Modern.az

“Ərzaq istehlakı bazarı bu marketlər tərəfindən inhisarlaşır” - ADLAR

“Ərzaq istehlakı bazarı bu marketlər tərəfindən inhisarlaşır” - ADLAR

Aktual

12 İyun 2018, 12:10

Bu ilin il 4 ayında istehlak bazarında satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,5 milyard manat olub ki, onun da 80 faizə qədəri bir neçə şirkətin payına düşür. 

Modern.az-ın məlumatına görə, bu barədə danışan iqtisadçı Qubad İbadoğlu hesablamalara əsasən “Bravo”, “Araz” və “Bazar Store” şirkətlərinin aylıq mənfəətlərinin 100 milyonlarla manata çatdığını bildirib:

“Dövlət Statistika Komitəsinin (DSK) məlumatına istinadən bildirib ki, 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

DSK-nın məlumatından göründüyü kimi, istehlak bazarında ümumi dövriyyənin yarısından çoxu ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür ki, onların da pərakəndə satışı əsasən bir neçə şirkətin inhisarına keçir”.


İqtisadçının sözlərinə görə, hazırda bazarda hökmran mövqeyini genişləndirən “Bravo”, “Araz” və “Bazar Store” şirkətləridir:

“Onlar arasından oliqopol əməkdaşlıq bazarın bu seqmetində əvvəllər fəaliyyət göstərmiş supermarketlərin bəzilərinin birləşməsinə, digərlərinin də sıradan çıxmasına gətirib çıxarıb. Müşahidələr göstərir ki, ərzaq, içki, tütün və qeyri-ərzaq məhsullarının satışında inhisarlaşma meyli topdansatış şirkətlərinin fəaliyyətinə də təsir göstərməkdədir. Belə ki, hazırda topdansatış şirkətləri yuxarıda adı çəkilən pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşüb. Pərakəndə satış şirkətləri arasında razılaşma yalnız satış qiymətini deyil, həmçinin alış qiymətini əhatə edir. Odur ki, oliqopol pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşən topdansatış şirkətləri gətirdikləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarını daha ucuz qiymətə onlara satmaq məcburiyyətində qalırlar. Beləliklə də xərclərini azaldan oliqopol pərakəndə şirkətlər alış və satış qiymətləri arasındakı fərqi böyütməklə daha çox mənfəət qazanırlar. Hesablamar göstərir ki, hətta 10 faizlik marja ilə onların aylıq mənfəəti 100 milyonlarla manatı üstələyir. 
Getdikcə satış dövriyyəsini daha da genişləndirərək ərzaq məhsulları, içkilər və tütün məmulatları bazarını ekspansiya edən “Bravo”, “Araz” və “Bazar Store” pərakəndə satış müəssisələrinin bu gedişlə rəqiblərini tez bir zamanda sıradan çıxarıb, satış qiymətlərini istədikləri kimi diqtə edəcəyi şübhə doğurmur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?