Modern.az

“Xanımım heç nəyə etiraz etmədi, bilirdi ki, kəlbəcərliyə ərə gəlir” - Dilqəm Əsgərovun oğlu

“Xanımım heç nəyə etiraz etmədi, bilirdi ki, kəlbəcərliyə ərə gəlir” - Dilqəm Əsgərovun oğlu

20 İyun 2018, 22:00

4 ildir erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ailə həyatı qurub.

Təzə bəy özü bu barədə Modern.az-a danışıb.

K.Əsgərov bildirib ki, onun toyu adət-ənənədən kənar, səssiz-sədasız baş tutub: “Artıq bir aya yaxındır ki, ailə həyatı qurmuşam. Uzun müddət idi ki, ailə üzvləri, qohumlar evlənməyimi istəyirdi. 8 aydır ki, atamdan nə bir məktub, nə bir xəbər alırdım. Qərara gəldim ki, evlənim, qiyabi olsa da, ona bu xəbəri verməklə sevindirim. Əslində toy olmadı. Yəni evlənsəm də toy, davul-zurna, yəni bildiyimiz ənənələr gerçəkləşmədi. Heç toy adına bir qazan asılmasına da razı olmadım. Elə istəyim bu idi ki, evlənmək xəbərimi atama yazıb onu az da olsa sevindirim, həyata bağlayım, eşidib şad olsun. Təəssüf  ki, ona uzaqdan -uzağa bu cür sevinc bəxş edə bilirəm”.

K.Əsgərov ailə qurduğu xanımın yaxın qohumu olduğunu qeyd edib: “Xanımım xalam nəvəsidir. Evlənmək təklif etdim, o da razılaşdı”.

K.Əsgərov xanımın şəklinin ictmailəşməsini istəməyib: “Bizdə elə şeylərə yaxşı baxmırlar”.

 

Təzə bəy səsssiz-səmirsiz, davulsuz-zurnasız toy edilməsinə qız evinin hər hansı etirazının olmadığını vurğulayıb:

“Qız kəlbəcərliyə “hə” deyəndə bilirdi ki, kəlbəcərlinin dediyi olmalıdır. Bizdə yazılmamış qanunlar var. Bircə arzum var ki, atamın gəlişi ilə bütün xoş günlərimizin hamısını toy-bayram edək. Atam gəlib nəvələri ilə oynasın. İstəyim budur. İnşallah Allah qismət edər, atam qayıdıb gələr. Mənim üçün atamın gəlişi toy-bayram olacaq”.

 

Xatırladaq ki, işğal altındakı Dağlıq Qarabağda öz yaxınlarının qəbrini ziyarət edən zaman Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən girov götürülüblər. Xankəndində keçirilən “qondarma məhkəmə” Dilqəm Əsgərovu ömürlük azadlıqdan məhrum edib, Şahbaz Quliyevə isə 22 il cəza kəsib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir