Modern.az

Lerikdə məktəbli qız zorlanıb? - “Azərişıq” işçisisinin adına qara yaxıldığını bəyan etdi

Lerikdə məktəbli qız zorlanıb? - “Azərişıq” işçisisinin adına qara yaxıldığını bəyan etdi

20 İyun 2018, 14:11

Sosial şəbəkələrdə Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumat yayılıb. "Tolışi Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilovun sözlərinə görə, "Azərişıq"ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov Lerikdə məktəbli bir qızı zorlayıb və bunu telefonuna çəkib.

R. Cəlilov qızın həmin hadisədən sonra 4 aylıq hamilə olduğunu qeyd edib.

 

Məsələ ilə bağlı adı hallanan qurumun - “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a açıqlama verib. O, yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Birincisi bizim yüzlərlə əməkdaşımız var. Onların işdən sonra nə ilə məşğul olduğuna cavabdeh deyilik. Konkret olaraq bu məsələyə gəlincə, sədr müavini özü və qızın atası da açıqlama verib ki, yazılanlar həqiqətə uyğun deyil”.

T.Mustafayevin sözlərinə görə, bunlar əsasən xəbərsizlikdən doğan “xəbərlərdir”:

“Kimsə hardansa bir söz eşidir, dəqiqləşdirmədən xəbərə çevirir. Bu, yolverilməzdir”. 

 

Qeyd edək ki, "Qafqazinfo” məsələylə bağlı "Azərişıq”ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovla əlaqə saxlayıb. Sədr müavini bildirib ki, söylənilənlər ona qarşı qurulmuş bir təxribatdır:

 

"Bu xəbəri yayanları məhkəməyə verirəm. Tamam böhtandır. Sübut olunmadığı təqdirdə cinayət işi açdıracam. Bu üsullarla məni şantaj edirlər. Mən Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə rəisi idim. Bu kampaniya o zaman da davam edirdi. Mən həmin jurnalisti məhkəməyə verdim, cinayət işi açıldı və  2 il 6 ay da həbs verildi. İndi də bu məsələylə bağlı o qəzeti məhkəməyə verirəm. Qoy gəlsinlər, sübut etsinlər". 

 

Xəbəri ilk yayan Rafiq Cəlilov isə bildirib ki, zorlandığı deyilən qızın ailəsi artıq Leriki tərk edib: "Aydın Məmmədov isə dünən həmin qızı evinə aparıb və hər kəsə "gəlinimdir” deyib. Əgər bu hadisə olmayıbsa, onda niyə qızı tələsik evinə aparıb? Dünən mənə Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru da zəng edib məsələni araşdırdıqlarını dedi”.


Lerik rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın hamilə qalması ilə bağlı onlara hər hansı bir müraciət daxil olmayıb.

 

Prokurorluqdan isə cinayət işi açılmadığı bildirilib: "Rəsmi olaraq şikayət yoxdur, sadəcə ümumi məlumatlar var. Hələ ki, fakt təsdiqini tapmayıb”.

 

Zorlandığı deyilən 13 yaşlı qız S.-in təhsil aldığı Lerik rayon tam orta internat məktəbinin direktoru Asəf Bədəlov bildirib ki, hadisə ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır: "Bu cinayət işidir, xahiş edirəm onlarla əlaqə saxlayın. Qız daim dərslərinə gəlirdi, son günə qədər də gəlib”.

 

A.Bədəlov yetkinlik yaşına çatmayan qızın səhhətində hər hansı bir dəyişiklik olub-olmaması ilə bağlı sualı eşidən kimi telefonu söndürüb. Daha sonra isə zənglərə cavab verməyib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?