Modern.az

Mərkəzi Elmi Kitabxana UNESCO işçi qrupuna üzv qəbul edilib - FOTOLAR

Mərkəzi Elmi Kitabxana UNESCO işçi qrupuna üzv qəbul edilib - FOTOLAR

14 İyun 2018, 23:18

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyi ilə mənəvi ənənələrin və dinlərarası dialoqun komparativ araşdırılmasına dair UNESCO işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə UNESCO işçi qrupunun müxtəlif ölkələrdən olan üzvləri - AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun dosenti Rizvan Hüseynov, UNESCO-nun Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutunun bazasında yaradılmış Ruhani və mədəni irsin qorunması kafedrasının dosenti Alina Venkova, Ukraynadan tarixçi-arxeoloq Tatyana Krupa, Qazaxıstandan ekspert qismində A.H.Margulan Dövlət Pedaqoji İnstitutunun Arxeoloji Araşdırma Mərkəzinin direktoru Teymur Smaqulov və Pavlodar Dövlət Pedaqoji Universitetin Elmi Kitabxanasının direktoru Roza İqibayeva, dəvətli təşkilat kimi isə Mərkəzi Elmi Kitabxana iştirak edib.

 

Müzakirələrdən sonra Mərkəzi Elmi Kitabxana UNESCO işçi qrupuna üzv qəbul edilib. İşçi qrup Mərkəzi Elmi Kitabxana nəzdində Mədəni-tarixi irsin öyrənilməsi, qorunması və populyarlaşdırılması üzrə "Günəş axtarışında" adlı Beynəlxalq Mərkəzin yaradılması fikrini dəstəkləyib. Eyni zamanda UNESCO kafedrasının yaradılması məqsədilə prosedur hazırlıqlarının aparılmasını zəruri hesab edib. Həmçinin, MEK-in elektron kataloqunun formatı və quruluşu UNESCO işçi qrupunun ilkin reyestrləri üçün əsas kimi qəbul edilib.

 

Xatırladaq ki, UNESCO işçi qrupunun MEK-in təşkilati dəstəyi ilə 24 aprel 2018 tarixdə keçirilən ilk iclasında bölgənin etnoqrafik və mədəni irsinin öyrənilməsi, pasportlaşdırılması və qorunmasına dair layihə konsepsiyasının hazırlanması, 2018-ci ilin ilk mərhələsində Azərbaycanın qərb bölgəsində abidələrin qorunmasına və yenidən bərpa işlərinə ehtiyac duyan qədim abidələrin, məzarlıqların, qoçdaşların (totemik daş qoyun və at heykəlləri) və məbədlərin pasportlaşdırılmasına dair layihənin təşkil edilməsi planlaşdırılmışdı.

 

Məlumat üçün bildirək ki, 2017-ci ilin dekabrından MEK-in “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” haqqındakı Milli Rəqəmsal Yaddaş layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənir. Layihənin məqsədi Azərbaycanın mədəni-tarixi irsinə aid olan sənədlərin (kitablar, jurnallar, qəzetlər, markalar, audio-videoyazılar) toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, məlumat bazasına yerləşdirilməsi, müasir internet və digər elektron xidmətləri istifadəçilərinə təqdim edilməsidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir