Modern.az

Azərbaycan-İtaliya əlaqələrinin inkişafı yolları müzakirə edilib

Azərbaycan-İtaliya əlaqələrinin inkişafı yolları müzakirə edilib

20 İyun 2018, 18:41

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Azər Kərimli iyunun 18-20-də İtaliyada səfərdə olub.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin həyata keçirilməsində əsas məqsəd İtaliyada keçirilən sonuncu seçkilərdən sonra formalaşmış yeni parlamentdə əsas vəzifəli şəxslərlə görüşlərin keçirilməsi və dostluq qrupunun yenidən formalaşdırılması olub.

Milli Məclisin deputatı əvvəlcə İtaliya Senatının sədri Mariya Kazellati ilə görüşüb. Azər Kərimli Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını Senat sədrinə çatdırıb.

Görüşdə Senatın sədri Azərbaycanın İtaliya üçün əhəmiyyətini yaxşı başa düşdüklərini, istər hökumətlərimiz, istərsə də parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün gərəkli addımların bundan sonra da atılacağını deyib.

 

Milli Məclisin deputatı ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün rəhbərlik etdiyi işçi qrupun Azərbaycanın İtaliyadakı səfirliyi ilə birlikdə səyləri davam etdirəcəyini diqqətə çatdırıb.

Mariya Kazelatti münasibətlərin inkişafında göstərdikləri səylərə görə Azər Kərimliyə və səfir Məmməd Əhmədzadəyə təşəkkürünü ifadə edib.

Sonra deputat Azər Kərimli İtaliya Senatının xarici əlaqələr komitəsi katibliyinin rəhbəri Covanni Bayokki ilə görüşüb. C.Bayokki İtaliya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq duyduğunu və ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün böyük potensialın olduğunu ifadə edib. Deputat mövcud potensialın həyata keçiriləcəyinə əminliyini bildirib.

 

Milli Məclisin deputatı Azər Kərimli, həmçinin İtaliya senatoru Vito Petroçelli ilə görüşüb.

Həmsöhbətini sonuncu seçkilərdə partiyasının əldə etdiyi uğura görə təbrik edən deputat Azərbaycanın İtaliyanın yeni hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində münasibətləri daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.

Vito Petroçelli partiyasının ilk dəfə iqtidarda olduğunu, lakin Azərbaycan ilə münasibətlərin əhəmiyyətini yaxşı başa düşdüklərini bildirib.

Deputat Azər Kərimlinin İtaliyaya səfəri çərçivəsində parlamentlərarası dostluq qrupunun yenidən təsis edilməsi ilə bağlı rəsmi ziyafət də təşkil edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi