Modern.az

Jurnalistin “var-yox”una söyən general kimə GÜVƏNİR...

Jurnalistin “var-yox”una söyən general kimə GÜVƏNİR...

12 İyun 2018, 14:58

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.


Nəciməddin Əliyevin kimliyi ilə bağlı yayılan məlumatlarda onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğu bildirilib..

Məsələ ilə bağlı “Bizim yol”un əməkdaşı Əli Cahangiroğlu DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevlə əlaqə saxlayıb. Ə.Əliyev jurnalistə bu barədə açıqlama vermək  əvəzinə,  onun ünvünına küçə söyüşü işlədib, ardınca da general adına yaraşmayan ağır təhqiri bir də təkrarlayıb.

 

“... general cinayət məsuliyyəti daşıyır”

 

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında generalın hüquqi məsuliyyət daşıdığını bildirib:


““İnformasiyanın əldə edilməsi haqqında” qanuna görə, hər bir şəxsin və jurnalistin informasiya əldə etmək hüququ var. Jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə mane olmaq qanunla qadağandır və məsuliyyət yaradır. Əgər peşə fəaliyyətinə maneə yaradılırsa, bu, həm də cinayət məsuliyyəti yaradır. O ki qaldı şəxsiyyətin təhqir olunmasına, ümumiyyətlə bu da qadağandır. Hər hansı şəxsin başqa bir şəxsi təhqir etməsi yolverilməzdir, konstitusion normalara ziddir. Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirlə bağlı məsələ nəzərdə tutulub. Həmçinin, Mülki Məcəllədə şərəf və ləyaqətin müdafiəsilə bağlı  müddəa yer alıb”.

 

“Jurnalist məhkəməyə müraciət edə bilər”

 

Hüquqşünas bildirib ki, təhqir edilən jurnalist əlindəki  səsyazısı ilə birlikdə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilər:


“Qeyd edilən məsələ heç bir əxlaq normalarına sığmır. İctimai xadim, dövlət orqanın vəzifəli şəxsi, yaxud nə vaxtsa bu vəzifəni daşımış birinin daxil olan müracətlərə cavab vermək borcu var. Əgər müraciət olunan tərəfin həmin vaxt ünvanlanan suala cavab vermək imkanı yoxdursa, onu digər vəzifəli şəxsə, yaxud orqana yönləndirə bilər.

Dəqiqləşdirmə onun qardaşı ilə bağlıdırsa belə, o, ictimai marağa səbəb olan suala cavab verməyə borclu idi. Sualı “bəli”, yaxud “xeyr” deməklə də cavablandıra bilərdi. Bunları demək istəmirsə belə, nəzakətli şəkildə cavab verməkdən imtina edə bilərdi”.

 

Jurnalistləri təhqir edənlərin “ilham mənbəyi”

 

Ə.Nuriyev son vaxtlar vəzifəli şəxslərin, deputatların və eks-məmurların jurnalistləri təhqir etmələrinin hansı səbəbdən qaynaqlandığına da aydınlıq gətirib:

“Təəssüf ki, bizdə ümumi mədəniyyətlə bağlı məsələlərdə problemlər var.

Nədənsə bəzi vəzifəli, yaxud vəzifədə olmuş şəxslər jurnalistləri görəndə, KİV əməkdaşı ona zəng edəndə “jurnalistəm” sözündən hürkürlər, nələrdənsə çəkinirlər. Yəni jurnalistin sualını təmkinlə dinləyə və onun mövqeyilə razı olmaya bilərsən. Buna sadəcə nəzakət qaydaları çərçivəsində aydınlıq gətirməlisən.

Ümumilikdə son vaxtlar bu kimi halların təkrarlanması mədəni səviyyənin aşağı olması, bəzilərinin etik davranış qaydalarını bilməmələrilə bağlıdır. Dövlət qulluqçularının ən vacib funksiyalarından biri də davranış qaydalarına əməl etməkdir. Sən publik informasiya daşıyıcısısan, səni vətəndaşlara xidmət etmək üçün vəzifəyə təyin ediblər. Əgər sənə edilən müraciət xidmətinlə bağlı deyilsə belə, çox nəzakətlə imtina etmək, yaxud digər şəxsə yönəltmək borcun var.


Bu həm də daha çox idarəçilik mədəniyyətini bilməməkdən irəli gəlir. Bir müddət əvvəl cənab prezident məmurlara xitabən, harınladıqlarını vurğulamış, xalqa xidmətin onların vəzifə borcu olduğunu xatırlatmışdı. Prezident “mən xalqın bir nömrəli xidmətçisiyəm” deyibsə, hansısa vəzifəli məmur bu işi görməkdən qürur duymalıdır. Çünki onlara böyük vəzifələr, səlahiyyətlər bəxş edilib. Onlar hər şeydən əvvəl insan hüquq və azadlıqlarına riayət etməlidirlər. Bu, konstitusion normadır. Hər şeydən öncə vətəndaş məmnunluğunun artırılması proritet məsələ olmalıdır.


Araşdırmaların nəticəsindən asılı olaraq, həmin general Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, məsuliyyətə cəlb edilə bilər. Eyni zamanda bu, jurnalistin peşə fəaliyyətinə mane olan hal kimi qiymətləndirilə bilər. Jurnalistin məlumat toplamaq hüququ olduğu kimi, qarşı tərəfin də məlumat vermək öhdəliyi var”.
 

Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə qohumu, sabiq nəqliyyat naziri Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı işləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu