Modern.az

“And olsun Allaha, məni heç kəs yıxa bilməz” - Elçibəyin internetdə olmayan məşhur MÜSAHİBƏSİ  

“And olsun Allaha, məni heç kəs yıxa bilməz” - Elçibəyin internetdə olmayan məşhur MÜSAHİBƏSİ   

20 İyun 2018, 14:45

Evin çölündəki ab-hava içəridəkinə uyğun gəlmirdi.

Bayırda təm-təraq, içəridə sadəlik.

Blokun qarşısında əlində ratsiya tutmuş iki cavan oğlan gəzişirdi. Gələn qonaqların kimliyi barədə içəriyə məlumat ötürürdülər. Bu, onu ifadə edirdi ki, beşmərtəbəli binanın birinci mərtəbəsində Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy yaşayır.

...Sadə mənzil, sadə əşyalar, görkəmli şəxsiyyətlərin portretləri və evin eks-prezidentdən çox sadə türk kişisini xatırladan kirayəşini.

Bu ev onun deyil.

İş, mütaliə rahatlığı, gəlib-gedənləri qarşılamaq üçün tutulmuş mənzildir.

Odur ki, qabaqcadan planlaşdırdığımız təsvirə ehtiyac duymuruq.

Amma Əbülfəz bəyin dediyinə görə, çox yaxşı bir mülkü var. Baxmayaraq ki, işıqdan, qazdan hamı kimi onun da ailəsi əziyyət çəkir.

Dediyi mülksə, “İstanbul evləri”ndə ona verilmiş mənzilin puluna alınıb.

Komfortdan uzaqlaşıb... səbəbini belə izahlayır ki, gündə çoxsaylı adamları qəbul etməsi qonşularını ondan bezikdirərdi...

...Əynində qara nazik “sviter”, üstündən işə-gücə yaramayan pencək...bəlkə bu detallar idi, rəsmiyyəti aradan qaldıran. Gülürdü...

Güldürürdü...

Görəsən, hardan gəlirdi bu qədər sadəlik?!

Bəlkə oxuduğu, dərk etdiyi “Quran”ın hikmətindən?!

Tanrı sevgisindən, bəlkə?!

Bəlkə elə bununla insanları ovsuna salır?!..

...Bu dəyərləri siyasətə də gətirmək istəyir.

Elə Azərbaycan siyasətində də humanizm onun adı ilə bağlıdır...


Modern.az saytı mərhum Əbülfəz Elçibəyin 80 illik yubileyini nəzərə alaraq, eks-prezidentin 29 fevral 2000-ci il tarixində “Şərq” qəzetində dərc olunmuş müsahibəsini oxuculara təqdim edir. Qeyd edək ki, müsahibənin inidyə kimi elektron variantı olmadığından ilk dəfədir internet mediada dərc olunur...

Əbülfəz bəy, Siz insanlarla humanist davranır, onlara hədsiz demokratiya verirsiniz. Bəzi insanlarsa bundan sui-istifadə etməyə çalışır...

- Sui-istifadə etmək istəyənin qarşısını da gərək o biri insanlar alsın.  Artıq bu, mənim funksiyam deyil. Həm bu missiyanı, həm o biri missiyanı apara bilmərəm. Xalq birdən deyir ki, bu yaxşı oğlandır. Səni bir adam sayır.  Səni adam sayanda demir ki, qılıncını götür, düş bu millətin üstünə. Böyük çıxmasın, düşünmüşəm, mənimki odur ki, milləti nə təhər barışığa, yaxınlığa gətirim. Bəzən deyirlər, Əbülfəz duracaq, malalayacaq, deyəcək, sən də yaxşı oğlansan, bu da. Bəs, belə edirəm ki, yaxınlaşsınlar da (gülür). Deyim sən yaxşısan, sən pissən, qırın bir-birinizi?! Axı mənim işim odur. Bu missiyanı kimsə öz üzərinə götürməlidir də. 5-10 belə adam varsa, biri mənəm.

Bəs Xalq Cəbhəsinin sədri olmaq istəyən qalıb Sizinlə mübarizə aparmalıdır, yoxsa iddiasını başqa partiya müstəvisində gerçəkləşdirməlidir?

(Siqaret yandıra-yandıra) Pahh, onu yetişdirirəm ki, qalıb mənimlə mübarizə aparsın da (gülür). Bəs mən nə üçün yetişdirirəm, onları?!

Axı onlar çıxıb gedirlər. Etibar Məmmədov da etiraf edib ki, Xalq Cəbhəsinin sədri olmaq istəyirdi deyə, təşkilatı tərk etdi...

- Gücü çatmadı da mənə (elə gözəl mimika ilə ifadə edir, gülməyə bilmirik). Dedim, gəl, bu mən, bu sən. Bu meydan, bu da insanlar...

Əbülfəz bəy, niyə belə hesab edirsiniz ki, insanlar Sizi mübarizədə uda bilməzlər?

- Uda bilmirlər də. Udammırlar, çıxıb gedirlər. Deyirəm, halallıqla udun məni. And olsun Allaha , kimsə məni halallıqla udsa,  deyərəm ahaa... deyəsən, mən istəyən kadr yetişdi. Yoxsa, məni badalaqla yıxacaqsan...yox daa, mən niyə yerimi saa verməliyəm (özünəməxsus şəkildə gülür). Yoxsa, gedib adam tapacam, qəzetdə sənin əleyhinə yazılar yazdıracam, Əbülfəz gecə yatmır, gündüz yatmır, nə bilim, ürəyi infarkt vurub. Olmadı da. Bunnan qalib gəlmək olmaz axı!

Xalq Cəbhəsində Sizinlə mübarizədə qalib gəlmək perspektivi olan gənclik varmı ?

(Otağın tavanına baxa-baxa) Bilirsiniz, sadəcə olaraq, mənim təcrübəm çoxdur. İnanmıram,  mənə qalib gəlmək mümkün olsun. Amma elə edirəm ki, Fazil bəy də, Əli bəy də, Mirmahmud ağa da gələcəkdə... bunlar artıq mənim 40 yaşımda bildiklərimdən indiki yaşlarında 10 qat artıq bilirlər. Allah qoysa, 50-60 yaşlarında məndən daha çox biləcəklər. Mən bu dünyada qalmayacam ki?! Qocalıb gedəcəm. İstəmirəm, xalq adlarını saymaq istəmədiyim adamların ümidinə qalsın. Mən istəyirəm, bəli, İsa bəy, Pənah bəy, Arif Hacıyev, Əli bəy, Fazil bəy, Mirmahmud ağa, Əli Məsimov kimi namuslu, vicdanlı adamlarımız çıxsın qabağa, cəmiyyəti idarə etsin. Ola bilsin,  əllisinin içindən biri əyri çıxacaq, hələ sevinməliyik, əllisindən biri əyri çıxacaq...lap qoy, ikisi əyri olsun, qorxulu deyil. Amma görəcəksən ki, layiqli kadr sistemi yetişdi. “Amoko” şirkətinin prezidenti mənə dedi ki, “bu Sabit Bağırovu hardan tapıbsan belə?”. Dedi, “bütün dünya şirkətlərini gəzmişəm, belə təmiz adam görməmişəm. Bir saatı da hədiyyə götürmür”.
Bizim “Qızıl fondu”nun rəhbəri İsfəndiyar bəy zərgərlik işləri üzrə yaxşı mütəxəssisdir. Gətirdik qoyduq, 7 dəfə yoxladılar, bir qram əyrilik tapılmadı.  Orda briliyant da var, qıymətli daş-qaşlar da var, amma İsfəndiyar bəy ora əl uzatmamışdı. Bu adam peyğəmbər övladıdır, gərək, göydə saxlayasan, qoyasan banklara, nə bilim, hansısa maliyyə sahəsinə...
Nəcəf Nəcəfov, Allah rəhmət eləsin, gəlib mənlə dava aparırdı, maaşımı 4 qat artıq verin. Dedim, axı verəmmirəm. Saa versəm, gərək hamıya verəm. Dedi, “onda mən işləmirəm, istəyirsən oğru olum?!”. Dedim, “ay Nəcəf bəy, sən Allah qoy, bir balaca oturaq, bu 5 qatı mən nə təhər artırım?!”. Bu adam gəlib mənlə əmək haqqı davası edirdi-kişiyana.
Azərbaycanda namuslu adam çoxdur, məsələn, Hikmət Hacızadə. O, dövlətin bir qəpik puluna əl uzatmaz, bunu şəxsiyyəti qəbul etməz. Getsinlər, Hikmət Hacızadənin evinə baxsınlar. Dədəsindən qalma bir köhnə xalçası var. Halbuki, Moskvada səfir olub, onun yerinə başqası olsaydı, nələr edərdi, maxinasiyalar, filan...Sonra deyirdilər, bu nədir, uşaqdır, göndərirsiz səfir. Elmlər namizədidir. Beyni kompyüter kimi işləyir. Bəs necə olmalıdır? Oğru lazımdır sizə?!...

Kələkidən qayıdanda, səhv etmiriksə, Binə aeroportunda jurnalistlərə demişdiniz ki, AXCP-nin daxilində kiçik dedi-qodu var. Kələkidən 2 ildən artıqdır, qayıtmısınız. Partiyanın daxilindəki prosesləri yenə kiçik dedi-qodu sayırsınız?      
  
 

- Bilirsiniz, o dedi-qodular var, bu başqa məsələ. Amma bir sıra problemlər var ki, artıq mürəkkəbləşib. Bu, prinsip məsələləridir. Deyək ki, bizim liderlərimiz artıq tanınırlar, millət vəkilləridir. Nə Fazil bəy əvvəlki Fazil bəydir, nə Əli bəy. Özləri üzərində işləyirlər, təcrübə toplayırlar. Hərəsinin fikri olur, iddiası olur. Burda fikir toqquşması ortaya çıxır. Biri deyir, Məclis, Rəyasət Heyətinə Həsən gəlsin, biri deyir, yox, Hüseyn gəlsin. Mübahisələr, seçki kampaniyaları belə olur.  İndi qəzetlər yazırlar, Elçibəy kimi seçəcək-güclüləri?
“Azadlıq” yazır ki Elçibəy güclüləri seçdi, yəni Əli Kərimov və onun tərəfdarlarını. Susur, sonra güclüləri seçir. Yoox, əzizim, bu, mənim təbiətimə yaddır. Güclünü niyə seçməliyəm?! Güclü elə güclüdür də. Mən gücsüzü seçirəm. Görürəm ki, bir tərəf vurur, deyirəm, olmazz, haqsızlığı götürmürəm. İstəyirsən güclü ol, istəyirsən zəif,  mən haqqı tanıyıram. Noolsun, sən güclüsən, noolsun sən gücsüzsən, amma haqsızsan. Haqqa və ədalətə doğru gedən insanlar cəmiyyət tərəfindən də, Tanrı tərəfindən də xeyir görəcək. Düz yolun bir, əyri yolun on yolu var. Düz yol bir dəfə sınar, düzələr,  əyri yol on dəfə sınar, amma düzəlməz. Axı sınıqları çoxdur. Ona görə də mən çalışıram... onsuz da o qədər səhvimiz var. Amma Tanrıya, türk fəlsəfəsinə sığınırsan, “Quran”a,”İncil”ə sığınırsan, ordan oxuyursan ki, haqsızlıq etməyəsən.

Keçən dəfəki mətbuat konfransında dediniz ki, “Yurd”da işləri korlayan bir para bürokratlardır...

(Sualı axıra qədər dinləmədən) Yox korlamaq deyil, mübahisə məsələsidir, məsələn, mən daha çox siyasət fəlsəfəsini əsas götürürəm. Bəziləri isə daha çox bürokratizmə üstünlük verir. Bu, bütün dövlətlərdə var. Və burdan da biz çəkişməli oluruq.

Partiyada bürokratizm istiqamətini götürən şəxslər kimlərdir?

-         Yox bilirsiniz, bu, həmişə olmur. Ardıcıl bir bürokratizm olsa, bu da maraqlı olar. Birdən görürsən, bürokratizmin özünü də qərəzli tətbiq edirlər. Yenə deyirəm... kim öz fikrində qalır-qalsın- Fazil Qəzənfəroğluna qərəz oldu. Siyasi məsələlər üzrə müavin... baxın haa, siyasi məsələlər üzrə müavin. Siyasi diskussiyalar açılmalıdır. Fikir bildirilməlidir. Adama birdən-birə xəbərdarlıq eləməzlər axı. Fikir mübadiləsi inzibatı yolla həll edilə bilməz. Plüralizm, demokratiya deyirik, bəs bu nədi?!

Sizin dediyiniz fikir mübadiləsi, plüralizm o vaxt olardı ki, Rəyasət Heyətində partiyanın “klassik” deyilən funksionerləri də təmsil olunardı. Axı RH faktiki “Yurd”çuların əlindədir...

- Fərqi yoxdur, bu o demək deyil ki, “Yurd”çular özləri sağlam adamlar deyillər. Niyə?! Niyə siz onları sağlam adamlar saymırsız ki?

Çünki partiyada Sizin əleyhinizə fəaliyyət göstərən qüvvə “Yurd”dur...

- Yox, elə deyil, orda 5-6 nəfər var... 

O 5-6 nəfərə də kimsə başçılıq edir,  istiqamət verir də...

(Sözləri qırıq-qırıq ifadə edərək) Yo-ox, o cür de-e-yil. Bəzən bilirsiniz, başçının özündən də asılı olmur.  Onu qısnayırlar ki, sən dinmə, biz belə edəcəyik. O da deyir ki, əşşi, əl çəkin, özünüz bilərsiniz.

Axı komandasını idarə etməyi bacarmalıdır.

- Yox, o çətin olur. Məsələn, mənim komandamda adam var, deyək ki, Cəbhədə mənim komandam var da. Cəbhə hamısı mənim komandamdır. Deyir, mən belə yazıram. Mən nə deyim ona? Deyim yazma? Əzizlərim, kimə qadağa qoymaq olar? Vallah bu, mənə çatmır.

Bilirsiniz, Azərbaycanda partiya kimi Müsavat da var, AMİP də. Amma AXCP yeganə təşkilatdır ki, bəzi üzvlər sədrin əleyhinə materiallar yazdırır... 

- O sədr elə sədrdir də (gülür). Mən özüm şərait yaradıram buna . Ya-az, get yaz-z.

Deməli, Siz şərait yaradırsınız, onlar da bu xoşagəlməz işə qol qoyurlar...

- Vicdanına baxsın da. Vicdanı var, verməsin, vicdanı yoxdur versin. İstəmir də məni, zornan deyim istə məni?! Neylim, bu adamlar məni görəndə  allergiyası qalxır.

Bəs, niyə açıq-açığına çıxış eləmirlər ?

- Bilirsiniz, bu Şəki camaatının yaxşı bir sözü var, Qarabağda da işlənir. Amma biz bunu bilmirdik. Bu yaxınlarda Əli Məsimov dedi ki, belələrinə biz tərəflərdə yaşmaqlı kişi deyirlər. (Şəhadət barmağını qaldırıb qaşlarını çataraq) çox gözəl ifadədir.  Vallah, xalq hikməti o qədər dərindir ki, iki kəlmə sözlə hər şeyi həll edir. Mənim iyirmi sözümdən bir xalq hikməti yaxşıdır.

Əli bəy deyir ki, sədr hansısa məsələyə veto qoysa belə, Rəyasət Heyəti onu təkrar müzakirə edəcək. Belə çıxır ki, Rəyasət Heyəti sabah Sizin də haqqınızda hansısa qərar qəbul edə bilər?

- Bəli edə bilər.

Ola bilər ki o qərar Sizin ziyanınıza işləsin.

- O-la bi-lər (deyib siqaret üçün alışqan yandırır ).

Bəs, onda necə olacaq Xalq Cəbhəsi?

- Xalq Cəbhəsi? Əzizim, bunun üsulu var. Əli bəy düz deyir, formal cəhətdən elədir. Əli bəy o birisi tərəfini...(fikrini tamamlamır). Xalq Cəbhəsinin fəaliyyətində ən böyük məsuliyyəti sədr daşıyır (bu cümləni çox aşağı tonda ifadə edir). Bu, nizamnamədə də var, görünür, Əli bəy ona bir az diqqət yetirməyib. Əgər mən məsuliyyət daşıyıramsa, mənim sözüm keçmirsə, sabah qurultayda kim cavab verəcək? Mən məsuliyyət daşıyıram, mənimsə sözümü qoymurlar keçsin. Onda getsinlər , qurultayda özləri cavab versinlər. Məsuliyyəti də özləri daşısın. Burda səhvdir. Son söz yenə də sədrin olmalıdır, və belə də o-la-caq!

Əbülfəz bəy, Siz müsahibələrinizin birində demisiniz ki, mən istəmirəm, Əli Kərimov sədr seçilsin. “Hətta kimsə qurultayda istefamı qaldırsa belə, sədr yenə mən özüm olacam” söyləmisiniz. Siz burada demokrat Əbülfəz Elçibəy kimi yox, avtoritar liderlər kimi danışırsınız.

- Xeyr, mən avtoritar şəxs kimi danışmıram. Xanım, düz deyirəm də. (Başını tərpədə-tərpədə) mən istəmirəm, sədr başqası seçilsin, özüm seçilərəm də. Başa düşmürəm, hansı sədr deyər ki, mən istəmirəm, müavinim olsun?! Niyə?

Birmənalı şəkildə deyin ki, hər şeyi demokratik seçki göstərər.

- Bəs deyirəm də. Deyirəm, bax, bu qurultay, verin namizədliyinizi. Baxın haa (barmağını silkələyərək), bax mən sizi udacam. Özünüzü biabır eləməyin (gülür). Özünüzü pis kişi eləməyin. Mən bilirəm...mənim partiyada sədrliyimi udmaq çox çətindir. Mən bu işlərlə məşğul olmuram, haa. İnanın, bircə ay məşğul olsam, orda elə bir iş quraram ki, heç bilməzlər partiyada nə var, nə yox.

Siz bu fikirləri ona görə səsləndirirsiniz ki, partiyadaxili rəyi öyrənəsiniz?

- Yox eyy, siz də. Bax, vicdanıma and olsun, yox. Bax, belə arxayınam da. Qəzetlər nə yazır, deyirəm qoy, yazsın. Xanım, məni tərpətmək çox çətindir. And olsun Allaha, məni heç kəs yıxa bilməz. (Bir az astadan) məni yıxmaq olardı?! Rusiya, İran, Türkiyə birləşdi, gəldi üstümüzə. Mənə xəyanət oldu.

Sizin haqqınızda belə fikir eşitmişəm: kimlər Elçibəyə xəyanət edib, ona qarşı çıxıbsa, zərbəsini Elçibəy yox, həmin şəxslər özü daşıyıb. Bu fikir çox adamın mövqeyi ilə üst-üstə düşür.  Sizi qoruyan kimdir-Tanrı?

- Vicdanım haqqı bunu mən də çox düşünmüşəm. İnanın, bir kəsə qarğımaram, qəti. Filankəs belə olsun, filankəs belə olsun. Sadəcə deyirəm: bu adamı xata gözləyir, Allah sən özün kömək elə. Birinə deyirəm, atam, qardaşım, bu yolda səni xata gözləyir, yalvarıram getmə, gedir. Xahiş edirəm, getmə, gedir. Axırda deyirəm, neylək, gedirsən, get. Bilirsiniz, haqq yolu çox incədir. Sadəcə olaraq, onu görmək lazımdır. Rəhim Qazıyevə deyirəm, bir yerdə çörək yemişik...(bu yerdə xahişinə uyğun olaraq diktafon sönür. Söhbət 1993-cü il hadisələrini əhatə edir. Maraqlı faktlar danışır. Amma bunlar jurnalist yaddaşı üçündür).                  

(Mövzuya qayıdıb davam edir)

İnanırsınız, yerdən dəfələrlə pul tapmışam.  Sahibini tapanda özünə, tapmayanda dilənçiyə vermişəm. Dəfələrlə dükandan nəsə alanda , artıq pul qaytarıblar. Demişəm, a qızım, a bacım, düz verməmisən. Bilirsiniz, pis adamdan xeyir görən, Tanrısından bəla görər. (Başını əlləri arasına alıb fikirləşir, daha dəqiq cavab üçün bəlkə) mən Azərbaycan hikmətinin üzərində dayanıram. Bəzən soruşurlar, bunu hardan tapırsan belə? Deyirəm, Azərbaycan hikmətindən, atalar sözündən. Kişi yıxdığını kəsməz. Kişi verdiyini deməz. Kişi filan şey eləməz. Əxlaqı belə yazıblar.

Filosoflarsa əxlaqı zəiflərin silahı sayır. Hesab edirlər ki, lider əxlaqa məhəl qoymamalıdır...  

- Gəlin baxaq, görək o kimi sözüdür?

Nitsşenin.

- Ay sağ ol. Bizimki deyil ki?! Türk filosofu elə söz deyə bilməz.

Deyirsiniz, insanlara qarşı ədalətlisiniz, mərhəmətlisiniz. Bəs danlamağı bacarırsınız?
 

- Bəli, bəli. Bu, mənim borcumdur. Danlamaq lazımdır, tərbiyə üçün. Tikanlı söz də demək lazımdır, yumordan istifadə etməyi də bacarmaq gərəkdir. Eləsi var, yumordan istifadə edirsən, yerindədir. Eləsi var yumordan istifadə edirsən, görürsən, yoxx, yerimədi, aa,  onda sancırsan, satiraynan. İynə baxır da...dərin vurursan, çünki xəstəliyi ağırdır. Bu, atanın da, ananın da, hamının borcudur. Məsələn, axşam kişi işdən evə gəlir. Arvad qayıdır: kişi, sənnən bağlı bir məsələ deyirlər ha-a-a. Ay zalım qızı, zalım (gülürük)...biz hamımız belə edirik, bir-birimizi tərbiyə eləyirik. Ehtiyat edirik, birdən bunu belə edərəm... ya da kişi , bəs demişdin, maa yaylıq alassan? Ay sə-ni...bax, belə biabır eləyirlər adamı (gülür).

Əli Kərimovu hansı iynə ilə sancırsınız?

- Əli Kərimovu... Əli Bəy... Belə deyək də, mən istəmirəm, bəylərimiz haqqında belə deyim. Biri var, səmimi özünə deyirsən, olar. Biri də var, cəmiyyətdə deyirsən, alınmır. Onlar hamısı mənim kişik qardaşlarımdır. Lazım gələr, sərt deyərəm. Lazım gələr, ağır...deyərlər filan şey, deyərəm, yoxx, əzizim, bu, kələkdir.

Bilmirik, nə dərəcədə doğrudur, deyirlər, iqtidardakı adamlar müavininizi ələ alıb, sizinlə qarşı-qarşıya qoyurlar.

- Hansı müavinimi?

Əli Kərimovu.

(Siqareti damağına ala-ala) Hım, Əli Kərimovu ələ almaq olar? Əli Kərimov adam axtarır ələ alsın (bu yerdə isə  qəhqəhəli gülüşü var). Mən elə müavini saxlamaram.

“İsa Qəmbər iddiasından əl şəkib Əbülfəz Elçibəyin ətrafında birləşməlidir” mülahizəsini bölüşürsünüz?

(Bir qədər düşünür) Bu gün... bəli, deyirəm, əgər istəyirsinizsə...Bilirsiniz, hakimiyyət çevrilişi olub. Hamımızda bir yerdə olmuşuq, prezidentiniz də mən olmuşam. Gəlin qanuni yolla hakimiyyəti bərpa edək. Mən prezidentliyimi bərpa edim, nöqsanlarımızı götürək, kadrlar məsələsində müəyyən yeniliklər edək, Azərbaycanı yenidən demokratik relsin üzərinə gətirək. Mən belə istəyirəm, özü də gizlətmirəm. Onlarsa deyir, yox, prezidentlik uğrunda mübarizə...

Ola bilsin, son məqamda İsa bəy bununla razılaşdı. Bəs Siz varisliklə bağlı fikrinizdə qalacaqsınız?

- Varis məsələsi elə deyil. Xətti ümumiləşdirəcəyiksə, dediyimiz kimi gedəcəyiksə, bəli, mən İsa bəyin növbəti prezidentliyinin tərəfindəyəm. Amma sizə deyim, bu fikri söyləmək mənim üçün zərbədir. (Gülə-gülə) İsanı bütün istəməyənlər mənə qarşı hücuma keçəcək. A-a-a sən özünə varis təyin eləmisən, bu nədir belə?! Bu, varis məsələsi deyil, sadəcə fikirdir. Söhbət kursun davamından gedir.

İndi deyirlər, Heydər Əliyevi Elçibəy gətirib, sabah İsa bəyə görə Sizin ünvanınıza eyni ittiham səslənə bilər?

(Ucadan gülür) Bu, çox maraqlı sualdır. Ola bilsin ki, hə. Heydər Əliyevin gəlməsində mənim rolum olub, amma kreslonu vermək, bu, nağıldır. Heç bir prezident istəməz ki, vaxtı qurtarmamış kimsə gəlib onun yerində otursun. Biz Heydər Əliyevi hakimiyyətə şərik etmək üçün gətirmişdik. Sonra nə oldu, bunları siz bilirsiniz.

Əbülfəz bəy, bir az da Çöhrəqani məsələsinə toxunmaq istərdik.

- Buyurun, buyurun.

Deyirlər, onun həbs olunmasında Piruz Dilənçi də günahkardır.

- Yox, qətiyyən. Bu adam açıq, mübariz, qəhrəman bir kişidir.

Bəs, Seyidağa Onullahi deyir, o, İran kəşfiyyatının ortaya atdığı kartdır?

- Əzizlərim, demirlər ki, İsa bəyi də, məni də ortaya “KQB” atıb. Onullahiyə hörmətim var. Amma o, səhv eləyir. Çöhrəqani ortaya atılan kart deyil. Onu 300 min, 400 min Təbriz seçicisi müdafiə edir.

İranda irticaçı rejim hökm sürür. Bəs Çöhrəqani mənzilində oturub Bakı ilə necə əlaqə saxlayır?

- Əzizlərim, İranda da müəyyən qayda-qanunlar var. Təsəvvür edin ki, həbsxanada yatan dustaq millət vəkili seçilə bilər. (Bu məsələdən bir qədər yayınıb İran səfiri Əlirza Biqdeli haqda danışır) 2-3 gün bundan qabaq ADP-nin qeydiyyatı ilə bağlı verilən ziyafətdə Biqdeli ilə qarşılaşdıq. Dedi, salam ağayi nə bilim nə... (gülür) son vaxtlar İrana münasibətin dəyişib. Dedim, yoxx ağa, İrana-Mirana münasibətim dəyişməyib. Ancaq islatçılara bir az rəğbətim var. Gözləyirəm, Xatəmi yaxşı iş görsə, deyəcəm, bu, qəşəng  kişidir.  Deyir, bəs ağa, mən sənə neyləmişəm deyirsən, onu girov götürün. Dedim, sən bi-zim sə-fi-ri girov götürürsənn, səni niyə girov götürməyək?! Özü də yalan demə, mən səni yox, səfirliyin diplomatlarını demişəm. Dedi, yox biz elə etməmişik. Dedim, ə, səfirsən, burdan-bura maa yalan danışırsan. Bayrağı ayağınızın altına salıb tapdalamamısınız?! Mən olsam, sizi ümumiyyətlə, burdan qovaram. Baxır üzümə, qayıdır ki, söhbət edərik də. Dedim, əşşi, mənim səninlə söhbətim tutmur, sən Allah, məndən əl çək (bizimlə bərabər gülür ). Deyir niyə ki? Deyirəm, nətəhər niyə? Mənim qardaşım Çöhrəqanini girov götürmüsünüz, səninlə nətəhər dostluq edim?! Dedi, heç olmasa, gəl, yemək-içməkdən söhbət eləyək. Rədd elədim. Dedim, o gün də ağzından bir söz çıxarmısan (səfiri yamsılayır), Əbülfəz o sözü deyəndə hansı halda olub. Başladı ki, yox da, yəni hirsli olmusan. Dedim ə, sözü-sözə çəkmə. Hər sözünün mənasını da bilirsən. Hansı hal deyəndə, yəni kefli olub demisən də (gülürük). Dedim get e, onsuz da İranla Azərbaycanınkı tutmur, İran dağılacaq.

Sovetlər Birliyi dağılanda, Avropada belə məsələ dəb idi ki, türk dövlətləri oyanır. Lakin bu oyanış istənilən səviyyədə getmədi.

- Oyanma gedirdi, amma boğdular.

Kim?

- Rusiya ilə İran. Onlar Azərbaycanı sıxırdı ki, qan damarı işləməsin. (Yenə xahiş edir ki, diktafonu söndürək. Çox maraqlı hadisələr, məsələr ətrafında danışır. Danışdıqlarının həyacanını, ağrısını biz yaşaya bilmirik, özü yaşayır. Üzü qəribə ifadə alır. Rəngi bir az da qaralır. Gözləri yaşla dolur. Əgər dediklərini yazsaydıq, bu, daha çox onun xeyrinə olardı).

Niyə Türkiyəyə getmirsiniz Əbülfəz bəy?

- Türkiyəyə niyə gedim?!


Bəs İsa bəy, Əli bəy niyə gedir? 

- Axı nə maraq var? Lap getdim, görüşdüm, noolsun?!

Onda adlarını çəkdiyimiz siyasətçilər Türkiyədə nə axtarır? 


- Gedirlər, diplomatik münasibətlər qururlar. Əlaqə saxlayırlar, mənsə bunları telefonla edirəm. 

 

Səhv etmiriksə, 8-ci sinifdə oxuyan bir oğlunuz var...

- Bəli, amma deyəsən, 7-də oxuyur.

Bu sualı Sizə varis məsələsindən danışanda vermək istəyirdim. Əbülfəz Elçibəyin oğlunun gələcəkdə onun siyasi varisi olması mümkündür?

- Qəti. Mən heç o haqda düşünmərəm də. Olsa da imkan vermərəm. Getsin, öz yolunu tapsın, nə varis? Mənim varisim Azərbaycanın şanlı, qəşəng oğlanlarıdır.

Sizin oğlunuz da yəqin ağıllı olar...

- Ağıllı olar, gedib özünə yol tapar. Mən partiyadakı uşaqları qardaşlarım sayıram, o da əmiləri sayar, gələr onların yanında çalışar. Gedir, getsin, getmir, getməsin. Bəs nətəhər olmalıdır? Bəlkə onun alnına yazılıb varislik?! Bu varislik çox axmaq bir şeydir. Bax, üzr istəyirəm sizdən, bu saat yaşlı, güclü bir oğlum olsa, mən heç onu yaxına buraxmaram.  Çıx hara gedirsən, özün get.

Bəlkə o ağıllıdır, kamildir, Siz niyə onu bu yoldan saxlayırsınız ?

- Bu, mənim yox, cəmiyyətin işidir.
 

Əgər cəmiyyət qəbul etsə, Siz ata kimi xeyir-dua verməyəcəksiniz?

- Cəmiyyət desə, yaxşı oğuldur, niyə mən də deməyim hə?!

Ailə üzvlərinizdən kim Xalq Cəbhəsinin üzvüdü?

- Vallah soruşmamışam. Yəqin, oğlumun yaşı çatmaz, amma qızım partiyanın üzvüdür.

Yoldaşınız da?

- Deyəsən o da.

İsa bəy müsahibələrinin birində təxminən belə demişdi ki, siyasətlə məşğul olan kişiyə öz xanımının arxa olması daha vacibdir. Bəs Əbülfəz Elçibəyin xanımı ona fəaliyyətində, apardığı siyasətdə mənəvi dəstək verə bilirmi?

- Yox, xanım. Bir sıra dövlət xadimlərinin həyat yoldaşları ərlərinin fəaliyyətində fəal iştirak edir. Ziyalılarımızda da belədir. Rəhmətlik Hacı Zeynalabdin Tağıyev qız məktəbini ona görə açmışdı. Mirzə Cəlil də Həmidə xanımı buna görə axtarıb ailə qurmuşdu. Bu cür ailələr bir-birinə çox yardım edirlər. Amma elə insanlar da var, bundan ya faydalanmır, ya taleyi gətirmir, ya gətirir, dəxli yoxdur. Bizdə elə şey yoxdur. Ailəmin mənim siyasətimə müdaxilə etməyə qəti ixtiyarı yoxdur. Hətta o məndən soruşa bilməz ki, partiyada nə baş verib? Əli bəy nə deyir, Fazil bəy nə istəyir? Sadəcə, Mirmahmud ağa ilə yaxınıq deyə, xanımlar yığışıb hərdən dərdləşirlər. Yoxsa, mən imkan vermirəm ki, siyasətimə qarışsın.

Məncə, Siz burda demokrat deyilsiniz.

- Bu, təbiidir.

Deməli, Siz tipik azərbaycanlı ailəsisiniz...

(Siqaret əlində tüstülənir) Mən belə məsələlərdə ola bilsin ki, mühafizəkaram. İnsanların fəaliyyyətinin qarşısını almıram, sadəcə söyləyirəm, mən deyən kimi olsa, yaxşıdır. Eşidər - eşidər, eşitməz-eşitməz.

Siz siyasətçilərin içərisində fərqlənən həyat tərzinizlə ailədən çox uzaq düşürsünüz...

- Düzdür, çox uzaq düşürəm.

Bəs bu, Sizin qadınınızı sıxmır?

- Yəqin sıxır. Hökmən. Kimsə nəyisə qurban verməlidir. Ailəni, uşağı. Bir dəfə mən dedim, üzr istəyirəm, oğlum, Flora xanım (Kərimova) qayıtdı ki, daha niyə üzr istəyirsən, adam oğlunun adını çəkəndə üzr istəyər?! Mən heç o uşağın dərsi ilə də məşğul olmuram. Sadəcə, soruşuram, necədir dərslərin.

Ümumiyyətlə, istedadı var?

- Bilmirəm, Ramazan bəy öz öhdəsinə götürüb onu. Öyrədir, müəyyən fənnləri. Yoldaşı da onun dərslərinə nəzarət edir. Ərəb dili üzrə yaxşı mütəxəssisdir. Xanım çox yaxşı bir ifadə işlədib ki, bəs, uşağı incidərik, filan. Mənsə dedim ki, Azərbaycanda bir məsəl var, əti sənin, sümüyü mənim. Xanım sonra dedi ki, Əbülfəz bizə kələk gəldi, yox belə dedi, bizi aldatdı. Bir oğul verib, əti-zadı yoxdur, elə sümükdür (uğunur) .

Amma deyirlər, qızınız çox istedadlıdır.

- İstedadlı deyəndə ki çalışqandır.  Öz üzərində işləyir. Həmişə demişəm, elmi ata-ananın adıyla qazanmazlar. Elmi insan özü qazanmalıdır. Məsələn, deyək ki, sizin də yazılarınızdan çox vaxt xoşum gəlmir, amma qeyrətinizi bəyənirəm. Gecə-gündüz çalışırsınız, dişinizlə, dırnağınızla, bu cür vəziyyətdə yazırsınız, pozursunuz. Siz çox böyük fədakarlıqlar edirsiniz. Mən fədakarlığın qarşısında baş əyirəm.


Vəfa Allahverdiyeva
Ramil Hüseyn
                

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi