bir şəxsin, yəni kapitanın idarə etdiyini görür.

Böyük bir heyrət və təəccüblə öz-özünə belə deyir:

–     Bu necə əcaib bir şeydir? İçində yüzlərcə adam olan bu nəhəng gəmini bir nəfər necə idarə edir?

Bir müddət sonra yenə eyni milçək yol üzərindəki palçıqda bir ulağın nal izinə toplanmış sidik yığıntısı üzərində bir saman çöpü görür. Milçək bu saman çöpünün üzərinə qonur və onu sola-sağa çevirməyə başlayır, sonra da öyünərək belə deyir:

–     Bir az əvvəl mən o bir şəxsin idarə etdiyi gəmiyə heyrət etmişdim. Amma indi eyni şeyi mən də edirəm!

Yazıq milçək özünün də bir dənizdə böyük bir gəmini içindəki insanlarla birlikdə idarə etdiyini sanaraq əzilib-büzülür, qürurlanır.

Hansı ki gəmi hesab etdiyi saman çöpü, dəniz hesab etdiyi nal izinə toplanmış sidik, kapitan hesab etdiyi isə özü, yəni balaca bir milçəkdir.

Beləliklə, özünü yaradan sanan və ilahlığını elan edən yazıq insanların vəziyyəti də buna bənzəyir”.

Mövlana Cəlaləddinin fikrincə, nəfs bir sehrbazdır. Nəfs bir əjdahadır. Ona hakim olmayan firon olar. Nəfs bir bütdür. Elə bir büt ki, digər bütlər də bu bütlərdən doğulmuşdur. Bütü qırmaq asandır, lakin nəfsi asan bir şey hesab etmək böyük bir cahillikdir.

Cəlaləddin Rumi nəfsin mahiyyətini açmaq üçün belə nəql edir:

“ – Uca Yaradan öz nurundan ağılı yaratdı. Sonra ona “Gəl!” dedi. O da dərhal gəldi. “Get!” dedi. O da əmrə tabe oldu və getdi. Daha sonra da “Sən kimsən, mən kiməm?” deyə soruşdu.

Ağıl bu suala bu cavabı verdi:

–     Sən mənim Rəhim olan Rəbbimsən. Mən isə sənin aciz qulunam.

Bu cavabdan sonra Rəbbimiz “Ey ağıl! Səndən daha əziz bir varlıq yaratmadım” buyurdu.

Daha sonra Allah atəşdən nəfsi yaratdı. Ona “Gəl!” dedi. Nəfs bu əmrə tabe olmadı.

Uca yaradan ondan da soruşdu:

–     Mən kiməm, sən kimsən?

Nəfs bu suala “Mən mənəm, sən sənsən!” deyərək cavab verdi.

Uca Allah nəfsi atəşə ataraq cəzalandırdı və yenidən soruşdu. Ancaq cavab dəyişmədi. Nəfs yenə “Mən mənəm, sən sənsən!” dedi.

Allah – Taala bu dəfə nəfsi ac və susuz saxladı. Aclıqdan sonra yenə “Mən kiməm, sən kimsən?” deyə soruşdu.

Nəfs yalnız aclıqdan və susuzluqdan sonra doğru danışdı:

–     Sən mənim Rəhim olan Rəbbimsən, mən də sənin aciz qulunam”.

Bəxtiyar Vahabzadənin yaradıcılığında “Tamah-Ləyaqət” məsələsi öz bədii həllini tapır. O yazır:

Nəfsinə qul olsan... Nə deyim sənə?

Ağlına güvənmə, güvən mədənə.

Adın insan olar, özün böcəksən,

Boyundan yüz dəfə kiçiləcəksən.

Dünyanı udsan da doymaz gözlərin

Dibi görünməyən quyudur tamah.

Adəmdən Hatəmə dəyirman təkin

Nə töksən,

                          əridir,

                                    üyüdür tamah.

Özünü yüz dəfə kiçildib, amma

Mədəni yüz misli böyüdür tamah.

İnsan dərk edirsə bu gerçəkləri,

Onun zatındakı tamah bəs nədir?

Cənnəti almaya satandan bəri

Tamah, ləyaqətlə bəhsəbəsdədir.

Nəsfinə uyanın

                                    dövri-qədimdən

Həmişə silahı xəyanət oldu.

Bu da qəribədir,

                                    Bəs, necin görən,

Tamahın qurbanı ləyaqət oldu?

Ağlı mədəsindən xırda gədələr

Dünyanı yedirdi öz niyyətinə.

Kəsib tamahından ulu dədələr

Caladı həmişə layəqətinə.

Alçalda-alçalda şəxsiyyətini

                                             heç olur

Şərdən də xeyir güdənlər.

Ac qalar, alçalmaz,

                          ləyaqətini

                                    tamah qılıncına qalxan edənlər.

Acgöz “qazancında” yenə uduzdu.

Çünki o pozdu –

Tamahla ləyaqət arasındakı

Nazik xətləri.

Görə bilmədi adi bir korun

Yaxşıca gördüyü həqiqətləri...

Sərvətə qul olan bir rüşvətxorun

Xəlvət qazandığı var-dövlət oldu

Aşkar itirdiyi ləyaqət oldu.

 

Meymun – ləyaqətin insan övladı.

Ləyaqət – insanın ikinci adı.

Ləyaqət – insana ən doğru ünvan.

İnsan bu ad ilə dördayaqlıdan

İki ayaqlıya bir tarix keçdi.

İnsan qətrə-qətrə insaniləşdi

Yalnız öz insanlıq ləyaqətilə...

Qazandıq bu adı biz gilə-gilə.

İndi ləyaqətlə qazandığımız

İnsanlıq adını itirəkmi biz?

 

Ardı var... 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir