Modern.az

Humanist tərbiyə mədəniyyəti - II MƏQALƏ  

Humanist tərbiyə mədəniyyəti - II MƏQALƏ   

Ədəbi̇yyat

20 İyun 2018, 16:20

Buludxan Xəlilov,
Dövlət Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor


Bədii ədəbiyyatda “mərhəmət fəlsəfəsi”


Bədii ədəbiyyat humanist tərbiyə mədəniyyətini formalaşdıran ən dəyərli mənbələrdən biri olmaqla “məhəmət fəlsəfəsi”ni bütün dövrlərin nümunəsinə çevirir. Bu mənada Viktor Hüqonun “Səfillər” romanından bir məqamı xatırlamaq yerinə düşər. Din şəhərinin yepiskopu cənab Mirielin şəhərdə hamıdan yüksək maaş alsa da, hamıdan kasıb yaşayır. O öz maddi qazancını özününkü hesab etmir. Katorqadın qayıtmış Jan Valjan onun evində sığınacaq tapır. Jan Valjan bu evdəki yeganə qiymətli əşya olan gümüş çəngəl-bıçağı oğurlayır. Ancaq qaşıqlar qalır. Polis tərəfindən yaxalanan Jan Valjan Mirielin yanına gətirilir. Keşiş isə ona deyir: “Bunlar hamısı sənindir, bəs qaşıqları niyə aparmamısan?” Bununla da o, Jan Valjanı xilas edir. Onun bu mövqeyi təkcə Jan Valjanı xilas etmək üçün deyildi. Həm də Mirielin əqidəsinə görə, zinət sayıla biləcək hər şey başqalarınındır. Belə bir həyat tərzi ifrata varmaqdır. Bəli, sufilik və dərvişlik üçün səciyyəvi olan belə bir həyat tərzi Viktor Hüqo tərəfindən Fransaya transformasiya olunur. Məqsəd oxucunu maddiyyatın aludəsi olmamağa çağırmaqdır. Bütün keşməkeşlərdən, həyatın dibindən gələn Jan Valjanın çoxdan dəmirləşmiş qəlbində nəcib duyğuların yaşadığını görürük. Deməli, qayğı, sevgi, mərhəmət insan qəlbində hələ ölməmiş duyğuları oyada bilir. Məhz bu, bədii ədəbiyyat vasitəsilə daha təsirli olur.


Ədəbiyyat humanist tərbiyə mədəniyyətini formalaşdırmaqla insanları birləşdirir


Ədəbiyyat humanist tərbiyə mədəniyyətini formalaşdırmaqla insanları birləşdirir. Din, dil birliyinin məhdud bir birlik olduğunu sübut edir. Dünyanı və insanları daha müqəddəs amallar uğrunda birləşdirir. Deyilənləri Cəlaləddin Ruminin dedikləri aşağıdakı bədii parçalar təsdiq edir.

Şəfqət və mərhəmətdə günəş kimi ol,

Qüsurları örtməkdə gecə kimi ol,

Dostluq və qardaşlıqda axar su kimi ol,

Təvazödə torpaq kimi ol,

Hiddət və qəzəbdə ölü kimi ol,

Hər nə olursan-ol, ya olduğun kimi

görün, ya göründüyün kimi ol!

 

* * *

Gəl-gəl, yenə gəl! Kim olursan-ol, yenə də gəl,

istər xristian, istər məcusi, istər bütpərəst ol,

Bizim dərgahımız ümidsizlik dərgahı deyil,

Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl!

 

* * *

Əgər bəqa istəyirsən, dünyanı,

Liqa istəyirsən, uqbanı tərk et.

Əgər Allahı istəyirsən, dünyanı da, uqbanı da,

Bütün kövnü-məkanı da tərk et.

Və elə gəl bizə.


Müstəqillik dövründən sonra ədəbiyyat: problemlər, hədəflər


Müstəqilliyi əldə etdikdən sonra ədəbiyyatın qarşısında duran vəzifələr, heç şübhəsiz, öz harmoniyasını pozdu. Belə ki, yeni dövrün tələblərinə uyğun yeni münasibətlərin formalaşması, xüsusilə, keçid dövrünün gərginliklərini əks etdirən yeni ədəbiyyat və onun qarşısında duran vəzifələr öz aktuallığı ilə diqqəti özünə çəkdi. Eyni zamanda böyük ədəbiyyatın qarşısında duran böyük vəzifələr, əzəli-əbədi problemlər diqqətdən yayındı, bu istiqamətdə ədəbiyyat yorğunlunu göstərdi. Belə olduqda diqqətimizi keçən əsrin əvvəllərində böyük ədəbiyyatın inşa etdiyi məsələlər özünə çəkdi. Yenə də maraqlı tərəfi o oldu ki, gördük ki, ötən əsrin əvvəllərində ədəbiyyatda olan problemlər təkrarlanır, digər tərəfdən, zamanın özü təkrar olunur. Eyni zamanda yeni texnologiyaların gəlişi ilə yanaşı, kapitalist dünyasının açdığı yeni imkanlar yeni əxlaq, davranış, münasibətlər formasını həyatımıza gətirdi. Pulla mənəviyyat arasındakı ziddiyyət ədəbiyyat qarşısında duran vəzifələri daha da aktuallaşdırdı. Milli dərk, milli dirçəliş prosesinin başlanması tərbiyə məsələsinin özünə diqqətlə yanaşmağı tələb etdi. Eyni zamanda madiyyətlə mənəviyyat arasında ciddi mübarizə getdi. Hansını hansına qurban verməyə, yaxud da ki, hansının üstünlüyünə dəstək olmağa hazır olmaq üçün yenə də ədəbiyyatın roluna önəm vermək lazım gəldi. Yenə də humanist tərbiyə mədəniyyətinin formalaşmasında bizim klassik ədəbiyyatımızla yanaşı, Viktor Hüqonun, Balzakın, Drayzerin, Cek Londonun əsərlərinin rolu öz əhəmiyyətini itirmədi.

Azad iqtisadiyyatın, bazar iqtisadiyyatının yaranması milli ruhun, milli koloritin, humanist tərbiyənin qarşısında bir sipər kimi görünsə də, bu sipəri aşmaq məcburiyyəti ədəbiyyat qarşısında vəzifələr qoydu. Deməli, mahiyyət həmişə mahiyyətdir. O yazıçılar həmişə yaşayır ki, onlar mahiyyəti əks etdirə bilirlər. Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, C.Cabbarlı və digər sənətkarlar ona görə həmişə aktualdır ki, onların hər biri mahiyyəti qələmə almışlar. Həmin mahiyyətlər isə zaman keçdikcə təkrar olunmuş, bu isə nəticədə mahiyyəti yaşatmışdır.

Humanist tərbiyə mədəniyyətinin formalaşmasında ədəbiyyatla üz-üzə dayanan seriallar, detektivlər, qorxunc filmlər axın-axın streslər gətirir. Burada yenə də çıxış yolu dünya ədəbiyyatının, milli ədəbiyyatın klassik nümunələrini öyrənməkdir. Axı seriallar, detektivlər, qorxunc filmlər vəhşiliyi abidələşdirir. Qəddarlığı, fiziki təcavüzü, zülmkarlığı təbliğ edir.

Biz bilirik ki, cəmiyyət insanı düzgün tərbiyə etməlidir. Ancaq bununla belə, insan naqis mühitin fövqündə durmalıdır, naqis mühitə qarşı mübarizə aparmalıdır. Ona görə də insan daha zəngin olmalıdır. O, zəngin olmasa, naqis mühitə qarşı mübarizə apara bilməz. Yenə də hər şeyin mərkəzində humanist tərbiyə mədəniyyəti dayanır. Humanist tərbiyə mədəniyyətinin formalaşmasında yenə də ədəbiyyatın rolu gündəmə gəlir. Burada onu da nəzərə almaq lazımdır ki, insanların düzgün ədəbiyyat nümunələrini  seçməsini ictimai rəydə formalaşdırmaq lazımdır. Burada peşəkarların, ədəbiyyatşünasların, tənqidçilərin oynacağı rolu da diqqətdən qaçırmaq olmaz. Hər şeydən əvvəl, humanist tərbiyə mədəniyyətinin formalaşmasında ziyalının rolunu da unutmaq olmaz. Ziyalı xalqın maariflənməsinə xidmət edən insandır. Maarifləndirmək yolu ilə ziyalı bütün istəklərinə nail ola bilər. Bu yol məktəbdən keçir. Məktəbin, təhsilin həmişə diqqətə, qayğıya ehtiyacı var. Məktəbə, təhsilə diqqət, qayğı uşaqlara olan diqqət və qayğıdır. Fyodor Dostoyevskinin sözləri ilə desək “Uşaqları xüsusilə sevin, çünki onlar da məsumdur, sanki mələkdirlər, bizi fərəhləndirmək, bizim qəlblərimizi təmizləmək, bizə yol göstərmək üçün yaşayırlar”. Bizcə, Hələbdə olan bir divar üzərindəki yazı bütün dünyanı düşündürməlidir: “Ölən uşaqlardan qan yerinə neft axsaydı, bütün dünya həmin an müdaxilə edərdi”.

 

son...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır