Modern.az

Xanım deputat intihar olayı haqda: “Sözün bitdiyi yerdəyəm...”  

Xanım deputat intihar olayı haqda: “Sözün bitdiyi yerdəyəm...”   

20 İyun 2018, 09:39

“Gec də olsa sosial şəbəkələrdə gənc qızımızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntüylə izlədim. Mənim də o yaşda qız övladım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış üzvünün itirilməsində başda valideynləri, yaxınları olmaqla hamımız - bütün cəmiyyət günahkardır”.

Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Sona Əliyeva bir neçə gün əvvəl Biləsuvarda 16 yaşlı qızın intihar etməsinə və öncədən özünü videoya çəkməsinə münasibət bildirərkən deyib.

Xanım deputat bildirib ki, nə qədər ki, erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki bu kimi hadisələri hərənin öz işi kimi qəbul edəciyik, bu kimi itkilər artmaqda davam edəcək.

“Bundan başqa, insanlar tez-tez  insanlar  çətinliklərlə qarşılaşdıqları zaman intihar və bu cür halları ağlından keçirir. Xəbərlərdə belə halların baş verməsi haqda informasiyalar yayıldıqca bu fikrin reallaşması kimi hisslər də əlavə olunur. Statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlərin geniş müzakirəsi bu kimi halların dəfələrlə artmasına gətirib çıxarır və bu hal Verter effekti adlanır”.

Sona Əliyeva bu cür hallarla bağlı videoları paylaşmağa çağırıb.

 “Media üzvlərindən və insanlarımızdan çox xahiş edirəm. Gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar. Bu paylaşımın övladını itirmiş ailənin ailəyə verdiyi ikiqat acını və kədəri duymazdan gəlməsinlər, yaxşı nümunə olmasa da, gənc bir övladımızın ruhuna ehtiramla yanaşsınlar və bunu müzakirə obyektinə çevirməsinlər. Nəyin düz, nəyin səhv olduğunu izah etməyə çalışmasınlar... Heç olmasa bundan sonra bu kimi hadisələrin qarşısını almağa yönəlik işlər görməyə çalışaq, gənclərimizi və övladlarımızı bu kimi təhlükələrdən qorumağa çalışaq...

Bu arada dünəndən övladlarımın bununla bağlı suallarını cavablandırmaqda çətinlik çəkirəm... Sözün bitdiyi yerdəyəm...

Elə bir neçə həftə əvvəl “ Uşaqların zərərli informasiyadan qorunması haqqında qanun”un müzakirəsi ilə bağlı fikirlərimi və təkliflərimi yazmışdım...
Qeyri-qanuni, qeyri etik və digər bu kimi hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilsin.
Çox xahiş edirəm, bunu təkcə qanunla tənzimləməyək, həm də vicdanımızı dinləyək və insanımıza olan ehtiramımızdan edək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi