Modern.az

İTV-nin aparıcısı Hüsniyə Məhərrəmova: “O mənə evlilik təklifi edəndə, düşündüm ki, belə insanı əldən buraxmaq olmaz”

İTV-nin aparıcısı Hüsniyə Məhərrəmova: “O mənə evlilik təklifi edəndə, düşündüm ki, belə insanı əldən buraxmaq olmaz”

Media

8 Sentyabr 2011, 11:32


Modern.az
saytı tanınmış telejurnalistlərlə müsahibələri davam etdirir. Bu dəfə hamının İctimai Televiziyadan tanıdığı aparıcı Hüsniyə Məhərrımova əməkdaşımızın suallarını cavablandırıb.  

- Televiziyaya gəlişinizi neçə xatırlayırsınız?

- Heç vaxt aparıcı olmaq arzusunda olmamışam. Sakit təbiətli insan olmuşam, amma digər tərəfdən də çox iddialı idim. Hansı peşəni seçəcəyimlə bağlı hər gün bir fikrə düşürüdüm. Zaman-zaman kosmonavt, idmançı, aktyor olmaq fikrinə düşmüşəm. Maraqlısı budur ki, seçdiyim bütün sahələr yaradılıcılqla bağlı olurdu. Artıq məktəbi bitirmək ərəfəsi idi... Həm də paralel musiqi məktəbində fortopiano şöbəsində oxuyurdum. Müəllimlərim bu sahədə istedadlı olduğumu söyləyirdilər. Fikirləşdim ki, musiqiçi, özü də opera müğənnisi olacam. Çünki xor dərslərində oxuyurdum, müəllimlərimin sözlərinə görə, çox nadir səsim var.  Beləcə musiqiyə getdim və hazırlıq şöbəsinə daxil oldum. Vaxt itirməmək üçün eyni zamanda da İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul oldum. Amma aktirisa olacağımı düşünmürdüm.

İncəsənət Universitetini bitirəndən sonra Bakı Musiqi Akademiyasının solo opera fakültəsinə qəbul oldum. Orda oxuya-oxuya artıq başa düşdüm ki, məndən opera müğənnisi olmaz, bu iş mənlik deyil. Artıq 21-22 yaşım var idi, vaxt gedirdi, nəsə bir işlə məşğul olmalı idim. Fikirləşdim ki, bu, mütləq incəsənətlə bağlı bir iş olmalıdır.
Televiziyaya müraciət etmək qərarına gəldim.  2005-ci il idi, bu ərəfədə İctimai Televiziya açılırdı. Gəldim, müsabiqədən keçdim, təxminən 1 həfdə, 10 gün ərzində birinci efirim də oldu. Elə o gündən də burda işləyirəm.

- Televiziya işciləri tez-tez iş yerlərini dəyişirlər...

- Mən bu barədə düşünmürəm. Çünki mənə burda inanıblar, hazırda məni Hüsniyə kimi tanıyırlarsa, o da bu kanalın vasitəsilə olub. Ona görə gə də heç vaxt buranı dəyişmərəm.

- İlk verilişiniz hansı olub?

- “Müzik ekspress” adlı mədəniyyət xəbərlərindən bəhs edən bir veriliş var idi. Bu verilişə əslində rublika ilə çıxmalı idim. Süjeti hazırladım, sonra rejissorlar gəlib baxdılar və çox bəyəndilər. Ondan sonra verilişin aparıcısı oldum.

Onu da deyim ki, verilişim bir-iki dəfə efirə gedəndən sonra böyük səs-küy yarandı. Çünki, mədəniyyət xəbərlərini çox statistik, akademik bir vəziyyətdə aparırdılar. Amma bizim hazırladığımız veriliş tamam başqa tərzdə idi. Düzdü, bu mənim ideyam deyildi, rejissor Orxan Çingizoğlunun ideyası idi, məni aparıcı kimi kəşf etməkdə də məhz bu rejissorun çox böyük rolu oldu. Xatırlayıram ki, verilişin birində axırda dəmiryolu vağzalında relsərin üstündə ayaqyalın gedirdim... “Stant up”ları qeyri-adi şəkildə təqdim edirdim.

Üç verilişin aparıcısı olmuşam: “Müzik ekspress”, “Qaraj”, daha sonra özümün hazırladığı “Şou N-1” layihəsi.

- Hüsniyə aparıcı kimi artıq özünü təsdiq edə bilib?

- Çətin sualdır, yəqinki yox. Hər zaman deyirəm ki,  mən hələ özümü tam aparıcı kimi hiss etmirəm. İzlədiyim aparıcılarla özümü müqayisə edəndə, görürəm ki, mən onların yanında çox zəifəm. Hələ görmək istədiyim işlər çoxdur,  özümü başqa cür görürəm, amma hələ ki, onları edə bilmirəm.

- Özünüzü necə görürsünüz?

- Məsələn intellektual oyunları aparmaq istəyirəm. Obraz dəyişməyi çox sevirəm. Mənim üçün obraz dəyişmək daxildən gəlir. Məsələn, “Qaraj”ı aparanda yaşım da başqa idi. İndi artıq o obrazda deyiləm, artıq özümü başqa cür hiss edirəm. Fikirləşirəm ki, gələcəkdə bu dövrü də keçəcəm. Nəsə başqa bir obraz, veriliş istəyirəm. Hələ axtarışdayam, ona görə də bu suala dəqiq cavab verə bilməyəcəm.

- Bəyəndiyiniz aparıcılar kimlərdir?

- Rusiyanın birinci kanalında aparıcılıq edən, eləcə də Rusiyada “Avroviziya”nın finalını aparan İvan Urqantı çox bəyənirəm. Amerkanın məşhur aparıcısı Opra Uinfri çox bəyənirəm. O, aparıcılıqla yanaşı, xeyriyyə işləri ilə də məşğuldur. Əfsuslar olsun ki, mən bunu hələ edə bilmirəm. Bəlkə nə vaxtsa mən də aparıcılıqla yanaşı, xeyriyyə işləri ilə də məşğul olaram.

- Bu dəqiqə hamıya “Avroviziya 2012”nin aparıcısının kim olacağı maraqlıdır. Özünüzdə bu yarışmanın aparıcısı üçün tələb olunan xüsusiyyətləri görə bilirsiniz?

- Görürəm, yalandan demərəm ki, “yox görmürəm”. İlk növbədə deyim ki, Azərbaycanda 2008-ci ildən milli finalı mən aparmışam, təcrübəm də var. Hər il “Avroviziya”ya gedirəm, aparıcı necə olmalıdır müşahidə edirəm. Mənə elə gəlir ki, mən istənilən tapşırığı yerirə yetirə bilərəm,  səhnədə qeyri-adi nə etmək olarsa, hamısını edə bilərəm. Düşünürəm ki, mən bu yarışmada aparıcı ola bilrəm və yaxşı da apara bilrəm.

Çox vaxt sual verirlər ki, “birdən sən aparıcı seçilmədin”. Burda faciəvi heç nə yoxdu. “Avroviziya”da çox peşəkar komanda işləyir, onlar desələr ki, “bu insan aparıcılıq etməlidir”, deməli bu düzgün seçimdir. Bu şounun daha da yaxşı olamasına xidmət edəcək. Aparıcı olmasam, məyus olmayacam, amma əlbəttə çox istərdim ki, bu yarışmanın aparıcısı məhz mən olum.  

- Teleaparıcı olaraq Azərbaycan teleməkanında kimləri özünüzə rəqib görürsünüz?

- Hər bir aparıcı mənim üçün rəqibdir. Düşünürəm ki, mən onlardan yaxşı, daha istedadlı olmalıyam. Mənim verilişlərim onların verilişlərindən daha çox izlənməlidir. Ona görə də elə bir aparıcı yoxdur ki, mən onu özümə rəqib saymayım.

- “Avroviziya”da ölkəmizi təmsil edən iştirakçılardan daha çox kimi bəyənirsiniz?

- Dördünü də. Ayselin cazibədarlığını, Safuranın xarizmasını, Eldar və Nigarın gözəlliyini çox bəyənirəm. Amma Elnurla Samirin ürəyimdə xüsusi yeri var. Bəlkə də bu, onları yaxından tanımağımdan irəli gəlir. Bəlkə də Azərbaycan ilk dəfə idi ki, bu yarışmada iştirak edirdi. Elnur və Samirin bəxş etdiyi emosiyalar hazırda da məndədir. Elnurun istedadına bələdəm, onu Azərbaycanda olan ifaçılar arasında ən istedadlı ifaçı hesab edirəm. O, istəsəydi dünya şöhrətli ifaçı ola bilərdi. Tənbəlliyinə görə onu öldürməyim gəlir. 

- Geyimləriniz də qeyri-adiliyi ilə seçilir. Bu sahədə kimsə kömək edir, yoxsa öz zövqünüzlə seçirsiniz?

- Yox mənə bu sahədə kömək edən insanlar var. Baxmayaraq ki, özümü zövqsüz hesab etmirəm. Düşünürəm ki, istər aparıcı olsun, istər müğənni, ümumiyyətlə səhnədə olan insana stilist lazımdır. Nə qədər yüksək zövqə malik insan olsan da, kənardan səni daha yaxşı görürlər. Şəhərin ən yaxşı stilistləri ilə çalışmışam, mənim istəyim və onların baxışları ilə birgə hər dəfə fərqli bir obraz yarada bilirik. Stilistlərin kənardan baxışı mənim üçün çox vacibdir.

- Sizi məhz Hüsniyə kimi tanıdan veriliş hansı oldu?

Yəqinki “Qaraj”.  Bu verilişdən sonra məni tanımağa başladılar. Verilişin yığdığı auditoriya mənim üçün çox maraqlı idi. Boynuma alıram ki, mən bir az özümdən razı inasanam. Hər zaman istəmişəm ki, məndə hər şey fərqli olsun. “Qaraj” verilişini açarkən də fikirləşdik ki, biz tamam başqa auditoriya yığmalıyıq. Hansı ki, hazırda Azərbaycan televiziyasına baxmayan, axtardığını bizim teleməkanda görə bilməyən bir auditoriya. Müasir, alternativ musiqi ilə maraqlanan gənclər çox idi, onların arasında elə mən də var idim. Ona görə də o verilişi yaratmaq qərarına gəldik.

Mən çox sevinirdim ki, başqa ölkələrin kanallarına baxan gənclər artıq bizə baxmağa başladılar. Fikirləşməzdim ki, Bakının kəndlərindən, rayonlardan bizə zəng vurarlar. Biz bu verilişlə hardasa gənclərin zövqünün formalşmağına təsir edə bildik. Veriliş artıq 3-4 ildir ki, efirə getmir, amma hamı yenə də “Qaraj”dan danışır. Heç kim məndən inciməsin, son illər bizim teləməkanda bu qədər səs salan, yadda qalan, istək alan veriliş olmayıb.  

- “Qaraj”a alternativ yeni proyektiniz yoxdu ki?

- Baxın,  “Şou N-1” verilişini açdım Bu “Qaraj”a aidiyyatı olmayan bir verilişdir. Amma reytinqlərə gələndə çox yüksək reytinqlər əldə etdi, nəinki İctimai Televiziyada, həta digər telekabalların əyləncəli proqramları arasında da ən reytinqli veriliş oldu. Mən reytinq dalınca heç vaxt qaçmamışam. Hər zaman fikirləşmişəm ki, qoy 3 nəfər olsun, amma mənə yaxın olan auditoriya olsun. “Qaraj” kimi verilişə gəldikdə isə fikirləşirəm. Bu əlbətdə ki, “Qaraj” olmayacaq, istəsəm də “Qaraj” formatında olan bir veriliş edə bilmərəm. Amma ona yaxın bir şey etmək istəyirəm. Gərək elə edəm ki, o, “Qaraj”dan da yaxşı olsun. Bu isə çətindir, ona görə də hələ düşünürəm...

Sizin vasitənizlə bir acıqlama da verim, artıq “Şou N-1”in ikincisinə başlayırıq. Çox maraqlı iştirakçılarmız olacaq. Çaz ifacısı Təranə Mahmudova, Rəhim Rəhimli, Samir Cavadzadə, İlhamə Qasımlı kimi qonaqlarımız olacaq. Digərlərinin adlarını isə hələ açıqlamaq istəmirəm. Onların arasında idmançı da, jurnalist də var. Mənə elə gəlir ki, maraqlı olacaq.

- Bəziləri sizin ailəli olduğunuzu eşidəndə təəccüblənir, hər zaman insanları təəccübləndirməyi bacarırsınız?

- Məqsəd təccübləndirmək deyil, uşaqlıqdan fərqlənmək istəmişəm. Amma bunun üçün xüsusi olaraq heç nə etməmişəm. Mənə elə gəlir ki, ətraf o qədər eynidir ki, mən fərqli görsənmişəm. Hərdən güzgünün qarşısında durub fikirləşirəm ki, nəyə görə məni fərqli hesab edirlər və bunun cavabını tapa bilmirəm... Hər zaman saçıma təcüblənirlər, mən də onlara təəccüblənirəm ki, burda nə var ki?! Çox istəyirəm ki, saçımı keçəl qırxdırım. 90-cı illərin müğənnisi Şen Dekonun böyük pərəstişkarı idim, çox qısa sacları var idi. Universitetə daxil olan kimi, saçlarımı onun kimi kəsdirdim. Bəlkə də bunu etmək cəsarət tələb edirdi, mən özümü fərqlilikdən daha çox çəsarətli hesab edirəm, xarici görünüşümlə bağlı kompleksim yoxdu. Gözəllik geniş anlayışdır. Mənim üçün gözəllik daxili aləmlə bağlıdır, gözəllik cəsarətdədir... Ledi Qaqanı cəsarətinə görə çox bəyənirəm, bu onun daxili azadlığından gəlir. Mənim də daxili azadlığım olduğu üçün bu hərəkətləri edə bilirəm.

- “Avroviziya”nın aparıcısı olmaq üçün tələb olunsa ki, saçlarınızı keçəl qırxdırın...

- Heç bir problem yoxdu. Özü də mənə yaraşır. Belə bir təklif gəlsə, çox sevinərəm. 

- Ailəniz barədə bilmək istərdik...

- Üç ildir ki, ailəliyəm. Yoldaşım üçün ürəyim gedir, hər gün elə bilirəm ki, ona bu gün aşiq olmuşam. Yoldaşım rok müsiqiçidi. “Koldunya” qrupu var idi, əslində Azərbaycan musiqisi üçün çox işlər görmüş bir qrup idi. Onların Alim Qasımovla birgə hazırladığı, milli musiqi ilə rok müsiqisin sintezindən ibarət olan “Oyanış” albomu Fransanın musiqi tarixi institutu tərəfindən həmin ilin ən yaxşı albomu seçilmişdi.

Həmin qrupa pərəstiş edirdim. Heç vaxt ağlıma gəlməzdi ki, mən pərəstiş etdiyim, kumir kimi baxdığım bir qrupun üzvinə ərə gedəcəm. Hər zaman özümlə fəxr edirəm, mən ulduz deyiləm, amma o mənim üçün ulduzdur. Çünki əsl müsiqiçidir, çox intellektual insandır, mənim üçün avtoritet insandır. Doğurdan da belə bir insan hər adama qismət olmur.

- Həyat yoldaşınızdan ağızdolusu danışdınız, bəs necə tanış olmusunuz?

- “Sing your song” adlı layihə var idi,  mən o vaxt İncəsənət Universitetində oxuyurdum, müğənni olmaq arzusunda idim. Fikirləşirdim ki, səsim, istedadım var, oxuyacam. Yaxın dostum var idi, mahnı yazırdı, o dedi ki, “belə bir yarışma var və qalibə 5  min manat verirlər. Gəl gedək, sonra pulu bölüşdürərik”.
5 mini qazanmaq həvəsi ilə getdik. Həmin layihədə də “Aprel” rok qrupu var idi, mənim yoldaşım həmin qrupda zərb alətlərində ifa edirdi. Yoldaşımla elə həmin vaxt tanış olduq, amma dost münasibətlərimiz var idi. Hər zaman ona pərəstişlə baxırdım. Fikirləşirdim ki, belə bir adamın yanında olmaq çox çətin və məsuliyyətlidir.

Tanışlığımız iki il davam etdi. Yoldaşım günlərin bir günü bir SMS yazıb və telefonunda olan bütün nömrələrə göndərib. O nömrələr arasında ona yeganə cavab verən mən olmuşdum. Bu onu təccübləndirdi. O SMS-dən sonra bizim münasibətimiz başladı. Artıq mən İctimai Televiziyada çalışırdım və İctimai Televiziya “Avroviziya”nın yayım hüququnu almışdı. 2007-ci ildə iştirak etməsək də, televiziyanın bir qrup əmkdaşı yarışmanı müşahidə etmək üçün Finlandiyaya ezam olunmuşdu. Orda olarkən yenə də SM gəldi və evlilik təklifi edirdi. Mən heç nə düşünmədən “hə” cavabı verdim. Düşündüm ki, belə bir insanı əldən buraxmaq olmaz.  

- Övladınız yoxdu deyəsən...

- Yox, “Avroviziya” imkan verir ki?! Bu “Avroviziya”nı da yola verək, yəqin sonra övladımız da olar.

- Efirdən çox çılğın xanım təsiri bağışlayırsınız, adi həyatda da beləsiniz?

- Yox, sakitəm, amma emosional insanam. Səhnədə elə bil sehirli nəsə var. Mən eyni zamanda çox  həyəcanlanan adamam.  2008-ci ilədə Heydər Əliyev adına Sarayda “Avroviziya”  yarışması keçiriləndə məşqlərə gedirdik. Zala kənardan baxıb fikirləşirdim ki, səhnəyə çıxan kimi həyacandan ürəyim dayanacaq.... Artıq səhnəyə çıxmağa az vaxt qalmışdı, səhnəyə çıxdım. Həyəcandan əsər-əlamət qalmadı. Çox gözəl hisslər yaşadım. Ona görə çox istəyirəm ki, bu “Avroviziya”nı da mən aparım, o hissləri yenidən yaşamaq üçün.  

- Daim zarafatçıl olan Hüsniyə, ciddi verilişlərin aparıcısı ola bilər?

- Hə, ola bilər. Bu barədə düşünürəm, istəyirəm ki, tamam başqa bir ampluada tamaşacıların qarşısına çıxım. Əvvəllər fikirləşirdim ki, əgər aparıcı olsam, “Xəbərlər”in aparcısı olacam. Özümü şou aparıcısı kimi görmürdüm. Həyatda ciddi adamam. İndiki Hüsniyənin varlığından özüm də xəbərsiz idim. Düzdü, bir-iki ciddi veriliş olub, orda özümü  pis hiss etmişəm, bu elə veriliş olmalıdır ki, həm ciddi, həm də emosional.

- İş və ailə çətin deyil ki?

- Yox, çətin deyil. Məni başa düşən ailəm var, kömək edirlər.

- Hobbiniz nədir?

- Divanda oturub televiziyaya baxmaq və kitab oxumaq. Rəqs etməyi də çox sevirəm. Bütün mənfi enerjim rəqslə çıxır. Dostlarımla ünsiyyəti və yemək yeməyi də inanılmaz  sevirəm. Heç vaxt arıq insan olmamışam, ola da bilmərəm.




Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər