Modern.az

Bakı Nəqliyyat Agentliyi peşəkar sürücü bazası yaradıb  

Bakı Nəqliyyat Agentliyi peşəkar sürücü bazası yaradıb   

Aktual

11 İyun 2018, 13:15

Son 8 ay ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində paytaxtda müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən 1356 nəfər sürücü xüsusi təlim keçib.

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, təlimləri uğurla başa vuran sürücülərin adları peşəkar sürücü bazasına daxil edilib:

“Ümumilikdə isə, daşıyıcılar tərəfindən bizə verilən məlumata görə, paytaxtda marşrut avtobuslarında 3060 nəfərə yaxın sürücü var. Həmin sürücülərin hər biri xüsusi təlimlərdən keçəcəklər. Sürücülərin təlimləri yekunlaşdırılandan sonra bu təlimlərdə avtobus idarə etmək hüququ olan şəxslər də təlimlərdə iştirak edə bilərlər. Həmin şəxslər də təlimlərdən keçəndən sonra adları peşəkar sürücü bazasına daxil ediləcək”.

Qurum rəsmisi daşıyıcılarla bağlı da fikirlərini bölüşüb:

“Sürücülərin işə götürülməsi, onların əmək münasibətlərinin tənzimlənməsi daşıyıcılar tərəfindən həyata keçirilir, Daşıyıcıların hardan gəldi, yoxlanılmadan sürücü işə qəbul etməsi fəsadlarla nəticələnir. Bəzən olur ki, hətta avtobus idarə edən sürücünün sürücülük hüququ yoxdur. Yaxud da, sürücülük hüququ var, amma onun avtobus idarə etmək hüququ yoxdur. Əsas məqsədimiz bu cür halların aradan qaldırılmasıdır. Kənardan müraciət edən sürücülər də təlimlərdən keçəndən sonra vahid sistem yaradılacaq. Hansısa daşıyıcıya 2 nəfər sürücü lazım olacaqsa, Bakı Nəqliyyat Agentliyi həmin daşıcıya vahid bazadan 5, hətta 12 nəfər sürücü təqdim edəcək ki, onlar kənardan bu işə sürücü cəlb etməsinlər".

M. Ağayev bildirib ki, təlimlərdən keçə bilməyən sürücülər yenidən təlimlərdən keçmək üçün müraciət edə bilər: "Bu gün paytaxt marşrutlarında mövcud olan bir neçə problemdən biri də peşəkar sürücü çatışmazlığıdır. Bu gün həqiqətən də peşəkar sürücülərə ehtiyac var".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır