Modern.az

Nazir zəhərlənən pambıqçıların yanına getdi

Nazir zəhərlənən pambıqçıların yanına getdi

Aktual

19 İyun 2018, 17:48

Bu gün İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə baş verib.

Modern.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov, Baş prokurorun birinci müavini Rüstəm Usubov və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri hadisə yerində olublar. Onlar zəhərlənən sakinlərə baş çəkiblər.

Nazir İnam Kərimov bildirib ki, Baş Prokurorluq tərəfindən həm bu gün İmişlidə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahələrində baş verən hadisələrlə bağlı cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır. O deyib ki, məsələ Prezidentin birbaşa nəzarətindədir.

İ.Kərimov deib ki, Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunublar.

Pambıq texniki bitki olduğunu vurğulayan nazir deyib: “Pambığın yetişdirilməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, bu proses zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlərin və fermerlərin həm yığımda, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verə bilər”.

İnam Kərimov deyib ki, son günlər nazirlik tərəfindən bununla bağlı ciddi xəbərdarlıq edib.

Nazir onu da qeyd edib ki, bu il iyulun 1-dək fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Agentliyi icazə verəcək.

Zəhərlənən şəxslərin vəziyyətinin normal olduğunu deyən İnam Kərimov bildirib: “Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Yəqin ki, onlar bu gün evə buraxılacaqlar”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?