Modern.az

Xəzər Universitetinin rektoru Con Rayder: “Biz ən bahalı universitet olmaq istəmirik” (MÜSAHİBƏ)

Xəzər Universitetinin rektoru Con Rayder: “Biz ən bahalı universitet olmaq istəmirik” (MÜSAHİBƏ)

9 Sentyabr 2011, 14:09

”...Ən yaxşı universitet olmaq istəyirik...”

Artıq neçənci dəfədir ki, dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən olan İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) dünya ali məktəblərinin reytinq cədvəlini tərtib edərkən siyahıya Azərbaycandan yalnız Xəzər Universitetinin adı salınır. Amma yaxşı ali məktəblər sırasına MDB-nin digər ölkələrinin hər birindən 3-4 və daha çox təhsil ocağı düşür. Sonuncu siyahıya Ermənistandan 4, Estoniyadan 11, Latviyadan 11, Litvadan 17, Moldovadan 4, Belarusdan 8, Qazaxstandan 7, Qırğızstandan 3 ali məktəb düşüb.
Modern.az saytının əməkdaşı Azərbaycanı dünyanın nüfuzlu ali təhsil müəssisələri sırasında təmsil edən Xəzər Universitetinin rektoru, amerikalı professor Con Rayderlə görüşərək ondan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik. 

- Cənab Rayder, dünyanın ən nüfuzlu universitetlərinin reytinq cədvəlində Azərbaycandan yalnız Xəzər Universitetinın adı var. Universitet bu uğura necə nail ola bilib?

- Artıq, Xəzər Universitetinin 20 yaşı var. Hazırda universitetin Qəyyumlar Şurasının sədri olan Hamlet İsaxanlı bu ali məktəbin əsasını qoyanda artıq o, Şimali Amerikada kifayət qədər təçrübə toplamışdı. Yəni o, akedemik struktur, kredit sistemi və başqa bu kimi məsələləri dərindən bilirdi və bu təcrübəsindən yararlanaraq Xəzər Universitetinin əsasını qoyub. Düşünürəm ki, hazırda əldə etdiyimiz bu yüksək uğurda məhz həmin təcrübənin rolu var.  

- Xəzər Universitetini Bakıdakı digər ali məktəblərdən fərqləndirən cəhətlər nədən ibarətdir?

- Düşünürəm ki, Xəzər Universitetini Azərbaycanın digər universitetlərindən fərqləndirən başlıca cəhət Şimali Amerika təhsil sisteminin və kredit sisteminin burda tam ciddiliyilə tətbiq olunmasıdır. Təbii ki, bu fərqli cəhətlərdən sadəcə biridir. Eyni zamanda, çalışırıq ki, dünya təcrübəsindən yararlanaq. Və bu amil bizim istədiyimiz nəticəyə nail olmağımıza, eləcə də Xəzər Universitetini digər universitetlərindən fərqlənməsinə xidmət edir. 

- Azərbaycan təhsilinin səviyyəsini necə qiymətləndirirsiniz? Bu sahədə çatışmayan cəhətlər hansılardır, hansı problemlər var?

- Mən bu sahədə mütəxəssis deyiləm, ona görə də Azərbaycan təhsilinin saviyyəsi barədə fikir səsləndirə bilmərəm. Digər tərəfdən bir ildir ki, Azərbaycandayam. Bu müddət ərzində isə mənim diqqətim yalnız Xəzər Universitetində olub, fikrimi ancaq burda olan problemləri həllinə yönəltmişəm. Azərbaycan təhslinin səviyyəsi haqqında şərh verməyi bacarmaram. Bununla yanaşı, burada olduğum müddət ərzində görmüşəm ki, Azərbaycanda çox yarşı tələbələr var. Bir il öncə burada bilik olimpiadası keçirildi, tələbələr öz biliklərini sərgilədilər, aralarında əla tələbələr var idi. 

Ümumi təhsilin səviyyəsinə gəlincə, deyə bilərəm ki, dünyanın mənə tanış olan bəzi yerlərində, o cümlədən də Amerika Birləşmiş Ştatlarının təhsilində də hələ problemlər var. Birləşmiş Ştatlar mənə daha çox tanış olduğu üçün deyə bilərəm ki, orta məktəblərdə müəllimlərin maaşlarının aşağı olması problemi var, eləcə də məktəblərin lazımı avadanlıqlarla təchizatı lazımı səviyyədə deyil, şagirdlərin kompüter və başqa bu kimi avadanlıqlarla təmin olunmasında da problemlər var. Şübhə etmirəm ki, bu problem dünyanın digər yerlərində də ola bilər.  

- Xəzər Universitetinin hansı yerli və xarici ali təhsil müəsisələri ilə əlaqələri var?

- Əlbəttə,  bizim universitet bir çox yerli və xarici ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Müxtəlif sahələrdə Bakıda və regionlarda olan universitetlərlə əlaqələrimiz var.  

Xarici universitetlərə gəlincə, əmin deyiləm ki, adlarını açıqlaya bilərəm. Amma bir çox universitetlərlə əlaqəmiz var. Hollandiya, Yaponiya universitetləri ilə əməkdaşlıq edirik. Hazırda çalışırıq ki, İtaliya və İspaniya universitetləri ilə yeni razılaşma əldə edək. Bundan əlavə ABŞ-ın bəzi universitetləri ilə əməkdalıq qurmağa çalışırıq, bu istiqamətdə işlər aparırıq. Amerikanın bir çox universitetləri ilə əvvəllər Xəzər Universitetinin əlaqələri olub. Kaliforniya, Harvard, Los- Ancelas kimi nüfuzlu unuversitetlərin adlarını çəkə bilərəm.   

- Bu universitetdə xarici müəllimlərin təcrübəsindən də istifadə edilir. Bu praktikanı necə qiymətləndirmək olar?

- Xəzər Universitetinə dəvət olunan müəllimlərin seçilməsi ilk növbədə onların hansı sahənin mütəxəssisi olmasından asılıdır. Məsələn, biz ingilis dili ixtisasına müəllim dəvət edəndə, çalışırıq ki, ingilis dilini yüksək səviyyədə bilən mütəxəssislər gəlsin. Digər hallarda da bu amil proqramın tələblərindən asılıdır. Biz indi Polşa Universitetlərinin birindən sosial psixologiya ixtisası üzrə müəllim dəvət etmişik.

Hazırda universitetimizdə çalışan xarici müəllimlərin sayını dəqiq bilmirəm, bu o qədər də yüksək deyil. Bizdə amerikalı, kanadalı, polşalı mütəxəssislər çalışır. Polşadan gələn müəllim qısa müddət ərzində bizim universitetdə dərs deyəcək, sonra qayıdacaq. Yəni bu sahədə göstəricilər hər il dəyişir, müxtəlif ölkələrdən, müxtəlif müəllimlər gəlir. Bu təcrübənin tətbiqi universitetdə təhsilin səviyyəsinə müsbət təsir göstəriri.

- Universitetdə tələbələrin neçə faizini əcnəbi tələbələr təşkil edir?

- Xarici tələbələrin sayı azdır. Hardasa, ümumi tələbələrimizin 15 faizini təşkil edirlər. Builki dərs ili barədə deyə bilərəm ki, hər il olduğundan yüksək tələbə qəbuluna nail olmuşuq. Belə ki, bu il Xəzər Universitetinə 426 bakalavr, 78 magistr daxil olub.   

- Bu gün Azərbaycanda nüfüzlü ali məktəblər olaraq Xəzər və Qafqaz universitetlərinin adı çəkilir. Neçə düşünürsünüz, bu, Azərbaycanda xarici ölkə təhsilinin təcrübəsinin tətbiqindən irəli gələ bilərmi?

- Bəli, bu, onların uğur qazanmasının izahı ola bilər. Hər iki universitet xarici ölkələrin təcrübəsindən istifadə edir. Həm Xəzər, həm də Qafqaz universiteti dünyaya inteqrasiya edir, onlar dünya təcrübəsindən yararlanırlar. Bu da bizim uğur qazanmağımıza kömək edir. Əsas məsələ verdiyimiz təhsilin keyfiyyəti və ciddiliyidir ki, bu da Xəzər Universitetinin ayrılmaz cəhətləridir. 
 
- Bəzən universitetinizdə təhsil haqqının yüksək olması barədə danışılır. Xəzər Universihtetində təhsil haqqı necə müyyənləşir?

- Universitetdə təhsil haqqı rəhbərlik tərəfindən müəyyənləşir, təbii ki, burada müxtəlif cəhətlər nəzər alınır. Universitetin xərcləri də nəzərə alınan amillər arasındadır. Çünki universitetin yaxşı təhsil verməsi üçün ona həm də yaxşı maliyyə imkanları lazımdır.

Biz təhsil haqqını müəyyənləşdirən zaman bazar qiymətlərini də nəzəra alırıq. Bundan əlavə çalışırıq ki, mümkün olduğu qədər təhsil haqqını aşağı salaq. Çünki biz ən bahalı universitet olmaq istəmirik, ən yaxşı universitet olmaq istəyirik. Və eyni zamanda bizim başqa yerdən maliyyə gəlirimiz olmadığı üçün xərclərimizi ödəyəcək qədər təhsil haqqı müəyyənləşdiririk.

- Xəzər Universiteti tələbələrini xarici ölkələrə təcrübə keçməyə göndərir. Onlar əsasən hansı ölkələrə və hansı universitetlərə göndərilir?

-
Siz təcrübə keçmək deyəndə nəyi nəzərdə tutursunuz, bilmirəm. İşləmək mənasında deyirsinizsə, biz xarici ölkələrə tələbə göndərmirik. Amma xaricdə təhsili nəzərdə tutursunuzsa,  bizdə xaricdə oxumaq imkanları var. Proqramlar var, tələbələrimiz Yaponiyaya, Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya və Avropanın digər ölkələrinə gedirlər. İstərdik ki, tələbələri bir az daha çox cəsarətləndirək ki, xarici ölkələrin təcrübələrindən faydalansınlar.

Sədaqət Süleymanova 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir