Modern.az

“Qızların şortda gəzməsinə hələ hazır deyilik” - Bakı metrosundakı hadisənin SƏS-KÜYÜ - VİDEO

“Qızların şortda gəzməsinə hələ hazır deyilik” - Bakı metrosundakı hadisənin SƏS-KÜYÜ - VİDEO

Aktual

20 İyun 2018, 16:57

Bakı metrosunda qısa şort geyən qızla digər sərnişinlər arasındakı mübahisəni əks etdirən videodan sonra qızların şortda gəzməsi müzakirə mövzusu olub. Qızların ictimai yerlərdə şortik geyinməsini qınayanlar da var, tərəfini tutanlar da.

Modern.az  saytı bununla bağlı bir neçə xanımın fikrini öyrənib.


Milli Məclisin deputatı  Flora Qasımova
düşünür ki, ictimai yerlərdə qızların şort geyməsi məsləhət deyil:


“Düzdür, mentalitetimizdə elə şeylər var ki, onlardan uzaqlaşmaq lazımdır. Məsələn, qız qaçırmaq adəti... Söhbət ondan gedir ki, cəmiyyətimiz hələ qızların şort geyinib gəzməsinə hazır deyil.  Çox istərdim ki,  qadınlarımız özünü əsl azərbaycanlı xanımı kimi aparsın. Geyiminə, hərəkətinə, davranışına diqqət yetirsin. Hər şeyin öz yeri var. Dəniz qırağına şortla gedirsənsə, heç kim sənə nəsə deyə bilməz. Amma ictimai yerlərdə belə olmamalıdır.

Bəzən televiziyalarda müğənnilərin və ya başqasının bu cür geyim tərzi ilə qarşılaşırsan. Ola bilər, normaldır. Lakin bəzən elə geyinirlər ki, o dəqiqə kanalı dəyişirəm. Buna yaşlı da, cavan da baxır. Bu cür şeylər bizə nümunə deyil axı. Bu, mentalitet məsələsi də deyil. Biz Azərbaycan qadını olaraq geyimimizlə, abır-həyamızla, davranışımızla fərqlənməliyik. İctimai fikri nəzərə almaq lazımdır.  Axı biz fəxr edirik ki, biz azərbaycanlıyıq. Amma hansı xüsusiyyətlərimizə görə? Qorumalı olduğumuz dəyərlərimiz var”.

“Real” TV-nin əməkdaşı  Ləman Ələşrəfqızı:

“Rusların bir filminə baxmışdım bu yaxınlarda. "Stilyaqa"larla bağlı bir filmdir. Söhbət gedir 1955-ci ildən. Komsomolçular stilyaqaları hər addımda izləyirlər. Bir gün “oblava” edib onların paltarını, saçını-başını qayçılayırlar. İndi videodakı komsomolçu xala o yolu getmək istəyir. O şortikli qız da geyimini bilməyən stilyaqalardan heç nəyi ilə fərqlənmir.

Düşünürəm ki, o bu şortiki geyinib bara getsəydi, ona heç kim pis gözlə baxmayacaq, üstünə hücum çəkməyəcəkdi. Belə geyimlə metroya düşüb, bizim cəmiyyət isə hələ buna hazır deyil. Geyimini də yaddan çıxarıb, oturuşunu, duruşunu da. Məncə ikisindən birinə mütləq əməl etməliydi”.

Psixoloq  Fərqanə Mehmanqızı deyib ki, Azərbaycan mentaliteti yalnız şortdan ibarət deyil:


“Öncə bunu böyük  hərflərlə vurğulayım ki, mən açıq-saçıq geyimə qarşıyam. Kiminsə geyiminə qarşı deyiləm, bu fikirlər şəxsimə aiddir. İstər Azərbaycanda, istərsə də ölkədən kənarda olum, mənim də geyimlə bağlı öz limitlərim var. Açıq-saçıq geyinən biri deyiləm, xüsusilə də şortlar. Xaricdə kifayət qədər bu cür geyinənlər  mövcuddur, amma bu o demək deyil ki, mən də elə geyinməliyəm. Cəmiyyətə uyğun  geyinmirəm, öz tərzim var və baxışlarıma uyğun geyimlərimi seçirəm. 

İnsanların müəyyən azadlığı var və bu azadlıq başqasının azadlığına toxunana qədərdir. Hazırda mentalitet anlayışını elə pis günə qoyublar ki... Halbuki, bu söz çox gözəldir və hər bir xalqın dəyəri deməkdir. Mentalitet toplumun genetik kodudur. Deyək ki, şort geyməyə Azərbaycan mentaliteti pis baxır. Bunu qəbul edirəm. Sən Azərbaycan dəyərlərini qoruyan bir insansan. Və ya bir kütlə var ki,  məlum videoda qıza qarşı çıxan qadının, oğlanın tərəfindədir. Yaxşı, bu mentalitet qoruyucuları niyə yaşlı qadınlar çöldə süpürgəçilik edəndə səsini çıxarmırlar? Axı özündən böyüklərin sənin ayağının altını süpürməməsi də bizim mentalitetə aiddir. Niyə ötən gün bir ata qızına təcavüz edəndə şorta qarşı çıxan həmin toplumun səsi çıxmırdı?  Məgər Azərbaycan mentalitetində belə bir şey var? Mənim mentalitetim , dəyərlərim şortdan ibarət deyil axı... Niyə qadın döyüləndə, üstünə bezin tökülüb yandırılanda o toplum buna qarşı çıxmır? Bizim mənəvi dəyərlərimizdə qadına hörmət var.

Dediyim odur ki, əziz toplum, əgər bir şeyə qarşısızsa, tam olun. Əgər sən millətçisənsə, dəyərlərinin müdafiəçisisənsə, digər dəyərlərini də qoru. Mövzu yalnız şort olmamalıdır. Şorta qarşı çıxırsansa, başqa mental dəyərlərə zidd olan  məsələlərdə də səsini çıxar. Ya birdəfəlik mənəvi dəyərlərin daşıyıcısı olmalısan, ya da susmalısan. Bu gün 16 yaşlı qız video çəkib daha sonra intihar edir. Buna üsyan et!  Mənim toplumum nə gündədir ki, nəyi qoyub, nəyi axtarır”.

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib ki,  geyim azadlıqları insanın ən təbii haqlarından biridir:

“Mən insanlara geyimlərini seçməkdə sərbəstlik verilməsinin tərəfdarıyam. Əgər şortik geyinib ictimai yerlərdə hərəkət etmək o insana (fərqi yoxdur, qadın, yaxud kişi) xoşdursa, rahatdırsa, özü belə istəyirsə, başqalarının onun istəyinə qarşı çıxması anormaldır. O başqa məsələdir ki, bəzi ölkələrdə (məsələn, İranda) ictimai yerlərdə geyimlərin forması, rəngi və s. qanunlarla tənzimlənir. Həmin ölkələrin vətəndaşları və ora gedən qonaqlar qanunların tələbinə riayət etməlidir. Yaxud da, bəzi idarələrin, özəl şirkətlərin, təhsil ocaqlarının, güc strukturlarının və s. özünəməxsus uniformaları var ki, bu da daxili əsasnamələrlə tənzimlənir. Həmin müəssisələrdə çalışan, təhsil alan insanlar müvafiq əsasnamələrin tələbinə uymalıdırlar. Əgər o uniformanı geyinmək istəmirsə, onda işini dəyişməlidir. Çünki qanunlar, nizamnamə və əsasnamələr fərdlərə xüsusi olaraq şamil edilmir, o, hamı üçündür və 1 nəfər ümumi qaydalara riayət etmək zorundadır”.

QHT sədrinin sözlərinə görə, elə cəmiyyətlər var ki, onlar insanların geyiminə, hərəkət və davranışlarına, həyat tərzinə əsla qarışmır:

“Avropa cəmiyyətlərini buna misal göstərə bilərik. Orada insanların bu qəbildən olan təbii haqlarına qarışmaq heç kəsin ağlına gəlmir, yaxud da buna tərbiyəsizlik, başqasının hüququnu  pozmaq və s. kimi baxılır. Lakin Azərbaycan o cəmiyyətlərdəndir ki, burada hamı başqalarının həyatına, geyiminə, davranışlarına və s. qarışmağı özünün ümdə vəzifəsi bilir. Azərbaycanlılar hesab edirlər ki, onlar ailədəki başqa fərdlərin, qonşuların, məktəb və iş yoldaşlarının, hətta yoldan keçən, ictimai nəqliyyatla gedən və s. hər kəsin işinə qarışa, onun şəxsinə aid olan şeylərə müdaxilə edə bilərlər. Bu, insanların tərbiyəsindən (tərbiyəsizliyindən) irəli gəlir. Hamı özünü ictimai polis kimi aparır. Heç kəs düşünmür ki, başqalarının işinə burnunu soxmaqdansa, özünü tərbiyə etsin, özünü inkişaf etdirsin, daha ali hisslərlə yaşasın.

Normal, sivil cəmiyyətlərdə hətta valideynin uşaqlarının geyim sərbəstliyinə belə qarışmaq hüququ yoxdur. Uşağa onun xoşlamadığı, geyinmək istəmədiyi geyimi zorla geyindirmək olmaz. Biz nəhayət 21-ci əsrin başa vurmaqda olduğumuz 2-ci onilliyində başa düşməliyik ki, necə geyinmək hər kəsin şəxsi hüququdur və ona hörmətlə yanaşmaq da hər bir insanın borcudur. Başqalarının geyimlərinə dözümsüz yanaşanlara qarşı da ictimai qınaqla yanaşı, inzibati tədbirlər görülməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır