Modern.az

Həyatımın AVCİYA-dakı on ili

Həyatımın AVCİYA-dakı on ili

Aktual

20 İyun 2018, 13:50

Vüqar Tofiqli


Bu günlərdə oxuduğum kitabların birində maraqlı bir fikrə rast gəlmişdim. Fikir belə idi ki, insanın cismi ölərsə, onun bir qara qəpik  belə qiyməti qalmır. Əsas insanın ruhunun salamat qalması və yaşamasıdır. Odur ki, təklif edilirdi ki, bir birinizlə xudafizləşəndə-“Allah ruhumuzu salamat eləsin”- deməyi unutmayın.

Fikrimcə, ruhumuzun salamat qalmasını arzulamaqla yanaşı, daim çalışmalı, xeyirxah əməl sahibi olmalı, ətrafına kölgə salmalı, kiməsə quyu qazmamalı, ən nəhayət ona göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni həm də əsirgəməməliyik.

Bəli, bu ötən illər ərzində gəldiyim ən mühüm qənaətdir. 

***

AVCİYA-da (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) çalışdığım 10 ildə olan yüz iyirmi ayın 3.650 günündəki xöşbəxt anların həcmi belə götürəndə iyirmi dörd saata bərabər olar ya bəlkə də olmaz.

 “Bakı Qəhrəman şəhərdir” layihəsindən başlayan xoşbəxt anlar sonuncu ilədək davam edəsi oldu. Bu anların qazanılması üçün bəzən illər lazım gəldiyini də demək yerinə düşərdi.

Bir insan olaraq daim istəyimiz odur ki, hər addımımız qiymətləndirilsin, diqqətdə saxlanılsın.

Bu isə həmişə mümkün olmur. Bir də görürsən kimsə sənin yüksək dəyər verdiyin bir layihəni heçə endirmək üçün cəhd edir və rəhbərlik qarşısında onun təqdimatını lazımı səviyyədə aparmır. Nəticədə işdən soyuyursan və abırına sığınıb meydanda tək qalırsan.

Bəzən isə əksinə, gözləmədiyin halda ən xırda bir təklifə və ya məqaləyə elə bir qiymət verilir ki, aylarla o hisslərlə yaşayırsan.

On il ərzində belə hallarla çox rastlaşmışam. Sözsüz ki, indidən on illik fəaliyyətimə hansısa qiymət verməkdə çətinlik çəksəmdə, hansı hallarda haqlı və ya haqsız olduğumu zaman göstərəcəkdir.

Öz-özlüyümdə isə düşünürəm ki, on il ərzində mənə göstərilən etimadı doğrultmuşam. Bu subyektiv fikrimdir.

Sözsüz ki, iş prosesində gərginliklərdə olub. Və hətta mənə qarşı xəyanətlərdə. Lakin bütün hallarda üzərimə düşən vəzifənin öhdəsindən gəlməyə çalışmışam.

***

2004-cü ilin yay aylarında əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin katibi Altay Zahidovla xoş bir təsadüf nəticəsində tanış oldum. (Red: Bu günlərdə dünyasını dəyişib- Allah rəhmət eləsin)

Onda gündəlik “Həftə içi” qəzetində şöbə redaktoru vəzifəsində çalışırdım. Altay Zahidov ardıcıl olaraq redaksiyaya gəlir, yazılar təqdim edir, mən də bu yazıları oxuyub müəyyən mənada redaktə edib, çap üçün qəzetə verirdim. Avqustun axırlarında redaksiyaya gələn zaman - “qədeş bura sənin yerin deyil, səni özümlə aparacağam, hazırlaş”- dedi. Sözün düzü Altay müəllim daim pafosla danışdığından, onun bu fikrinə elə də diqqət yetirmədim. Fikirləşdim ki, həmişə dediyi sıradan bir xoş sözlərdəndir.

Lakin sentyabrın axırında redaksiya gələrək- “hazırlaş gedək, bizi gözləyirlər!”-deməsi məni təəccübləndirdi. Açığı inanmadım. Hələ özünlə də iki nəfəridə götürə bilərsən. Artıq bir nəfərə də demişəm, o da gəlir.

Belə inandırıcı sözlərdən sonra qəzetin baş redaktoru xanım Sevinc Seyidovaya zəng edib icazə aldım. Amma uzun ilərdən bəri tanıdığım və hörmətlə yanaşdığım baş redaktora fikrimi açılqmadım. Finalı gözləmək məcburiyyətində qaldım. Yenə də inanmırdım.

Gəlib çatdıq. Otaqlarda hər kəs var gəl edirdi. İş qaynayırdı. Altay müəllim bizi, məni və telejurnalist Murad Hüseynovu Elxan Süleymanovla görüşdürdü.  Artıq bəlli oldu ki, təşkilat hansı işləri görür və biz nə etməliyik. Elxan müəllim təmkinini pozmadan danışır, bütün hallarda siz deyə müraciət edir, bizdən nə istədiyini proqram şəklində açıqlayırdı. Hərdən Altay müəllim zarafatla əlavələr edirdi. Biz isə sakitcə dinləyir və ekspromt veriləcək suallara cavab hazırlayırdıq. Lakin bizim hər hansı sualı cavablandırmağa ehtiyac qalmadı. Və bizə oturacaq yerimiz göstərildi, kollektivlə tanış edildik.  

Səhəri gün artıq iş başındaydıq. Məlumatlar hazırlayır, redaktə edirdik. Biz artıq “Vətəndaş cəmiyyəti və İlham Əliyevin 365 günü” mövzusunda keçirilən rəy sorğusunun təqdimatına hazırlaşırdıq. Bütün respublika üzrə keçirilən sorğunun diqqətiçəkən məqamları çox idi. Biz isə kitabın bölmələrinin mətni üzərində çalışır, media ilə əlaqələri qurur və sorğuyla bağlı çap məhsulları üzərində işləyirdik.

Möhtəşəm bir təqdimat keçirildi.

Oktyabr ayı ərzində mətbuat səhifələrində yalnız AVCİYA-nın keçirdiyi rəy sorğusundan danışılırdı.  Xəbəri olanlar obyektiv şəkildə fikirlərini bildirir, xəbəri olmayanlar isə ağıllarına gələni yazırdılar. Hər halda təşkilatın gördüyü real və obyektiv iş göz qabağındaydı.

Bu işdə mənim və iş yoldaşım Murad Hüseynovun da az da olsa xidmətləri var idi. Bu layihənin gerçəkləşməsində zəhməti olan hər kəsi isə sonda Elxan Süleymanov öz təşəkkürünü bildirib dəyərləndirdi də.

Təşkilatda çalışanlar arasında isə yalnız o illərdə “Space” telekanalından tanıdığım və xoş münasibət saxladığım Fuad Babayev idi. 

Yeni mühit, müxtəlif xarakterli insanlarla çalışmaq adamı yorsa da, digər tərəfdən zövq verirdi. Hər gün nə isə öyrənirdim.

Yuxarıda qeyd etdiyim “Vətəndaş cəmiyyəti və İlham Əliyevin 365 günü” layihəsi başa çatar-çatmaz ölkəmizdə bələdiyyə seçkilərinə start verildi.

Hər seçkidə AVCİYA öz sözünü deyəcək və bu istiqamətdə söz sahibinə çevriləcəkdi. Bu sonrakı illərdə olacaqdı.

Mən də artıq 2001-ci ildən bələdiyyə sistemiylə bağlı araşdırmalar aparır, AVCİYA təşkilatına gələnədək üç kitab tərtib etmişdim. Əlavə olaraq çıxışlar hazırlayır, təhlillər edirdim. Altay Zahidovun təşəbbüsü ilə məhz ekspert olaraq fikir bildirməyə başladım. Odur ki, 2004-cü ilin noyabr ayından “525-ci qəzet”də müəllif yazılarla çıxışlar etməyə başladım. İş elə gətirmişdi ki, yazdıqlarımı Murad Hüseynovun zəhməti sayəsində rus dilinə çevirir və çap edilməsi üçün “Exo” qəzetinə göndərirdim.

Bu müddət ərzində özümdə ciddi araşdırmalar aparır və yeni kitab üzərində çalışırdım. Seçki ərəfəsində isə yenə Altay Zahidovun təqdimatıyla “Azərbaycan bələdiyyə sistemi-beş ilin qısa xronikası” kitabının hazırlanmasına da razılıq verildi.

Bəli, tədricən yeni mühitə alışırdıq. Amma konkret nə vaxta kimi işləcəyimiz isə sual altında qalırdı. Bələdiyyə seçkilərinə həsr etdiyim kitabı isə nəşriyyatın məsuliyyətsizliyi ucbatında 500 nüsxə əvəzinə vaxtında yalnız 10 nüsxəni əldə edə bildim. Hər görüşdə haqqında danışılsa da, vaxtında paylanılmaması rəhbərliyi narazı salmışdı.

Məhz elə bu səbəbdən idi ki, yanvar ayının ilk günündə könülsüz işə gəlsəkdə, artıq 15-də o illər də vitse-prezident olan Laura Abbasova bizə qalıb işləyəcəyimizi və daha böyük layihələrə başlayacağımızı bildirdi.

Beləliklə, artıq yanvarın 22-dən etibarən “Bakı Qəhrəman şəhərdir” layihəsiylə bağlı məlumatları KİV-ə paylaşası olduq. Sonradan isə iki ay ərzində bu layihəyə dəstək verən QHT-lərın müraciətlərini toplayır və məlumatlar hazırlayaraq media orqanlarına göndərirdik.

Bəli, ilk layihə çox uğurla alındı. May ayında möhtəşəmliyi ilə seçilən beynəlxalq konfransa MDB məkanından yüzlərcə müharibə iştirakçısı, o cümlədən marşal və generallar dəvət almışdı.  Hamı bir ağızdan Bakının Qəhrəman şəhər olduğunu söyləyirdi.

Hələ o illərdə AVCİYA strukturuna aid olan Söz Azadlığını Müdafiə Fondu yazı müsabiqəsi keçirmişdi. Mərhum jurnalist, fondun icraçı direktoru Məmməd Nazimoğlunun bu müsabiqənin keçirilməsində xidmətləri böyük idi. 

***

Bir müddət mərkəzi ofisdə çalışdıqdan sonra Elxan müəllimin təklifi ilə AVCİYA-nın Beynəlxalq əlaqələr və İnformasiya şöbəsi yaradıldı. Şöbənin yaradılmasında beynəlxalq əlaqələrin, habelə informasiya əlaqələrinin genişləndirilməsiydi.

Qərb Universitetinin professoru Fikrət Sadıxov şöbənin müdiri, Murad Hüseynovla mən şöbənin əməkdaşları olduq. Azad Şəriflə Altay Zahidov isə şöbənin ağsaqqalı olaraq tez-tez ofisə gələr öz təklif və tövsiyələrini verərdilər.

İşimizin təbliğiylə bağlı Altay müəllimin bir fikri heç vaxt yadımdan çıxmır. Bir gün gəlib AVCİYA haqqında qəzetlərdə verilən materiallara baxmaq istədi. Mən də öz növbəmdə qalaq-qalaq yığılmış qəzetləri göstərib,-son bir ayda haqqımızda KİV-də gedən materiallardır” dedim.

-         Bundan Elxan müəllimin xəbəri varmı? 

-         Mən siyahıları gondərirəm, yəqin verərlər, - dedim

-         Yox qədeş belə olmaz, yadında saxla, biz özümüz özümüzü tərifləməsək heç kim bizi tərifləməyəcək - dedi və bir bağlama qəzeti götürüb Elxan müəllimin yanına yollandı.

Altay müəllimin tərifləmək məsələsi konkret olaraq fəaliyyətin təqdimatıyla bağlı idi.

Təxminən iki ilə yaxın bir müddətdə bir yerdə çalışdıq. Sonradan şöbə qarşıya qoyulan məqsədə nail olmadığından ləğv edildi. 

 

***

Məmməd Nazimoğlu - bu ad tək AVCİYA əməkdaşlarına deyil, bütün ölkə mediasına yaxşı tanışdır. Gözəl qələm sahibi, uzun və keşməkeşli yol qət edən Məmməd Nazimoğlu həyatının qaynar vaxtında SAMF-da dayanası olmuşdu. Özü də bir dəfəlik. SAMF-ın bir QHT olaraq fəaliyyətə başladığı vaxtdan burada çalışırdı. Ozu də Musa Yaqubun dəvətiylə.  

Məmmədlə ilk görüşümüz bu günkü kimi yadımdı. “Bakı Qəhrəman şəhərdir” kitabının hazırlanması prosesi gedirdi. Həmin gün müzakirə olmalıydı. Hamı gəlmişdi. Lakin Məmməd gecikirdi. Layihənin icrasına nəzarət isə əməkdar jurnalist Azad Şərifə həvalə edilmişdi. O isə keçmiş sovet dövründəki nə terminalogiyadan, nə də xarakterindən xilas ola bilməmişdi. Çox ciddi şəkildə danışır və müxtəlif tələblər qoyurdu. Məmməd isə belə məqamlara alışmadığından onu ciddiyətiylə dediyi sözləri yozur və məharətlə yola verirdi.

Üstəlik Azad müəllimin rusdilli olması da kitab üzərində çalışanlarda müəyyən mənada çaşqınlıq yaradırdı.

Bu məqamda qeyd edim ki, Azad Şərif maraqlı insan idi. İstənilən insanla məsafə saxlamağı bacarırdı. Mən ondan çox məqamlara aydınlq gərtirib öyrəndim və sonralar da fəaliyyətimdə istifadə etdim. Açığı ilk baxışda sərt adam təəssüratını yaratsa da, onunla ünsiyyətdə olanda səmimi insan olması görünürdü. 

Altay müəllimin zarafatı, Azad müəllimin səmimiyyəti yuxarıda qeyd etdiyim kitabın çox yüksək səviyyədə hazırlanmasına və nəşrinə səbəb oldu.

Beləliklə, Məmmədlə bu kitabdan başlanan ünsiyyətimiz sonradan dostluğa çevrildi.

Demək olar ki, hər gün görşürdük. İşdən çıxanda yolum Məmmədgilin ofislərinin yanından düşdüyündən hər keçəndə boylanır və işıq yandığını gördükdə isə dərhal qayıdıb hal-əhval tutub dərdləşirdik.  Gah həyatında olan maraqlı hadisələri danışır, gah da yeni layihələr üzərində işlədiyini deyirdi.

Onun həyata keçirdiyi ən möhtəşəm layihəsi isə 2007-ildə söz azadlığının qorunmasına həsr olunmuş ikigünlük beynəlxalq konfrans oldu. İki gün ərzində konfransda ciddi müzakirələr aparıldı. Beynəlxalq konfransın keçirilməsinin əsas yükü isə məhz Məmməd Nazimoğlunun üzərindəydi. Paytaxtdan kənarda yerləşən otellərin birində keçirilən beynəlxalq tədbirə onlarca ölkədən sayılan-seçilən insanlar gəlmişdi.

Qonaqların idarəedilməsi, yerləşdirilməsi, ölkəmiz haqqında təəssürat yaratmağı isə Elxan Süleymanovun rəhbərlik etdityi komandanın əməkdaşları tərəfindən həyata keçirilirdi. Yadımdadı ki, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun proqram xarakterli çıxışı olmuşdu. Xarici qonaqlar ölkələrində söz azadlığınn vəziyyəti barədə fikir bildirdilər. Təcrübə  baxımından bu tədbirin mühüm əhəmiyyəti var idi.

***

2008-ci ilin mart ayından başlayaraq Məmməd Nazimoğlunda xəstəlik hiss edilməyə başladı. Onun müalicəsi üçün əsas ağırlığı isə yenə də AVCİYA-nın prezidenti Elxan Süleymanov öz üzərinə götürdü. Məhz onun maliyyə dəstəyi ilə Məmməd Türkiyəyə müalicəyə göndərildi. Orada məşhur klinikaların birində bir xeyli müalicə aldı. Ancaq irəliləyiş hiss olunmadı.

Dəfələrlə bütün kollektivlə onu yoluxur, bacardığımız mənəvi dəstəyi özünə və ailəsinə göstərirdik.

2008-ci il iyul ayının əvvəlində Məmməd doğulduğu kəndə valideynlərini yoxlamağa getmişdi. Bu onun kəndə son səfəri oldu. Hansısa səbəbdən şəhərə vaxtından əvvəl qayıdası olur. Rayonda olanda isə tez-tez danışır hal əhval tuturduq.

Şəhərdə olanda axşamı mənə zəng elədi ki, “səninlə görüşmək isətyirəm ay Vüqar” -dedi.

-Neçə vaxtdır görüşmürük. Özü də sənə qonaqlıq borcluyam gəl qonaqlığı verim.”

Açığı nədənsə onu belə ağır vəziyyətdə görmək istəmədiyimdən –“səhər görüşərik ay Məmməd” –dedim.

Axşam isə halı pisləşər və xəstəxanaya götürərlər. Səhər isə komaya düşər. Səhər tezdən Fuad Babayev zəng edib Məmmədin “Kəndçilər” xəstəxanasında ağır vəziyyətdə olduğunu dedi. Xəstəxananın yaxınlığında yaşadığımdan ləngimədən evdən çıxdım. Gələndə xəstəxanada köhnə sədaqətli dostlarını və ailə üzvlərini burada gördüm. Adəti üzrə həkimlər “çalışırıq, əlimizdən gələni edəcəyik” və sair sözlər deməklə yola verirdilər.

AVCİYA komandası və prezidenti isə həyəcan içərində həkim axtarışında idi.  Hamı vəziyyəti bilsə də, hansısa möcüzənin olacağına ümid edirdi. Amma möcüzə baş vermədi…

Məmməd təmiz və saf niyyətli insan idi. Heç vaxt özünü sındırmazdı. Dost yolunda canından da keçməyə hazır idi. Heyf ki, aramızdan tez getdi.

Onun qəfil aramızdan getməsi AVCİYA kollektivinə də təsirsiz ötüşmədi.


Haşiyə:

Məmməd Nazimoğlu 1959-cu ilin  oktyabrında Ağdaş rayonunun Qobuüstü kəndində doğulub. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycanın ilk müstəqil nəşrlərindən olan "Aydınlıq" qəzetinin yaradıcılarından idi. "Xalq qəzeti"nin baş redaktor müavini, "Ulus" qəzetinin baş redaktoru, "Avropa", "Yeni Müsavat", "Azadlıq", "Şans", "525-ci qəzet" qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən "Qulp" verilişinin müəlliflərindən biri, dörd il Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub.


İş elə gətirdi ki, onun ölümündən iki il sonra Söz Azadlığını Müdafiə Fondu yenidən formalaşdırıldı və məni bu kollektivə icraçı direktor təyin etdilər.  Ancaq bu təyinatadək “ELS” Müstəqil Araşdırmalar mərkəzinə  transfer olundum. Bir il ərzində bu strukturda ciddi layihələrin icrası həyata keçirildi. Mərkəzin rəhbəri İradə Yaqubova ilə bir il çiyin- çiyinə çalışdıq.  

SAMF-ın fəaliyyətinə ikinci nəfəs verilməmişdən əvvəl bu təşkilat yuxarıdakılara əlavə olaraq  bir sıra ciddi layihələrə imza atıb.

Məmməd Nazimoğlunun təşəbbüsü ilə “Molla Nəsrəddin” jurnalının 100 illiyi ilə bağlı layihələrin mühüm əhəmiyyət kəsb etdi. Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” milli mətbuatımızın inkişafının yeni mərhələsi olmuşdur.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafna Yardım Assosiasiyası və  Söz Azadlığını Müdafiə Fondu bu təşəbbüslərə qatılaraq “Molla Nəsrəddin”in təbliği istiqamətində  bir sıra layihələrə imza atıb. Layihələrdən ən vacibi isə “Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşr olunan 8 nömrəsinin faksmilinin ümumiyyətlə ilk dəfə olaraq nəşr olunması idi. Bu yeni nəşrdə Təbriz nəşrlərinin dili və digər orijinal  xüsusiyyətləri qorunmuşdur.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunmuş maraqlı tədbirlər  məhz SAMF-ın təşəbbüsü ilə baş tutmuşdu.

Yenidən formalaşdırıldıqdan sonra, ənənəyə sadiq qalaraq H.B Zərdabiyə həsr olunmuş “Həsənbəy Zərdabi və “Əkinçi”  toplusu nəşr olundu. Bu nəşrlərdə əməkdar jurnalist Tahir Aydınoğlunun da zəhmətini və əzmkarlığını da qeyd etmək yerinə düşərdi.

Məhz 2009-2014-cü illərdə   SAMF tərəfindən AVCİYA-nın təşkilatçılığı ilə “Medianın seçki prosesində rolu”,  “Dəbistan” uşaq jurnalının xatirə nömrəsini yenidən nəşrə hazırlanmışdı.

Əlavə edim ki, SAMF tərəfindən Qarabağ mövzusuyla  bağlı  diqqətiçəkən layihələr icra olundu. Özü də səviyyəli şəkildə.

Nəticə  etbariylə SAMF Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Qarabağ mövzusunda üç layihə həyata keçirmişdir. Bu sıraya “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması”, “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” və “İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsi daxildir. Bu layihələr çərçivəsində ciddi təhllilər aparıldı. Bır sıra toplu və nəşrlər hazırlandı.

O illərdə bununla yanaşı “Media Kataloq” hazırlandı. Kataloqa əsasən ölkənin bütün istiqamətlərdə olan media orqanları haqqında məlumatlar  toplanmışdı. Rus və ingilis dillərində olan məlumatlar oxucular tərəfindən maraqla qarşılandı.

“Reklam lövhələrində Azərbaycan dilinin qorunması”  ilə bağlı paytaxt küçələrində monitorinqlərin aparılması, habelə hər il “Mətbuat xidmətlərinin fəaliyyətiylə bağlı sorğu”nun məhz KİV orqanlarının təmsilçiləri arasında keçirilməsi  ictimaiyyət arasına ciddi rezonans yaratdı.

***

2010-cu ildən başlayaraq   AVCİYA və SAMF-ın birgə təşkilatçılığı ilə Şamaxı məktəbliləri arasında keçirilən “M.Ə.Sabir şeirlərinin Bədii Qiraət müsabiqəsi”nə start verildi. İki ay əvvəlcədən gedən hazırlıqlar əvvəlcə məktəblərdə, sonra isə ümumrayon toplantısı  ilə yekunlaşırdı. Müsabiqəyə maraq ilbəil artırdı.  İştirakçısı olduğum dörd müsabiqənin həqiqətən maraqla qarşılandığının şahidi olmuşam.

Hər yekun toplantıda Elxan Süleymanovun çıxşı isə tədbirin kulminasiya nöqtəsi olurdu. Uşaqlarla bir səhnəni paylaşmaq, onlara stimul vermək, üstəlik hər bir  qalibə təqaüd təyin etməyi  ancaq Elxan müəllim kimi xeyrxah insan edə bilərdi.   

***

Bütün sadaladığım layihələr SAMF-ın sədri MusaYaqubun rəhbərliyi ilə müxtəlif illərdə SAMF-da çalışan insanların-Ramil Əliyevın, Lalə Qafarlının, Vəfa Seyidovanın, Alevtina Qorinanın, Hüquq Salmanovun, Elxan Məmmədovun, Nəzirməmməd Quliyevin, Sevinc Əsgərovanın, Gülbahar Qurbanovanın, Murad Həsənovun və Zaur Qəriboğlunun zəhməti nəticəsində əldə edilib.

***

On il ərzində AVCİYA və bu struktura aid olan QHT-lər bir çox layihələrə imza atıblar. On il ərzində mənə maraqlı gələn və diqqətimi çəkən  layihələr sırasında daha çox Xocalı faciəsinin Soyqırım  kimi tanıdılması ilə, Sərsəng layihəsini hesab etmək olar. Sərsəng layihəsinin nəticəsi olaraq Avropanın rəsmi dairələrində mövzunun müzakirəyə çıxarılması və bununla bağlı qətnamənin qəbul edilməsi AVCİYA rəhbəri, millət vəkili Elxan Süleymanovun vətənpərvərliyi sayəsində əldə edildiyini də xüsusi olaraq qeyd etməliyəm.

Ümumiyyətlə, Qarabağla bağlı layihələrdən yalnız “Xocalı  Soyqırımı” ilə  bağlı layihələrin iştirakçısı olmuşam. İştirakçıların  hər biri bu layihənin  hansı çətinliklərdən keçərək yerinə yetirildiyinin şahididir.

“Milyon imza-bir tələb” layihəsi sözün həqiqi mənasında AVCİYA-nın ən  uğurlu layihəsi hesab edilə bilər. Təssəvür edin ki, layihəyə cəlb edilmiş könüllülər bir mənalı olaraq Xocalı faciəsinin Soyqırımı kimi tanıdılması üçün küçəbəküçə, rayonbarayon gəzərək imza toplayırdı. Xocalı hadisələrinin Soyqırımı kimi tanıdılmasıyla bağlı bir milyon nəfər Azərbaycan vətəndaşının imzasını toplamaq həm şərəfli, həmdə qürurverici bir hadisəydi.

Hər il bu hadisələrin anım günü  ərəfəsində sərgilənən kitabların böyük bir qismi məhz AVCİYA-nın nəşrlərdir, desək, yəqin ki yanılmarıq.

***

On illik AVCİYA strukturunlarındakı fəaliyyətimin bəzi məqamlarına toxundum. Bu illər ərzində yaddaşımda dərin izlər buraxmış məqam “Bakı Qəhrəman şəhərdir” layihəsinin və layihə çərçivəsində nəşr olunan kitabın Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi mükafatı”na, sonrakı ildə isə AVCİYA media ilə əlaqələrinin səviyyəsinə görə, hörmətli Umud Rəhimoğlunun rəhbəri olduğu Avrasiya Mətbuat Fondunun təsis etdiyi Ali mükafata layiq görülməsiydi.

Bundan sonra onlarca  mükafatlar və təltiflər əldə edilmiş oldu. Sadəcə yuxarıda qeyd etdiyim mükafatlar AVCİYA-nın ilk uğuruna verilən qiymət olduğundan mənə bir qədər əzizdir.  

On il ərzində AVCİYA tərəfindən çox işlər görüldü. AVCİYA bir QHT sturkturu olaraq cəmiyyətdə söz sahibinə çevrildi. 

***

Qısa şəkildə qeyd etdiyim xatirələrdə bəzi məqamlara toxundum. Bəlkə də daha geniş şəkildə yazmaq da olardı. Yəqin ömür vəfa etsə unutduğum və ya yazmadığım məqamları, “köhnəlmiş mövzuları yeni oranjemanda” və  AVCİYA rəhbərinə sədaqət nümayiş etdirənlər barədə məqamları qələmə alacağam.

Gəldiyim qənaət ondadır ki, insan nəyə nail olmaq istəyirsə onu halallıqla və zəhməti hesabına qazana bilər. Bu illər ərzində onlarca insanla görüşüb tanış oldum. Media ilə əlaqələrin əsas prinsiplərini praktik şəkildə mənimsədim. Bütün hallarda mənən qazandıqlarım itirdiklərimdən qat-qat çoxdur.

Və bütün bunlar yalnız bir şəxsin sayəsində-Elxan Süleymanovun şəxsi diqqəti nəticəsində əldə edildiyini xüsusiylə qeyd etməliyəm. 

(Mart 2018 ci il )

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər