Modern.az

  Klaviatura üzərindən müəllif hüquqlarımızı pozan media “qəhrəmanları”

   Klaviatura üzərindən müəllif hüquqlarımızı pozan media “qəhrəmanları”

12 İyun 2018, 13:22

Adətən hadisə qəhrəmanlarım kənar şəxslər olduğundan mövzunu onların problemləri üzərində qurmağa çalışıram. Bu dəfə isə fərqlidir. Hadisə qəhrəmanı özüməm. Necə deyərlər, “başına gələn başmaqçı olar!”

Media sahəsində çalışdığımdan oxucuya hər hansı xəbəri çatdırarkən məsuliyyətini də dərk edirəm. Eyni zamanda, ideyanı yazıya çevirməklə əqli mülkiyyət hüququnu formalaşdırıram. Amma iş müəllif hüquqlarımın pozulmasına gəlincə...

Təxminən il yarım bundan qabaq vaxtilə Azərbaycanın Amerikadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Yaşar Əliyevdən  müsahibə götürdüm. Düzü, keçmiş səfirdən müsahibə götürmək məsələsində bir neçə ay gözləməli oldum. Çünki uzun illərdir ki, kütləvi informasiya vasitələrinə hər hansı açıqlama, müsahibə vermirdi. Onun müsahibəyə razılıq verməsi  məni çox təəccübləndirdi.

Hətta, illərdir mediaya müsahibə verməyən ictimai-siyasi xadimin mənə müsahibə verməsi rəhbərliyin də diqqətindən yayınmadı.  Əməyimə “sağ ol” sözünü də eşitdim. Amma rəhbərlikdən eşitdiyim “sağ ol” sözündən sonra aldığım növbəti “mükafat” heç də ürəyimcə olmadı. Belə ki, müəllifi olduğum məqaləmə, digər bir media orqanında başqasının imza ilə rast gəldim. Bu vaxt yaşadığım gərginliyi təsəvvür etmək çətin deyil.

Bu barədə müəllifi olduğum yazını öz yazısı kimi mənimsəyən şəxsə də iradımı bildirdim. Halbuki, bu cür məsələlər irad bildirməklə yekunlaşmır. Çünki media ilə bağlı əsas müzakirə mövzularından biri də saytların, domen adların oğurlanmasıdır ki, nəticədə müəllif hüquqları kobud şəkildə pozulur.

İKT üzrə ekspert Cahid İsmayıloğlu deyir ki, saytların, domen adlarının, dizayn maketlərin oğurlanması hallarına qarşı Mətbuat Şurası aidiyyatı qurumlarla birgə mübarizə aparır.

“Neqativ hallar tanınmış saytlara qarşı daha çox olur. Bu cür oğurluğun mədəni tərəfi yoxdur. Bunu edən şəxslər qısa zaman kəsiyində qanun qarşısında cavab verirlər. Domen adları, dizayn maketləri hazırlayan şəxslərin əməyinə hörmətlə yanaşmaq lazımdır. Beynəlxalq təcrübədə müəllif hüquqları ilə bağlı məsələlər sərt qaydalarla tənzimlənir. Hətta bu cür oğurluq hadisələrinə görə bir çox Avropa ölkələrində məsələ cinayət məsuliyyətinə cəlb olunmağa qədər gəlib çıxa bilir. Çünki söhbət insanın intellektual bacarığından və intellektual mülkündən gedir. Ona  görə də bu mülk qorunur. Onu oğurlayan şəxs müəyyən məsuliyyətə cəlb olunur. Mediada özünü təsdiq etmiş qurumlar, saytlar var ki, bu qurumların adlarına müəyyən  əlavələr etməklə, bəzən onların adından da istifadə edirlər. Rast gəldiyim hallar da var. Belə ki, həm saytın adı, həm də dizayn tərtibatı oğurlanıb.  Sayta daxil olarkən diqqət etməyəndə adama elə gəlir ki, həmişə oxuduğun saytı açmışsan. Bir az texniki parametrlərə diqqət edəndə məlum olur ki, bu, həmin sayt deyilmiş. İstənilən bu cür hallar baş verirsə, yenə də müəllif hüquqları pozulur”.

Bir sözlə, bugünkü mediada təəssüfedici məqam yaşanmaqdadır.  İnternetin kəşf edilməsi, medianın rəqəmsal müstəviyə köçməsi KİV-də  müəllif hüquqlarının qorunması sahəsində yeni problemlər yaradıb. Onlayn  media sahəsində biri-digərindən köçürmə, saytların, domen adların oğurlanması, başqasının  ideyasını, informasiyasını mənimsəyib öz adından tirajlama halları o qədər çoxalıb ki, hətta “copy-paste” jurnalistikası deyilən anlayış  da formalaşıb.

Kütləvi İnformasiya Vasitələrində müəllif  hüquqları necə pozulur?!

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyir ki, elm, ədəbiyyat, incəsənət sahələri üçün  xarakterik olan “piratlıq” problemi media sahəsi üçün də aktualdır.

“İnternet texnologiyası imkan verir ki, hər hansı bir internet istifadəçisi, xəbər istehsalçısı heç bir əziyyət çəkmədən başqasının məhsulunu asanlıqla mənimsəyib, öz materialı  kimi tirajlasın. Məsələ ondadır ki, indi xəbər istehsalçıları, ayrı-ayrı KİV qurumları təkcə başqalarına  məxsus olan informasiyanı, müsahibəni, araşdırma yazısını deyil, həm də bir-birinin loqosunu, dizayn quruluşunu, maketini də olduğu kimi mənimsəyib öz adlarına çıxarırlar. İlk baxışdan elə təəssürat yaranır ki, mediada piratlıq, plagiatlıq, müəllif hüquqlarının və haqlarının pozulması idarəolunmaz hala gəlib. Amma bu, zahirən belədir”.

Müəllif hüquqlarımı necə qorumalıyam?!

Məsələ ondadır ki, media sahəsində çalışanların əksəriyyəti hüquqlarının pozulması faktları ilə tez-tez rastlaşır. Onlayn mediada isə bu cür hallara qarşı mübarizə aparmaq bir qədər mürəkkəb təsir bağışlasa da, Müşfiq Ələsgərli heç də belə düşünmədiyini deyir. Onun sözlərinə görə, mövcud olan problemin artıq  dövlət səviyyəsində həllinə səy göstərilib.

“İndi bu cür neqativ halların qarşısını almaq üçün  ölkəmizdə həm hüquqi baza formalaşıb, həm də bu cür hallara qarşı mübarizə aparmaq üçün mexanizmlər, strukturlar formalaşdırılıb.  Bildiyimiz kimi, Prezident İlham Əliyevin  2018-ci il 20 aprel tarixli  sərəncamı ilə  “ Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi” (SMPDK) və Müəllif Hüquqları Agentliyi (MHA) ləğv edilib. Bunun əvəzində Əqli Mülkiyyət Agentliyi  yaradılıb. İndiyədək onlayn KİV-lər müəllif hüquqlarının qorunması və ya tanınması üçün ayrı-ayrı məsələlər üzrə iki quruma müraciət edirdilərsə, indi vahid mərkəz yaradılıb.  Sevindirici haldır ki, keçmiş MHA – rəhbəri Kamran İmanov  yeni yaradılan Əqli Mülkiyyət Agentliyinə sədr təyin edilib. Kamran İmanov əqli mülkiyyət və müəllif hüquqları sahəsində beynəlxalq praktikanı bilən yeganə şəxslərdəndir. Onun rəhbərliyi ilə  Müəllif Hüquqları Agentliyi bu sahədə ciddi işlər görüb. Əqli Mülkiyyət Agentliyinin səlahiyyətləri və fəaliyyət çevrəsi daha genişdir. Yetər ki, KİV təmsilçiləri müəllif hüquqları anlayışına önəm versinlər və bu agentliklə əməkdaşlıqlarını genişləndirsinlər. Onların yardımından istifadə edib KİV sahəsində müəllif hüquqlarının qorunması üzrə səhman yaratmaq mümkündür”.

Deməli, il yarım bundan öncə müəllif hüquqlarımın pozulmasına adi irad şəklində münasibət bildirmişdimsə, indiki halda daha sərt qərarlar tətbiq etmək mümkündür.

Kütləvi İnformasiya Vasitələrində çalışan  jurnalistlər xəbər, araşdırma müsahibə tipli yazılarla oxuculara xidmət edir. Amma mediada hüquqların pozulması halları ortaya çıxanda məsələnin hüquqi tərəfləri gündəmə gəlir. Çox vaxt mədəni şəkildə bildirilən iradlar faydasız olur. Bu zaman hüquqlarımızı pozan şəxslərlə elə hüquq dilində danışmaq zərurəti meydana çıxır.

Hüquqlarımızı pozan oğrular...

Söhbətin bu yerində Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirli problemin hüquqi yolla həll olunmasını izah edir. Deyir ki, sadəcə, müəllif hüquqlarının pozulmasını sübuta yetirmək lazımdır.

“Çünki mülki hüquqi məsuliyyət də mövcuddur. Əgər sübuta yetirilərsə, inzibati və cinayət məsuliyyətindən savayı, şəxsə qarşı maddi və mənəvi ziyanla bağlı məhkəmədə iddia qaldırmaq da mümkündür. Bu zaman məhkəmədə maddi və mənəvi ziyana görə təzminat da tələb edilə bilər. Məsələn, bir müğənninin icazəsi ilə onun mahnısını digər bir müğənni ifa edir və burada həmin müğənninin müəlliflik hüququ qorunur. Təbii, qorunduğu halda o mahnısının oxunmasına etiraz etməyəcək. Bununla bağlı, sırf bu sahəyə nəzarət edən Müəllif Hüquqları Agentliyi mövcuddur. Yaxud da hansısa saytda çalışırsız. Müəllifi olduğunuz yazı digər mətbu orqanda verilirsə, mütləq istinad olunmalıdır”

Uzun illərdir ki, mətbuatda çalışıram, amma həmkarlarımın, rastlaşdığı problemlərlə bağlı hansısa hüquqşünasa  müraciət etdiklərindən xəbərsizəm. Təəssüf ki, xəbər oğrularının “peşəkarlığı” sayəsində müəllif hüquqlarım pozulsa da, heç bir ciddi tədbir görməmişəm.

 “Azərbaycan Respublikasının qanunvericiliyinə görə, müəllif hüquqlarının pozulması həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Vəkil olaraq dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri tərəfindən mənə bu barədə müraciətlər daxil olub. Sadəcə, müəllif hüquqları ilə bağlı araşdırmalar zəifdir. Artıq saytların və şəxsi səhifələrin sındırılması, domen adların oğurlanması, şəxsi məlumatlara qanunsuz daxil olmaq və bu qəbildən olan problemlərlə bağlı, Daxili İşlər Nazirliyində müvafiq prosedurlar hazırlanıb, texniki avadanlıqlar gətirilib. Hüquqi sahədə araşdırmaların aparılması üçün xüsusi mütəxəssislərn cəlb olunması prosesi davam edir. Bu cür problemlərlə bağlı hallara lazımi hüquqi qiymət verilir. Ciddi tədbirlər görülür. Verilmiş şikayətlərə baxılır”-deyə Xəyal Bəşirli əlavə edib.

Hüquqların pozulmasına qarşı maddi cəza növü varmı?

Xəyal Bəşirli kütləvi İnformasiya Vasitələrində, xüsusən onlayn mediada hüquqların pozulmasından danışarkən təzminat məsələsinə də aydınlıq gətirib. Bildirib ki, müəllif hüquqlarının pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyində  inzibati və cinayət məsuliyyət tədbirləri aşağıdakı kimidir.

 “İnzibati məsuliyyət tədbirinə əsasən maddi cəza bu cürdür. Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə bu az miqdarda ziyan vurduqda pirat nüsxələr, pirat nüsxələrin hazırlanmasında və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və digər vasitələr müsadirə edilməklə 80 manatdan 150 manatadək məbləğdə cərimə edilir.

Cinayət məsuliyyətinə görə cəza isə belədir. Müəlliflik hüququndan qanunsuz istifadə etmə, yəni özgənin elmi bədii əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə kimi bu cür əməllər nəticəsində ziyan vurulmuşsa 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılır”

Hansı ölkələrdə  müəllif hüquqları daha çox pozulur?!

Media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, onlayn mediada müəllif hüquqlarının pozulması halları daha çox vaxtilə mövcud olmuş Sovet respublikalarında özünü göstərir.

 “Müəllif hüquqları əqli mülkiyyət hüquqlarının predmetidir. Əgər dünya ölkələrinin Kütləvi İnformasiya Vasitələrindən danışırıqsa, peşəkarlıq məsələsini unutmamalıyıq. Peşəkar media istinad mədəniyyətini özündə daşıyır və başqalarının müəllif hüquqlarına hörmətlə yanaşır. İstənilən onlayn media ənənəvi medianın bu və ya digər formada davamıdır. Xüsusilə,  Şərqi və Qərbi Avropa ölkələrində müəllif hüquqları çox ciddi şəkildə qorunur. Bununla bağlı kütləvi tədbirlər görülür. Təəssüf ki, vaxtilə Sovet ölkələrinin tərkibində olmuş respublikalarda müəllif hüquqları ilə bağlı problemlər qalmaqdadır. Təbii, Azərbaycanda da eyni hallara rast gəlinir. Buna baxmayaraq, artıq bu istiqamətdə də işlər görülür”.

Namidə BİNGÖL

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında ""Mediada müəllif hüquqları: rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı ”mövzusuna mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir