Modern.az

Bakıda “Şollerin arxivi” bədii filminin qala gecəsi keçirilib

Bakıda “Şollerin arxivi” bədii filminin qala gecəsi keçirilib

15 İyun 2018, 21:21

Nizami Kino Mərkəzində Azərbaycanda ekranlaşdırılan “Şollerin arxivi” bədii filminin qala gecəsi keçirilib..

 

Modern.az-ın məlumatına görə, almanların Azərbaycana gəlişinin 200 iliyi ilə əlaqədar ölkə başçısı tərəfindən sərəncam imzalanıb və film həmin sərəncama dəstək olaraq çəkilib.

“Şollerin arxivi” bədii filmi Los Angeles CineFest (ABŞ), Genre Celebration Festival (Yaponiya), AltFF Alternative Film Festival (Kanada), Slumberjack Film Festival (Böyük Britaniya) və Barcelona Planet Film (İspaniya) festivallarına daxil edilməyə layiq görülüb.

Çəkilişləri bir ildən çox davam etmiş “Şollerin arxivi” bədii filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov, triller janrıda lentə alınan ekran əsərinin rejissoru tanınmış kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Əjdər Zeynalov, Şirzad Pirallahı, Sabir Məmmədov, Rövşən Kərimduxt, Ramiz Vəliyev kimi aktyorlar rol alıblar.

 

Filmdəki hadisələr ötən əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb.


Cəlaləddin Qasımov Modern.az-a bildirib ki, filmdə baş verən hadisələr real həyatdan götürülüb:
“Almanları sürgün edəndə azərbaycanlı ailəsinə bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi,  sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı gizlincə götürüb saxlayıblar. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib…”.


 


 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir