Modern.az

Qüdrət Həsənquliyev: "Əli Kərimli ciddi düşünməlidir ki, o zaman saqqal saxlaya biləcək, yoxsa yox" (MÜSAHİBƏ)

Qüdrət Həsənquliyev: "Əli Kərimli ciddi düşünməlidir ki, o zaman saqqal saxlaya biləcək, yoxsa yox" (MÜSAHİBƏ)

6 Sentyabr 2011, 17:34

"Problemləri təkamül yolu ilə aradan qaldırmalıyıq"

"Dini təmayüllü qüvvələr hakimiyyətə gəlsələr ilk növbədə Əli Kərimlidən saqqal saxlamağı tələb edəcəklər”

"Dindən siyasi məqsədlər üçün istifadə edənlər odla oynayırlar"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Modern.az saytına göndərilən müsahibəni təqdim edirik.

- "Vikiliks" saytı yenidən maraqlı məlumatlar yayıb və bu məlumatlarda Azərbaycanın da adı çəkilir. İstərdik əvvəclə saytın Azərbaycanla bağlı açıqladığı informasiyalara münasibət bildirəsiz.

- Yadınızdadırsa, "Vikiliks"in ilkin açıqlamaları yayılandan sonra bizim partiyanın rəsmi bəyanatı olmuşdu. Həmin bəyanatda xüsusi olaraq vurğulamışdıq ki, biz bu sənədlərin oğurlanıb yayılmasına inanacaq qədər sadəlövh deyilik. Hesab edirik ki, ABŞ xüsusi xidmət orqanları məlumatları düşünülmüş şəkildə, adi insanları inandıra biləcək formada Assancın əli ilə yayımlayırlar. Yayılan məlumatlara Dövlət Departamentinin müvafiq qurumları, prosesləri dərindən bilən insanlar əl gəzdirirlər. Bizim fikirlərimizi qüvvətləndirən əsas fakt budur ki, yayılan sənədlərdə ABŞ dövlət maraqlarına zərbə vuran hər hansı bir materiala rast gəlmək mümkün deyil. Eyni zamanda ABŞ-ın mütəffiqlərinin maraqlarına ciddi zərbə vuracaq məlumatlara da rast gəlinmir.

Konkret Azərbaycanla bağlı yayılan məlumatlara gəlincə, düşünürəm ki, bu informasiyaların yayılmasında məqsəd ölkəmizin qonşularıyla münasibətlərini kifayət qədər gərginləşdirmək, Azərbaycanı təzyiqlər qarşısında qoymaq və bundan istifadə edərək bizə öz şərtlərini qəbul etdirməkdən ibarətdir. Bu şərtlər isə sirr deyil. Azərbaycanı Dağlıq Qarabağ məsələsində güzəştə sövq etmək istəyirlər.

Buna baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməməlidir. İndiki və bundan sonra ola biləcək təzyiqlərdən, təhriklərdən çəkinməməli, qorxmamalıdır. Əksinə bizim partiyanın son bəyanatında qeyd olunduğu kimi Azərbaycan danışıqlardan çıxmalıdır. Diplomatik təcrübədə bu geniş yayılmış bir formadır. Danışıqlar dalana dirənəndə, tərəflərin biri qeyri-konstruktiv mövqe nümayiş etdirəndə danışıqlar dayandırılır.

Onu da deyim ki, materiallar üzərində nə qədər əl gəzdirilsə də bizim üçün bir müsbət cəhət diqqətçəkəndir. Hamının gördüyü və qeyd elədiyi bu müsbət məqam odur ki, milli vətənpərvər qüvvələrin mövqeyinin Azərbaycan prezidenti tərəfindən də sərgiləndiyini "Vikiliks" yaydığı teleqramlarda görürük. Bu baxımdan düşünürəm ki, bu teleqramlar onu yayanların gözlədiyi effekti vermədi. Sadə vətəndaşlar gördülər ki, onların prezidentləri gizli danışıqlarda belə sıravi insanlarla eyni mövqedən çıxış edir, eyni düşüncəni bölüşür. Ona görə də hesab edirəm ki, bu layihənin arxasında duranlar istədiklərini ala bilmədilər. Onu da deyim ki, Assancın həbs olunması da diqqəti daha çox bu teleqramlara yönəltmək məqsədi daşıyırdı.

- AXCP sədri Əli Kərimli "Azadlıq" qəzetində "Ərəb dərsləri" adlı yazı yazıb. Yazıda dini qruplara müəyyən mesajlar verildiyi sezilir. "Allahu-əkbər zalımlardan başqa heç kimi təhdid etmir" ifadəsi də bu mənada maraqlı görsənir. Bununla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

- Hesab edirəm ki, Əli Kərimlinin bu yazısı ""Vikiliks"in atdığı addımların davamıdır. Bu yazıda siyasi mübarizədə qalib gəlmək üçün bütün qüvvələrlə əməkdaşlığı özü üçün məqbul saymaq meylləri görürəm, hətta o şeytan olsa belə... Təəssüfləndirici və üzücü haldır. Əlbəttə Azərbaycanın müəyyən problemləri var. Qanunun aliliyi, insan haqları və demokratiya ilə bağlı problemlərimiz mövcuddur. Biz bu problemləri qaldırır, həll olunmasını istəyirik. Amma biz bu problemləri inqilabsız, təkamül yolu ilə aradan qaldırmalıyıq. İnsanlar maarifləndirilməlidir, inqilaba çağırılmamalıdır. Əli Kərimlinin yazısında təhlükəli meyllər var. "Allahu-əkbər" sədalarından dini-ekstermist qüvvələr də istifadə edirlər. Bu ifadədən istifadə edərək körpələrə, qadınlara, kimsəsiz, günahsız adamlara qarşı terror aktı həyata keçirirlər. "Allahu-əkbər" deyib terror aktı törədən, özünü partladan nə qədər insan görmüşük. Biz "Allahu-əkbər" deyib təyyarəni ABŞ-da ticarət mərkəzinə çırpanları da görmüşük. "Allahu-əkbər" deyən Əhmədnejadın Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın dövlət başçısının boyunu necə qucaqladığının şahidi olmuşuq. "Allahu-əkbər" sədaları altında Əfqanıstanda budda abidələrinin necə yerlə-yeksan edilməsi çoxlarının  yadındadır. "Allahu-əkbər" sədaları altında İraqda məscidlərin partladıldığını, İranda və Əfqanıstanda narkotik ticarətinin çiçəkləndiyini də həmçinin...

Əli Kərimli insanların inancından yararlanmaq və dindən siyasi məqsədlər üçün istifadə etmək istəyir. Amma dini qüvvələr hakimiyyətə gəlsələr, birinci növbədə Əli Kərimlidən saqqal saxlamağı tələb edəcəklər. Əli Kərimli ciddi düşünməlidir ki, o zaman saqqal saxlaya biləcək, yoxsa yox. Hər bir siyasətçi hər hansı bir çağırış etməzdən öncə Azərbaycan xalqı qarşısında öz məsuliyyətini dərk etməlidir. Biz dindən siyasi məqsədlər üçün istifadənin xeyir gətirmədiyinin hər zaman şahidi olmuşuq. Bu səbəbdən də bizim Konstitusiyada qeyd olunub ki, din dövlətdən ayrıdır. Biz qonşu ölkələrdəki dindarların Ermənistanla ciddi siyasi-iqtisadi əlaqələr qurduğunu da gözəl bilirik, dindən siyasi məqsədlər üçün istifadə edənlərin insanları əsarət altında saxlamasını da... Əslində dindən siyasi məqsədlər üçün istifadə edənlər odla oynayırlar. Bu od onların özlərini də yandırar, amma çox təəssüf ki, Azərbaycanı da yandıra bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir