Modern.az

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  

18 İyun 2018, 13:47

Müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı ən yüksək nəticə göstərən pedaqoqlar artıq valideynlərin xüsusi diqqətindədir.

Bir çox valideynlər belə iddia edir ki, müəllimlərin  imtahanında ən yaxşı nəticə göstərən pedaqoq, öz növbəsində, övladlarının gələcəkdə ali məktəblərə qəbul zamanı ən yüksək bal toplamasına yardımçı olacaq.

Digər bir iddiaya görəsə, imtahanda yüksək nəticə göstərən müəllimlər, həm də ən yaxşı repetitorlar ola bilərlər.

Diaqnostik qiymətləndirmədə müəllimin yaxşı nəticə göstərməsi onun yüksək potensiala, bilikötürmə qabiliyyətinə malik olduğunu deməyə tam olaraq əsas verirmi?

“Müəllimlərin məsuliyyəti aşağı düşmüşdü

 

Müəllimlərin imtahanında yüksək nəticə göstərmənin üstünlükləri nədir?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, 2014-cü ildən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması ortaya çox ciddi faktlar çıxarıb:

 

“Birincisi 4472 orta məktəbdə çalışan 151 min müəllim arasında minlərlə müəllimin təhsil sənədinin dövlət nümunəsi olmadığı ortaya çıxdı. Bundan başqa, diaqnostik imtahanda iştirak edən müəllimlərin 45 faizə qədərinin qənaətbəxş nəticə göstərmədiyi məlum oldu.

 

DQ imtahanlarında iştirak edən müəllimlər yalnız ixtisas fənləri və kurikulumdan 60 test tapşırığına cavab verməli idilər. Yəni müəllimlər yalnız biliklərini nümayiş etdirirlər. Lakin onların bacarıqlarının yoxlanılmasının mexanizmi tətbiq edilmədi.

 

Nəzərə alsaq ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin biliklərinin yoxlanılması sonuncu dəfə 1994-cü ildə həyata keçirilmişdi, onda deyə biləırik ki, uzun müddət keçdiyindən müəllimlərin məsuliyyət hissi də aşağı düşmüşdü. Məhz bu imtahanlardan sonra ümumtəhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırıldı. Müəllimlərin dərs bölgüsü də məhz DQ imtahanında topladıqları bala görə bölündü”.

 

Savadlı müəllimlərin aşağı nəticə göstərməsinə səbəb olan amillər nədir?!

Ekspert bildirib ki, müəllimlərin imtahanında yüksək nəticə göstərməklə bağlı məsələlər ilk baxışdan ədalətli görünsə də, bunun çatışmayan tərəfləri var:

 

“Belə ki, test imtahanında əldə edilən nəticə bilik göstəricisi ola bilməz. Düzdür, 10 baldan aşağı nəticəyə heç bir halda haqq qazandırmaq olmaz, amma yüksək nəticə əldə edənlər,  bunu birbaşa yox, xüsusi hazırlıqla əldə ediblər. Təhsil Nazirliyi tərəfindən MİQ və DQ imtahanları keçirilməyə başlayandan sonra müəllimlər hazırlıq kurslarına, repetitorlara müraciət etməyə başladılar. Yəni kiminsə əldə etdiyi yüksək DQ balı, onun gündəlik prosesdə həyata keçirdiyi dərslə əlaqəli deyil, bu, onların xüsusi hazırlığı nəticəsində ortaya çıxan nəticədir. Bundan başqa, kompüterdən istifadə etməyən yaşlı müəllimlər buna görə aşağı nəticə əldə edirlər. Qeyd olunan imtahanların Bakı şəhərində və ya bir çox müəllimlərə uzaq məsafədə keçirildiyinə görə yol yorğunluğu, narahatlıqlar da nəticələrin aşağı düşməsinə şərait yaradır. Hesab edirəm ki, MİQ və DQ imtahanlarda yüksək bal toplayan müəllimlərin heç də hamısına tam bilikli və bacarıqlı müəllim kimi baxmaq düzgün deyil. Müəllimin biliyi, bacarığı, keyfiyyəti onun apardığı və dediyi dərsdən asılıdır. Əgər o həqiqətən də yüksək kompitensiyalara malik müəllimdirsə, onun dərsi keyfiyyətli və nəticəsi yüksək olacaq. Müəllimlərin MİQ və DQ imtahanlarından əldə etdikləri nəticələr repititor, hazırlıq kurslarında əldə etdikəri əsasındadır. Onlar ali təhsil aldıqları zaman əldə etdikləri və ya gündəlik dərs prosesindəki bilikləri ilə o imtahanlara girsələr heç 50 faiz nəticə əldə edə bilməzlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar