Modern.az

Dünya Çempionatının deputat azarkeşləri - Oyunlara baxacaqlar, mərcə girməyəcəklər...

Dünya Çempionatının deputat azarkeşləri - Oyunlara baxacaqlar, mərcə girməyəcəklər...

14 İyun 2018, 17:46

Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.  XXI mundialın açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da “Lujniki” stadionunda başlayacaq.

DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.

Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.


Milli Məclisin deputatları bu dəfə Modern.az-Dünya Çempionatında hansı komandaya azarkeşlik edəcəkləri barədə danışıblar.

 

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib ki, özünü tanıyan gündən, təxminən 8 yaşından Braziliya millisinə azarkeşlik edib.

“Həmişə istəmişəm ki, Braziliya çempion olsun. İçimdə Braziliya sevgisi olsa da, bu dəfə istəyirəm ki, Almaniya çempion olsun. Niyə? Çünki Almaniya millisində 2 türk futbolçu oynayır. İlkər Gündoğan və Məsud Özilin xətrinə  istəyirəm ki, onların sinəsində dünya çempionu medalı parlasın”.


Deputat bildirib ki, Dünya Çepionatının oyunlarını televiziya vasitəsilə izləyəcək.

“İkinci də ki, Rusiyada futbola gedib baxmağa vaxtım da yoxdur. Ancaq Türkiyə millisi Dünya Çempioatında oynasaydı, gedib baxardım. Ancaq Türkiyə yoxdu deyə, getmirəm”.

Aqil Abbas futbolla bağlı mərc oyunlarından danışaraq, onlarda iştirak etmədiyini də bildirib.

“Dinimiz bunu haram buyurub. Ona görə də mənim qumarla işim yoxdur. Həyatım boyu qumar oynamamışam. Dostlar və qohumlar oynayırdılar. Amma mənim qumarla nə işim var? Atamın da tapşırığından biri o idi ki, pul olan yerə getmə! Mərc oyunlarında iştirak etmək qumardır. Mən fanatik dindar deyiləm e... Sadəcə olaraq, mən qumar oynamağı sevmirəm”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, budəfəki Dünya Çempionatına - geniş anlamda futbola azarkeşlik edəcək.

“Gözəl oyunları, ulduz futbolçuları izləyəcəm. Qeyd edim ki, artıq dünyanın güclü milliləri kimi tanınanlarla bir qədər zəif qəbul edilənləri arasındakı fərq də son illər aradan qalxmaqda, azalmaqdadır. Bu baxımdan, bu çempionatda sensasiyaların olması mümkündür”.

Deputat bildirib ki,  Almaniya, Argentina, İngiltərə, İspanıya və Kolumbiya yığmalarına azarkeşlik edəcək.

“ Çünki onlarda böyük əzmkarlıq var”.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Eldəniz Səlimov futbola baxmağa və oynamağa böyük marağının olduğunu deyib:

“Bildiyimiz kimi, Dünya Çempionatı 4 ildən bir keçirilir. Bu yarışlara ölkəmizdə  də kifayət qədər maraq var. Bu baxımdan, Rusiyada keçiriləcək növbəti Dünya Çempionatını da izləyəcəyəm”.


Deputat bildirib ki, budəfəki çempionatda Braziliya millisinə azarkeşlik edəcək:

“Finala da istərdim ki, Braziliya və İngiltərə çıxsın. Arzu edək ki, güclülər qalib gəlsin. Vaxtın azlığı səbəbindən də Rusiyaya gedib oyunları canlı izləyə bilməyəcəm. Bununla bağlı hələ ki bir planım yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı