Modern.az

General Mehmandarovun Bakıda yaşayan gəlini: “Cümhuriyyətlə bağlı heç kəs məni ziyarət etməyib”

General Mehmandarovun Bakıda yaşayan gəlini: “Cümhuriyyətlə bağlı heç kəs məni ziyarət etməyib”

Mədəni̇yyət

11 İyun 2018, 14:41

2018-ci il Azərbaycanda “Cümhuriyyət ili” elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ili tamam oldu.  Üçrəngli bayrağında ay-ulduz təsvir olunan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, ana dili dövlət dili elan edilib, ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin olunub. Qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub.  

Tariximizin o dövrünün şanlı səhifələrini yazanlardan biri də ilk hərb nazirimiz, artilleriya generalı Səməd bəy Mehmandarov olub.

Təəssüf ki, general Mehmandarovun nəslindən sağ qalan olmayıb. Səməd bəyin yalnız gəlini hələ də sağdır, amma onun da övladı dünyaya gəlməyib.

Maraqlıdır, AXC-nin 100 illiyi dövründə generalın gəlinini yada salan olubmu?

Modern.az saytının əməkdaşı Səməd bəy Mehmandarovun  Bakıda yaşayan gəlini İza Polagina ilə əlaqə yaradıb. İza xanım 90 yaşlarında, qoca bir qadındır. Bu baxımdan o, eşitməkdə çətinlik çəksə də, həmsöhbət ola bildik. İza xanım deyir ki, onun AXC ilə  heç bir əlaqəsi yoxdur:

“Mən Rusiyada anadan olmuşam. 1977-ci ildə bura köçmüşəm. Ona görə də AXC ilə əlaqəm yoxdur. Kiminsə məni ziyarət etməsi məsələsinə gəldikdə isə deyə bilərəm ki, heç kəs ziyarət etməyib”.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan xeyli sonra Səməd bəy Mehmandarovun həyat yoldaşı və oğlu əvvəlcə Kalininqrada, daha sonra müharibə başlayan zaman qatarla Sibir tərəfə sürgünə göndəriliblər. Həmin vaxt qatara qəfildən almanlar hücum edib. Mehmandarovun həyat yoldaşı yaralanıb həlak olsa da, oğlu İqor sağ qalıb.

70-ci illərdə mərhum prezident Heydər Əliyev Səməd bəy Mehmandarovun yeganə övladı İqor Mehmandarovu Bakıya dəvət edib. Ona ev bağışlayıb. Elə həmin vaxtdan İqor həyat yoldaşı İza Polagina ilə birlikdə Bakıda yaşamağa başlayıb. İqorun İza ilə izdivacı ikinci evliliyi idi. Onun ölümündən sonra İza hələ də Bakıda yaşayır.

İqor Memandarov 1989-cu ilin avqust ayında vəfat edib. Məzarı Yasamal qəbirstanlığındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı